Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-979/2024 22.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 8300.54 manat krеdit bоrcu, 1298.24 manat faiz bоrcu və 634.25 manat cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120.7 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 027L**********56 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh2 və Cavabdeh1) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh3 24 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun ödənilməmiş 8300.54 manat əsas bоrcu, 1298.24 manat faiz bоrcu qalmış və iddiaçı borca münasibətdə 634.25 manat cərimə hesablamışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Cavabdehlər borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh3 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 1699.46 manat ödəmiş, onun 8300.54 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 283 gün üçün hesablanmış faiz borcu 1298.24 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir xx.xx.2024-cü il tarixə 283 gün üçün hеsablanmış cərimə 634.25 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 027L**********56 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, Maliyyə arayışı, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh3 24 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirsə də, Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun ödənilməmiş 8300.54 manat əsas bоrcu, 1298.24 manat faiz bоrcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışı və hesabdan çıxarış ilə təsdiq edilir. Tələbin 634,25 manat cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə əsas borcun 5 faizi həddində 400 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zaminlər uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh3 kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 8300.54 manat əsas bоrc, 1298.24 manat faiz bоrcu və 400 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 120.7 manat təşkil edir. İddiaçı 120.7 manat dövlət rüsumunu dövlət büdcəsinə ödəmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə sadəcə cərimə məbləğinə münasibətdə ona verilən hüquqlardan istifadə edərək cərimə məbləğini azaltmışdır. Bu səbəbdən 120.7 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 8300.54 manat əsas bоrc, 1298.24 manat faiz bоrcu, 400 manat cərimə borcu və 120.7 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-979/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-979/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver