Məhkəmə qərarları › İş №e-2-2(117)-98/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-98/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-98/2021 02.04.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Kredit İttifaqı MMC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilələrin ləğv edilməsi, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 90625,41 manat əsas borc, 468,23 manat faiz borcu və 10000 manat cərimə borcu olmaqla cəmi 10193,64 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 27790,57 manat əsas borc, 143,99 manat faiz borcu və 4925,46 manat cərimə borcu olmaqla cəmi 32860,02 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə Agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə Cavabdeh Kredit İttifaqı MMC müvəkkil kredit təşkilatı seçilmiş, Agentliklə Cavabdeh Kredit İttifaqı MMC arasında bağlanmış agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən müvəkkil kredit təşkilatı üçün 100000 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 50000 manat həcmini aşmamaq şərtilə kredit xətti açılmışdır. Müqavilələrin 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə 2 bank günü keçdikdən sonra Agentliyə illik 2 % ödəyir. 5.6-cı bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrə ödənilir. 6.1-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, xidmət qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizindən çox olmamaq şərti ilə cərimə ödəyir. 8.4-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı müqavilə şərtlərinə əməl etmədikdə Agentlik bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl pozmaq hüququnu öz üzərində saxlayır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 90625,41 manat əsas borc, 468,23 manat manat faiz borcu yaranmış və iddiaçı həmin borca 10000 manat cərimə borcu hesablamış, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 27790,57 manat əsas borc, 143,99 manat faiz borcu yaranmış və iddiaçı həmin borca 4925,46 manat cərimə borcu hesablamışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə uyğun olaraq cavabdehin Azərbaycan Beynəlxalq Bankı ASC-nin İsmayıllı rayon filialında olan bank hesabına xx.xx.2016-cı il tarixli müqavilə üzrə 100000 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 50000 manat pul köçürülmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirməmiş və borcun ödənilməsini gecikdirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 30.032021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiada göstərilən cərimələr həddindən coxdur. Müəssisənin maliyyə vəziyyəti cox pisdir və borcalanlarınında vəziyyəti məlum pandemiya səbəbindən cox ağırdır. İddia irəli sürüldükdən sonra 4800 manat pul ödəmişlər. Borcdan 4800 manat pulun çıxılmasını və cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilələr, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385, 386, 423, 424, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının xx.xx.2016cı il tarixli qərarı ilə Agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə Cavabdeh Kredit İttifaqı MMC müvəkkil kredit təşkilatı seçilmiş, Agentliklə Cavabdeh Kredit İttifaqı MMC arasında bağlanmış agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən müvəkkil kredit təşkilatı üçün 100000 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 50000 manat həcmini aşmamaq şərtilə kredit xətti açılmışdır. Müqavilələrin 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə 2 bank günü keçdikdən sonra Agentliyə illik 2 % ödəyir. 5.6-cı bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrə ödənilir. 8.4-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı müqavilə şərtlərinə əməl etmədikdə Agentlik bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl pozmaq hüququnu öz üzərində saxlayır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun ödənilməmiş xx.xx.2016-cı il tarixli müqavilə üzrə 90625,41 manat əsas borcu, 468,23 manat faiz borcu və xx.xx.2016-cı il tarixli müqavilə üzrə 27790,57 manat əsas borc, 143,99 manat faiz borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin müqavilələr ləğv edilməli və müqavilələr üzrə əsas və faiz borcları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin müqavilələr üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilələrin 3.1-ci bəndinə əsasən coxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərələr arasında bağlanmış müqavilələrin 6.1-ci bəndlərində tərəflər razılaşmışlar ki, müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, xidmət qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizindən çox olmamaq şərti ilə cərimə ödəyir. Göründüyü kimi, iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun 10 faizindən çox olmasa da yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 6.3cü maddəsinə əsasən Qaydalar və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin müvəkkil kredit təşklatı tərəfindən pozulması aşkar edilərsə, müvəkkil kredit təşkilatı dərhal layihədən kənarlaşdırılır. Belə olan halda borcalanlar tərəfindən öhdəliklərin yerinə yetirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı aldığı kredit vəsaitini və vəsaitdən istifadəyə görə faiz borclarını 15 gün müddətinə Xidmətə ödəyir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməyərək borc ödənilməmiş, buna baxmayaraq iddiaçı müqavilədən irəli gələn hərəkətləri etməmiş və nəticədə cərimənin artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq cərimə azaldılmalı və cavabdehdən xx.xx.2016-cı il tarixli müqavilə üzrə 10000 manat deyil, 5000 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 4925,46 manat deyil, 2000 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh Kredit İttifaqı MMC arasında bağlanmış Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələr ləğv edilsin. Cavabdeh Kredit İttifaqı MMC-dən xx.xx.2016-cı il tarixli müqavilə üzrə 90625,41 manat əsas borc, 468,23 manat faiz borcu və 5000 manat cərimə borcu olmaqla cəmi 96093,64 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 27790,57 manat əsas borc, 143,99 manat faiz borcu və 2000 manat cərimə borcu olmaqla cəmi 29934,56 manat pul tutularaq iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdeh Kredit İttifaqı MMC-dən 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar