Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-966/2023 28.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “Göyçay rayonu, Bığır kəndində qeyri-yaşayış binasının yerləşdiyi 204,6 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 12 manat olmaqla iddiaçı ilə icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra mətndə iddiaçı və ya dövlət orqanı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh və ya cavabdeh hüquqi şəxs) qarşı “Göyçay rayonu, Bığır kəndində qeyri-yaşayış binasının yerləşdiyi 204,6 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 12 manat olmaqla iddiaçı ilə icarə müqaviləsi bağlanması öhdəliyinin X1 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə əvvəlki ərizəsinin xahiş hissəsində düzəlişlə məhkəməyə müraciət edərək “Göyçay rayonu, Bığır kəndində qeyriyaşayış binasının yerləşdiyi 204,6 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 12 manat olmaqla iddiaçı ilə icarə müqaviləsi bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, keçən məhkəmə iclası sənədlərin təqdim edilməsi üçün təxirə salınmışdır. Lakin onların elektron kabinetinə Bakıdakı baş idarə nəzarət edir. Onların kabinetə girişləri yoxdur. Ona görə də əlavə sənədləri təqdim edə bilməmişlər. O, Bakıdakı baş idarə ilə danışmışlar, iddia ərizəsi verilərkən zəruri sənədləri təqdim etdiklərini bildirdilər. İddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Göyçay rayonu, Bığır kəndində 149,8 kv.m torpaq sahəsində yerləşən qeyriyaşayış binasına tam mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, 0,02046 kv.m torpaq sahəsi isə cavabdeh hüquqi şəxsin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Göyçay rayonu, Bığır kəndində qeyri-yaşayış binasının yerləşdiyi 204,6 kv.m torpaq sahəsinə xx.xx.2022-ci il tarixli 3677 saylı icarə müqaviləsi bağlanılması təklif edilmişdir. Lakin cəmiyyətin təsisçisi Nümayəndə2 obyektin uzun müddətdir ki, heç bir fəaliyyətinin olmadığını və maddi vəziyyətinin aşağı olduğunu əsas gətirərək icarə müqaviləsini imzalamaqdan imtina etmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: çıxarış, akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu, Bığır kəndində 149,8 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tam mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, 0,02046 kv.m torpaq sahəsi isə cavabdeh hüquqi şəxsin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Dövlət orqanı həmin tikilinin yerləşdiyi torpaq sahəsini tikilinin mülkiyyətçisinə təklif etmiş, cavabdeh isə torpaq sahəsini almamış, dövlət orqanı yenidən təklif verərək qeyd edilən torpaq sahəsini satınalma hüququ ilə icarəyə götürmək təklifini cavabdehə vermiş, cavabdeh yenidəən müxtəlif bəhanələrlə müqavilə bağlamaqdan imtina etmişdir. Cavabdehin nümayəndəsi ilkin məhkəmə iclasında iştirak etmiş, məhkəmə tərəfindən müqavilə ilə bağlı qarşı tərəfin təklifinə müsbət münasibət bildirsə də, sonrakı məhkəmə iclaslarnda iştirak etməməklə faktiki olaraq barışıq yolu ilə mübahisənin həllindən imtina etmişdir. Cavabdeh hüquqi şəxs müvafiq tikinti üzərində mülkiyyət hüququ olsa da, həmin tikintinin yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququ vardır, torpaq isə dövlət mülkiyyətindədir. Göründüyü kimi, qanunvericiliyin tələbləri və prinsipləri baxımından qeyd edilən daşınmaz əmlak üzərində “məhdud hüquq və ya ikili mülkiyyət” məsələsinin hüquqi həli zəruridir. İlkin olaraq məlum olan hal odur ki, cavabdeh hüquqi şəxs müvafiq tikinti üzərində mülkiyyət hüququnun olduğunu, həmin tikintinin yerləşdiyi torpaq sahəsinin isə dövlət mülkiyyətində olmasını qəbul edir, bunu şüurlu olaraq bilir və bununla bağlı qanunvericiliyin tələblərini də şüurlu olaraq dərk edir. Ona görə də qanunvericiliyin bu istiqamətdə ortaya qoyduğu tələblərin nəzərdən keçirilməsi zəruridir. Torpaq sahəsinin mülkiyyətçisi dövlət, üzərində yerləşən tikilinin mülkiyyətçisi isə hüquqi şəxs olan Cavabdeh MMC-dir. Qeyd edilən hal, yəni, torpaq sahəsinə və onun üzərində yerləşən və ayrılmaz tərkib hissəsi sayılan tikiliyə mülkiyyət hüquqlarının hər hansı hüquqi tənzimləmə olmadan müxtəlif subyektlərə məxsus olması mülki qanunvericiliyin tənzimlədiyi məsələlər olsa da mübahisə təşkil edir və “vahid mülkiyyət” tendensiyasına zərər gətirən halların meydana gəlməsinə səbəb olur. Qeyd etdiyimiz yanaşmaya müqavilə azadlığı və “vahid mülkiyyət” anlayışlarına izah verməklə və qarşılıqlı uzlaşdırılması baxımından qiymətləndirməklə aşağıdakı qaydada aydınlıq gətirilməsi zəruridir:
1. Mülkiyyət hüququnun nisbiliyi və “vahid mülkiyyət” anlayışı baxımından;
2. Müqavilə azadlığının prinsipinin məhdudlaşdırılmasının mümkünlüyü baxımından; Mülki Məcəllənin: 135.4-ci maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 169.1. bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
244. Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir.
245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Eyni zamanda, mülkiyyət qanunvericiliyin mülkiyyət hüququna aid normalarına mahiyyəti üzrə nəzər salarkən müəyyən olunur ki, qanunvericilik mülkiyyət hüququna mütləq hüquq kimi deyil, nisbi hüquq kimi yanaşır. Belə ki, Mülki Məcəllənin 169-177-ci maddələri “Mülkiyyət hüququnun məhdudlaşdırılması” adı altında ayrıca fəsli təşkil edir ki, bu fəsildə qeyd edilən hallarda, məsələn, qonşuluq hüququnun həyata keçirilməsi və ya çıxıntılı binalar və digər hallarda mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü qeyd edilmişdir. Eyni zamanda, servitut, uzufrukt və tikintiyə vərəsəlik hüququ kimi məhdud əşya hüquqlarının sadalanması mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam) 3 ünsürünün birləşdirilməsi mümkün olmadığı hallarda, daha məhdud səlahiyyətlər çərçivəsində (məs: məhdud əşya hüquqlarında sahiblik və istifadə kimi 2 ünsür mövcuddur, ixtiyarlı şəxsin yalnızca sərəncam səlahiyyəti yoxdur) əşya hüquqlarının mövcud ola biləcəyini və hər bir halda mülki qanunvericiliyin məqsədinin mülkiyyət hüquqlarına qadağa qoyulmasına deyil, mümkün imkanlar daxilində şərait yaradaraq mülkiyyət münasibətlərinin inkişafına təkan vermək məqsədinin olmasını təsdiq edir. Hazırki vəziyyətdə dövlətə məxsus torpaq sahəsi üzərində tikili inşa edilərkən ən azından tikintiyə vərəsəlik hüququ çərçivəsində tənzimlənmə aparıla bilər. Yuxarıda qeyd edilən bütün imkanlarla bərabər Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də mülki qanunvericiliyin hüquqdan sui-istifadəni qadağa edən normaları da mövcuddur. AR Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülki Məcəllənin 152.6-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respubliksı Prezidentinin 19 dekabr 1997-ci il tarixli Fərmanı ilə torpaq sahəsinin mülkiyyətçisinin dövlət, üzərindəki tikilinin isə digər subyekt olduğu hallarda özəlləşdirilməsi qaydası aşağıdakı kimi tənzimlənmişdir: Həmin Fərmanın: 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. 3-cü bəndinə əsasən, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. 11-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.
2. Məsələnin digər tərəfinə münasibətdə məhkəmə qeyd edir ki, MM-nin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Belə ki, Mülki Məcəllənin 238-245-ci maddələrində belə müqavilə bağlanmasının zərurəti əsaslandırılır. Göründüyü kimi, qanunvericilik müqavilə bağlamaq vəzifəsinin və müqavilə bağlamağa məcburetmənin mümkünlüyünü istisna etmir. Cavabdeh MMC-nin müqavilə azadlığının olmasına və bu hüququnun məhdudlaşdırılmasının mümkün olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, müqavilə azadlığı tərəflər arasında heç bir münasibətin və ya ortaq mənafeyin olmadığı hallarda hüquq münasibətlərinə girməmişdən əvvəl subyektin azadlığını geniş şəkildə əhatə edə bilər. Digər şəxslərin hüquqlarına toxunula biləcək hər hansı şəraitin mövcudluğu isə “müqavilə azadlığı”na məhdudiyyət qoyulmasına və hətta bəzi hallarda müəyyən hüquq münasibətinə daxil olmasına məcburetməyə belə gətirib çıxara bilər. Çünki hazırki vəziyyətdə olduğu kimi, tərəflər arasında faktiki olaraq müəyyən münasibətlərin mövcudluğu qaçılmazdır və bu halda hansısa tərəfin müqavilə azadlığı prinsipinə əsaslanaraq müqavilə bağlamaqdan imtina etməsi iradə ifadəsindən qəsdən qarşı tərəfin əleyhinə istifadə edilməsinin nəticəsində mümkündür. Bu isə hüquqdan suiistifadəyə gətirib çıxarır. Çünki cavabdeh hüquqi şəxsə məlumdur ki, qeyd edilən tikilinin altıda yerləşən torpaq sahəsini birinci halda alqı-satqı yolu ilə mülkiyyətinə almalı, həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, ikinci halda onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilməli və sonuncu halda isə obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Sonuncu halın hazırkı iş üzrə baş verməsi mümkün olmur, çünki bu halda obyektin mülkiyyətçisinin hüquqları pozula bilər. Belə olan halda yuxarıda sadalanan mülkiyyət hüququnun məhdudlaşdırılması və müqavilə azadlığı ilə bağlı qanunvericiliyin prinsipləri əsas götürülməlidir. Cavabdehin bu məhdudiyyətlərə əməl etmək vəzifəsi qanundan irəli gələn öhdəlikdir. Cavabdehlə satınalma hüququ ilə icarə müqaviləsinin bağlanması onun mülkiyyət hüquqununa hər hansı müdaxilə təşkil etmir və ya onun müqavilə azadlığı hüququnu pozmur. Məhkəmə mövcud mübahisənin şərtləri və hüququn tələbləri baxımından ən ədalətli və qanuni həllini təmin etməlidir. Mülki Məcəllənin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.3-cü maddəsinə əsasən, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halıdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, dövlətə məxsus torpaq sahəsi ilk növbədə torpaq sahəsində yerləşən tikilinin sahibinə əvvəlcə mülkiyyət formasında təklif edilməli, bu mümkün olmadıqda isə satınalma hüququ ilə icarəsinə verilməlidir. Tikilinin mülkiyyətçisinin mənafelərinə aşkar surətdə zidd olan hallar mövcud olmadığı müddətcə, bu torpaq sahəsinndə mülkiyyətçinin icarə və ya digər əsas olmadan istifadəsi qanuni deyildir, əslində bu halda əsassız varlanma predmetinə çevriləcək hal mövcud olacaqdır. Cavabdeh mülkiyyətçi olaraq hazırkı vəziyyətdə onun hüquqi vəziyyətinə uyğun olan torpaq sahəsinin satınalma hüququ ilə icarə müqaviləsinin bağlanması üçün razılığa gəlməsi onun bir mülki dövriyyənin iştirakçısı kimi vəzifəsidir. Bu vəzifəsinin mövcudluğu həmin tikilini mülkiyyətinə qəbul edərkən ona məlum idi. Hazırki vəziyyətdə də aylıq 12 manat icarə haqqı müqabilində icarə müqaviləsinin bağlanmasının Cavabdeh MMC-nin hansı mənafelərinə ziyan vura biləcəyi məhkəməyə məlum deyildir, sonuncu tərəfindən bu hallar sadalanmır və sübut edilmir. Mülki Məcəllənin: 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı tələbində haqlı olduğundan iddia təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və iddia qiymətləndirilməyən iddialara aid olduğundan ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Göyçay rayonu, Bığır kəndində qeyri-yaşayış binasının yerləşdiyi 204,6 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 12 manat olmaqla iddiaçı ilə icarə müqaviləsi bağlanması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov