Məhkəmə qərarları › İş №e-2-2(117)-983/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-983/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-983/2023 10.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra mətndə iddiaçı və ya İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “5669,19 manat əsas borc, 2330,04 manat faiz borcu və 100 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “5669,19 manat əsas borc, 2330,04 manat faiz borcu və 100 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tütün istehsalı üçün 9 ay müddətinə illik 8,5 faizlə Cavabdeh3 ilə aralarında xx.xx.2019-cu il tarixli TM-124/19 nömrəli kredit müqaviləsi bağlanmış və ona 15000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ZT-124/19 nömrəli və ZT- 124A/19 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Lakin müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən, iddiaçı cavabdehlərdən 5669,19 manat əsas borc və 2330,04 manat faiz borcunu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində məhkəmə bildirişi cavabdehlərə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli TM-124/19 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı QSC BOKT Cavabdeh3 illik 8,5% faizlə əsas və faiz borcları xx.xx.2019-cu il tarixədək tam ödəmək şərti ilə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür; xx.xx.2019-cu il tarixli ZT-124/19 nömrəli və ZT-124A/19 nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 borclu Cavabdeh3 xx.xx.2019-cu il tarixli TM-124/19 nömrəli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin tam şəkildə icrası üçün məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, 10500 manat əsas borcdan 5666,19 manat, faiz borcundan 494,90 manat ödəniş edilmiş, əsas borcdan 4833,81 manat və faiz borcundan 1570,06 manat ödənilməmiş borcu qalmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu iddiaçıya ödəməlidir. İddia tələbinin Əsas borca münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 5666,19 manat əsas borc tələb edir, halbuki işə əlavə edilmiş arayışda əsas borcdan ödənilmiş 5666,19 manat, qalıq əsas borc isə 4833,81 manat olduğu görünür. İddiaçı tələb etdiyi məbləği iş materiallarında olan sənədlərə uyğun olmalı və təsdiq edilməlidir. Məhkəmə bu səbəbdən əsas borcun məbləğinin 4833,81 manat təşkil edir. “2330,04 manat faiz borcunun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdehə verilmiş 10500 manat məbləğə illik 10 faiz dərəcəsi ilə hesablanmış faiz məbləği (10500*10/100=1050) 1050 manat təşkil edir. İddiaçı hazırki iddia tələbi ilə 2330,04 manat borcun ödənilməsini tələb edir ki, bunda da haqlı deyildir. 1050 manat ödənilməli faiz məbləğindən cavabdeh tərəfindən 494,90 manat ödəniş edilmiş, qalan 555,10 manat faiz borcu ödənilməmiş qalmışdır. Odur ki, qeyd edilən 555,10 manat faiz məbləği cavabdehdən tutulmalıdır. iş üzrə cavabdeh bununla bağlı hər hansı bir etirazını məhkəməyə təqdim etməmiş, əsas və ya faiz borcunu mübahisələndirməmişdir. Ona görə də bununla bağlı mübahisə olmadığından məhkəmə həmin faiz məbləğinin öz təşəbbüsü araşdırılması ilə bağlı əlavə hər hansı prosessual hərəkətin edilməsini zəruri hesab etmir. İddia tələbinin zaminlərə qarşı iddia irəli sürülməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli TM-124/19 nömrəli kredit müqaviləsinin təmini olaraq eyni tarixdə xx.xx.2019-cu il tarixli ZT-124/19 nömrəli və ZT-124A/19 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2019-cu il tarixli TM-124/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən, məhkəmə hesab edir ki, zaminə qarşı iddia irəli sürmək müddəti də bitmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilən maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminlərə qarşı iddia ən geci müqavilənin bitdiyi xx.xx.2020-ci il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Həmin maddənin sonrakı bəndlərində müəyyən edilən müddət, müvafiq olaraq bir il və iki illik müddət də artıq ötmüşdür. Qeyd edilən müddətlər isə iddia müddəti deyil, kəsici müddətdir. Həmin müddətlər məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci tarixli Qərarında da qeyd edildiyi kimi, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 4833,81 manat əsas borc və 555,10 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 91,64 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən ödənilməli dövlət rüsumunun 12,05 manatı iddiaçıdan, 79,59 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənildiyindən və onu cavabdehdən tələb etdiyindən mediasiya xərcinin 86,85 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 4833,81 manat əsas borc, 555,10 manat faiz borcu və 86,85 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməli dövlət rüsumunun 12,05 manatı iddiaçıdan, 79,59 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar