Məhkəmə qərarları › İş №e-2-2(117)-997/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-997/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-997/2025 02.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı1 və İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 1800 manat, Cavabdeh2 44 270 manat məbləğində pulun və ödənilmiş 231 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh1 1800 manat, Cavabdeh2 44 270 manat məbləğində pulun və ödənilmiş 231 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar, yəni İddiaçı2 və İddiaçı1 uzun müddətdir ki, şərikli olaraq pomidor şitillərinin topdan satışı ilə məşğuldurlar. Göyçay rayon, Mırtı kənd sakinləri olan cavabdehlərlə bir neçə ildir ki, alver etmişlər. xx.xx.2021-ci il tarixdə İddiaçı1 Göyçay rayonu, Mırtı kəndində Cavabdeh2 142.900 ədəd hər biri 0.30 manat olmaqla pomidor şitili satmışdır. Şifahi razılaşmaya əsasən Ayaz onlara 42.870 manat pul verməli idi. Bundan əlavə, Cavabdeh2 əvvəllər onlara borclu olduğu 1.400 manat pulu da verməli idi. Lakin sonradan onlar verilən şitillərin deyilən növə aid olmadığını, məhsuldarlığın aşağı olmasını və digər bəhanələri əsas gətirərək pulu verməkdən imtina etdilər. Bununla da, Cavabdeh2 44270 manat, Cavabdeh1 isə ödənilməmiş 1800 manat borcu yarandı. Həmin müraciətin Sabirabad RPŞ-də araşdırılması zamanı izahatları alınmış cavabdehlər eyni məzmunlu izahat verərək bildirmişlər ki, X1 20 ildir tanısa da, İddiaçı2 tanımır. İddiaçı1 pomidor şitillərini alıb Mırtı kənd sakinlərinə satır. xx.xx.2021-ci il tarixdə İddiaçı1 142000 ədəd pomidor şitilini hər birini 0.30 manata razılaşdırılmaqla almış və 0.32 manata kənd sakinlərinə paylamışdır. Sakinlər 2 aydan sonra məhsul yığımı zamanı şikayətlənməyə başlamış, pomidor şitillərinin məhsul vermədiyini bildirmişdir. Kənd sakinləri pulu verməmiş, əksinə dəymiş zərərlə bağlı pul tələb etmişlər. O, həmin adamları aldatmamış, kənd sakinlərindən pulları yığa bilmədiyinə görə borclu qalmışdır. Bu hadisədən sonra iddiaçılar cavabdehlərdən pullarını tələb etsələr də, cavabdehlər müxtəlif bəhanələrlə pulu verməkdən yayınmış, ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən tələblərinin təmin edilməsini xahiş etmişlər.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 389.1-ci, 425.1-ci, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 35.1-ci, 149-cu, 150-ci maddələri göstərilmişdir.

4. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, 2021-ci ilin payız aylarında iddiaçılar ona müraciət edərək satdıqları pomidor ştillərini yaşadığı Göyçay rayonu, Mırtı kəndində yaşayan və pomidor əkini ilə məşğul olan kənd camaatına satmaqda kömək göstərməsini xahiş etmişlər. Həmin ilin yaz aylarında kənd camaatına pomidor ştillərini iddiaçılardan almağı məsləhət görmüş, ona inandıqlarından etiraz etməmişlər. Onun köməyilə iddiaçılar ştillərin pulunun kənd sakinləri tərəfindən məhsul satışından sonra ödənilməsi şərtilə Mırtı kəndinin bir çox sakininə pomidor ştili sata bildilər. Təxminən 3 ay sonra mövsümlə əlaqədar pomidor satışı zamanı məlum olmuşdur ki, kənd sakinlərinə satılmış pomidor ştilləri yetişmiş, lakin məhsul olmadığından yığım mümkün olmamışdır. Məhsul yetişmədiyindən kənd sakinləri ştillərin pulunu ödəməkdən imtina etmişdir. İddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-897/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir

6. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-997/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

İİ. Tərəflərin mövqeləri:

7. Cavabdeh2 xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirdi ki, 142 000 ədəd ştil almış, ştilin pulu 42 870 manat edir. Həmin puldan 2000 manat Göyçayda Azərə vermişdir. Buna dair dəftərdə qeydiyyat var, dəftər maşındadır, məhkəməyə təqdim edə bilər. Azər ona deyib ki, ştili paylasa ona da həmin puldan verəcək. Səfər bəy isə onun şəriki olmayıb, o, Azər müəllimi 10 ildən çoxdur ki, tanıyır. O, tək işləyirdi. Ştildən kənd camaatı narazı qalmışdı. Bunu Azər müəllimə də demiş, o isə buna əhəmiyyət verməmişdir. Ştilin pulu kənd camaatındadır, onda deyil. Azər müəllim ala bilirsə, özü alsın. Onun maddi imkanı yoxdur. Növbəti məhkəmə iclasında iştirak etməyəcək. 2000 manat ödənişlə bağlı sübutunun olmadığını bildirmişdir. Ştilə görə əvvəllər 1400 manat borcu qalmışdır. İddiaçının iddiası əsassızdır.

8. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iş kifayət qədər araşdırılmış və zəruri sübutlar tərəflərindən məhkəməyə təqdim edilmişdir. Mübahisə predmeti olan 142 900 ədəd pomidor ştili iddiaçılar tərəfindən ədədi 30 qəpikdən olmaqla Cavabdeh2 satılmışdır. Keçən məhkəmə iclasında da Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddiaçılara 1800 manat borcu olduğunu etiraf etdiyindən hesab edirlər ki, iddia tələbinin bu hissəsində sübutetmə vəzifəsindən azaddırlar. İddia tələbini müdafiə edirlər və təmin edilməsini məhkəmədən xahiş edirlər.

9. İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında vəkillərinin dedikləri ilə razı olduğunu və iddia tələbinin təmin edilməsini xahiş etdiklərini bildirdi.

10. İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında vəkillərinin dedikləri ilə razı olduğunu və iddia tələbinin təmin edilməsini xahiş etdiklərini bildirdi.

11. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əmisi hazırkı iclasda xəstə olduğundan iştirak edə bilmədi. Atasının isə iddiaçılara 1800 manat borcu var. Həmin borcu da hazırda ödəməyə maddi imkanları yoxdur. O, həmin vaxtlar əmisinin yanında fəhlə kimi işləmişdir. Ştilin paylanmasında iştirak etmişdir. Hazırda özü də əkinlə məşğul olur, ştilləri başqa yerdən alıb əkmiş və yaxşı məhsul əldə etmişdir. Demək istədiyi odur ki, iddiaçıların o vaxt satdığı ştillər keyfiyyətli olmadığından bar gətirməmiş, buna görə də atası borcu ödəyə bilməmişdir. Ancaq 1800 manat borcu qəbul edirlər.

12. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Sübutların tədqiqi:

15. İşdə olan AR Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis şöbəsinin 19 aprel 2025ci il tarixli 3-13-103/2-11308/2025 nömrəli məktubu ilə Göyçay rayon Məhkəməsinin sorğusuna münasibət bildirilərək məhkəməyə təqdim edilmiş izahatlardan görünür ki, Cavabdeh2 İddiaçı2 şəxsən tanımadığını, ondan heç vaxt ştil almadığını, onun bildiyi qədərilə Azərin şəriki olduğunu, İddiaçı1 20 ildən artıq müddətdir tanıdığını, son 3 il ərzində ondan pomidor ştilləri aldığını və Göyçay rayonu Mırtı kənd sakinlərinə satdığını bildirmişdir. 2021-ci ilin 9 iyul tarixində Azər yük avtomobili ilə Mırtı kəndinə gətirdiyi pomidor ştillərindən 142 000 ədədini hər birini 30 qəpikdən alıb kənd sakinlərinə 32 qəpikdən payladıb. Sakinlər 2 aydan sonra məhsul yığımı zamanı ştillərdən şikayətlənərək həmin ştillərin keyfiyyətsiz olduğunu, bar vermədiyini, bu səbəbdən kənd sakinlərinin aldıqları ştillərin pulunu vermədiklərini və onun da Azər Mehtiyevə borcu qaldığını bildirmişdir (xx.xx.2021-ci, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli izahatlar).

Vİ. Məhkəmənin mövqeyi:

16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

18. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

19. İşin müəyyən olunmuş halları və tərəflərin izahatları ilə təsdiqini tapmış mübahisələndirilməyən halı tərəflər arasında pomidor ştilinin alqı-satqısı ilə bağlı münasibətlərin mövcud olmasından ibarətdir.

20. İşin mübahisələndirilən hallarına isə cavabdehlərin iddiaçılara borcunun mövcud olub-olmaması halı aiddir. Ona görə də məhkəmə tərəflərin izahatlarına əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.

21. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçılar müştərək tələblə eyni cavabdehlərə qarşı iddia qaldırdıqlarından və bu tələb iddiaçılar arasında yazılı müqavilə əsasında deyil, şifahi razılaşmaya əsasən şərikli biznes fəaliyyəti ilə bağlı olduğundan iddia məhkəmənin icraatına qəbul edilib baxılmışdır.

22. Belə ki, tərəflərin izahatları qarşılıqlı şəkildə araşdırıldıqda göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə fəaliyyətlə məşğul olaraq şərikli qaydada pomidor ştillərini şifahi razılaşmaya əsasən cavabdehlərə satmışlar. Cavabdeh1 nümayəndəsi 1800 manat borcunun olduğunu qəbul etmiş, digər Cavabdeh2 isə İddiaçı1 tərəfindən verilmiş ştilləri kənd sakinlərinə satdığını və həmin ştillərin keyfiyyətsiz olduğunu, bar vermədiyini, bu səbəbdən kənd sakinləri tərəfindən həmin ştillərin pulunun ödənilməsindən imtina edildiyi, ona görə də borcunu ödəmədiyini, ştillərin pulunun kənd sakinlərində olduğunu, iddiaçının onlardan almalı olmasını, eyni zamanda əvvəlki dövrdən 1400 manat borcunun qaldığını, 42 870 manat ştilin pulundan 2000 manat ödəniş etdiyini, lakin sübutunun olmadığını bildirmişdir. Qeyd edilən hallardan göründüyü kimi iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Belə ki, tərəflər arasında pomidor ştillərinin alqı-satqısı ilə bağlı münasibətlərin yaranması, iddiaçılar tərəfindən Cavabdeh2 42 870 manat dəyərində ştil satıldığı, qeyd edilən cavabdeh tərəfindən həmin borcdan ödəniş edilmədiyi tərəflərin izahatları ilə öz təsdqini tapır. Cavabdeh sonradan məhkəmə iclasında verdiyi izahatında həmin borcdan 2000 manat ödəniş etdiyini bildirsə də, bunu təsdiqləyən hər hansısa sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həmin ştillərin keyfiyyətsiz olduğundan bar vermədiyini bildirsə də, bu halı və iddiaçıların həqiqətən təqsirli olmasını təsdiqləyən hər hansısa sübut məhkəməyə təqdim etməmişdir.

23. Göründüyü kimi cavabdehlər şifahi qaydada üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirmədiklərindən Cavabdeh1 1800 manat və Cavabdeh2 44 270 manat məbləğində borcu qalmışdır ki, bu hal tərəflərin izahatları ilə öz təsdiqini tapır. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında əkilmiş pomidor ştillərinin bar vermədiyini və keyfiyyətsiz olduğunu bildirsə də, bununla bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir.

24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

25. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

26. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

27. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

28. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəf qeyd edilən borcun mövcudluğu ilə bağlı məhkəməyə iddia tələbi irəli sürmüş, Cavabdeh2 isə 42 870 manat ştilin pulundan 2000 manat ödədiyini, eyni zamanda həmin ştilin keyfiyyətsiz olduğunu bildirsə də, qeyd etdiyi halları təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

29. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh1 1800 manat və Cavabdeh2 44 270 manat məbləğində borc tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

30. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 228.21 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən iddia tələbinə uyğun olaraq Cavabdeh1 38 manat məbləğində dövlət rüsumu, Cavabdeh2 190.21 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada ödənilməli, artıq ödənilmiş rüsum isə iddiaçılara aid edilməlidir.

Vİİİ Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh1 1800 manat məbləğində borc, 38 manat məbləğində dövlət rüsumu, Cavabdeh2 44 270 manat məbləğində borc və 190.21 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar