Məhkəmə qərarları › İş №e-2-2(119)-1002/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1002/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1002/2025 21.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 1413,84 (min dörd yüz on üç manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 34,2 manat (otuz dörd manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 24 fevral 2012-ci il tarixli icarə müqaviləsi imzalanmış və illik icarə haqqı vergilər xaric olmaqla 3000 manat məbləğində müəyyənləşdirilmişdir. Həmin müqaviləyə əsasən 300 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün iddiaçının istifadəsinə verilmişdir. Cavabdehin tələbi əsasında mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti 26 yanvar 2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Buna görə 27 dekabr 2022-ci il tarixdə ödənilmiş bir illik icarə haqqının 26 yanvar 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixinə qədər 172 gün üçün olan hissəsi, yəni 1413,84 manat (3000/365=8,22x172 gün=1413,84) iddiaçıya geri qaytarılmalıdır. Bununla bağlı cavabdehə 17 aprel 2025-ci il tarixdə pretenziya məktubu göndərilmiş, lakin həmin pul vəsaiti hazırkı vaxtadək qaytarılmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 04 iyul 2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 1413,84 (min dörd yüz on üç manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının və ödənilmiş 34,2 manat (otuz dörd manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən ididaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizələrin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış torpaq sahəsinin icarəsi müqaviləsinə əsasən 1 illik icarə haqqı əvvəlcədən ödənilmişdir. 27 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən, 3000 manat məbləğində vəsait cavabdehə ödənilmişdir. Lakin cavabdehin tələbi ilə icarə sahəsi tərk edilmiş, faktiki olaraq 26 yanvar 2023-cü il tarixində icarə münasibətlərinə xitam verilmişdir. Buna baxmayaraq artıq ödənilmiş məbləğ cavabdeh tərəfindən geri ödənilməmişdir. Cavabdeh qeyd edir ki, müqavilədə icarə haqqının artırılması nəzərdə tutulmuşdur. Lakin müqavilədə qeyd edilən müddəa icarə haqqının məbləğinin 3 ay sonra yenidən müzakirə edilməsi məzmununda olmuşdur. Digər tərəfdən cavabdehin təqdim etdiyi sənədlərdə ziddiyyətlər mövcuddur. Belə ki, cavabdeh tərəf bir tərəfdən elektron qaimə-fakturanı təqdim edir, digər tərəfdən isə icarə haqqının artırılması ilə bağlı müqaviləyə istinad edir. Eyni zamanda cavabdehin təqdim etdiyi sənəddə tərəflərin icarə müqaviləsinə xitam verilməsi ilə bağlı razılıq əldə etdiyi və tərəflərin birbirinə qarşı hər hansı iddiasının mövcud olmadığı qeyd edilsə də, müvafiq sənəd iddiaçı tərəfindən imzalanmamışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 20 iyun 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi izahatında bildirmişdir ki, iddianı qəbul edir. Tərəflər arasında sahənin icarəyə verilməsi haqqında müqavilə 24 fevral 2012-ci il tarixində bağlanılmışdır. Lakin iddiaçı yalnız müvafiq quraşdırma işlərini bitirdikdən sonra icarə haqqını ödəməyə başlamışdır. Müqavilədə hər 3 ildən bir icarə haqqının artırılması məsələsinin müzakirə edilməsi ilə bağlı müddəa mövcuddur. Lakin bu müddəadan istifadə edilməmişdir. İcarə haqqı ödənişləri gecikdirildildiyi halda həftəlik 1,5 əmsalla hesablama apararaq müvafiq gecikdirmə pulu iddiaçıdan tələb edilməmişdir. İddiaçıya 2022-ci ilin iyun ayından dekabr ayınadək olan dövrü əhatə edən icarə haqqı məbləğini əks etdirən 1250 manat məbləğində elektron qaimə-faktura təqdim edilmişdir. Lakin dekabr ayının 27-də iddiaçı tərəfindən 18 iyun 2022-ci il tarixindən 18 iyul 2023-cü il tarixinədək olan müddəti əhatə edən 3000 manat məbləğində vəsait ödənilmişdir. Müvafiq hal iddiaçının mühasibinin yol verdiyi səhv nəticəsində yaranmışdır. 26 yanvar 2023-cü il taixində isə tərəflər arasında razılığa əsasən icarə obyekti olan sahə cavabdehə təhvil verilmişdir. İddiaçı, ilk növbədə elektron qaimə-faktura üzrə borcunu ödəməli idi. Cavabdeh daha sonra yenidən elektron qaimə-fakturanı iddiaçıya təqdim edə bilərdi. Müqaviləyə xitam verilməsi barədə 11 may 2023-cü il tarixli razılaşma sənədi cavabdeh tərəfindən imzalansa da, iddiaçı tərəfindən təsdiqlənməmişdir. İddia məbləğini qəbul edir, lakin iddia məbləğini bütövlükdə ödəməyə maddi imkanı yoxdur. Eyni zamanda cavabdeh iddiaçıya xeyli güzəşt etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 24 fevral 2012-ci il tarixli 2444 nömrəli sahənin icarəyə verilməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən (Cavabdeh ASC) Qusar rayonu, H.Ərəblinski-47 ünvanında yerləşən, 300 m2 əhatə edən ərazini icarəçiyə (İddiaçı MMC-yə) icarəyə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarə müddəti 5 ildir. Başlanma tarixi 24 fevral 2012-ci ildir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, hazırkı müqavilə müddətinin bitməsinə ən azı 3 ay qalmış tərəflərdən biri digər tərəfi bu müqavilənin uzadılmasına dair əvvəlcədən yazılı qaydada öz etirazını bildirmədiyi təqdirdə, müqavilənin 2.1-ci bəndində qeyd olunmuş müddətin avtomatik olaraq eyni müddətə uzadılması baş verəcəkdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, razılaşdırılmış illik icarə haqqı 3000 manat təşkil edir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər bu müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədikləri və ya lazımi qaydada yerinə yetirmədikləri halda qanunvericilikdə nəzərdə tutulan qaydada tam məsuliyyət daşıyırlar. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında və yaxud bir tərəfin tələbi əsasında xitam verilə bilər. İş materiallarında olan sahənin təhvil-təslim aktından məzmunundan aydın olur ki, icarəyəgötürən "xxxx" MMC-yə məxsus qurğu və avadanlıqlar sahədən götürülmüş, ərazidə olan beton hissələrinin qalmasına etiraz yoxdur, həmin sahə yararlı vəziyyətdə icarəyəverənə təhvil verilmiş, təhvil verilən sahə üzrə qüsur və çatışmazlıqlar aşkar edilməmişdir. Məzmunundan aktın xx.xx.2023-cü il tarixdə imzalandığı aydın olur. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli 15779 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-nin hesabına 3000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan yalnız Cavabdeh ASC-nin möhürü ilə təsdiqlənmiş 11 may 2023-cü il tarixli İddiaçı MMC ilə Qusar-Avtonəqliyyat ATSC arasında 24 fevral 2012-ci il tarixli QUB2779 nömrəli sahənin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsi haqqında razılaşmanın 2-ci və 3-cü bəndlərinə əsasən, həm icarəçi, həm də icarəyə verən bununla razılaşma tarixi üçün müqaviləsi üzrə digər tərəfin qarşısında borcun olmamasını təsdiq edir; tərəflərdən heç birinin hazırkı razılaşmanın tarixinə qədər digər tərəfə qarşı heç bir maddi/və ya qeyri-maddi iddiası yoxdur. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubun məzmununda “........."Bakcell” MMC ilə “Qusar-Avtonoqliyyat" ASC arasında müqavilənin 24 dekabr 2022-ci il tarixdən xitam verilməsi və aralarında heç bir maddi/və ya qeyri-maddi iddianın olmayacağını təsdiqləyən 11 may 2023-cü il tarixli yekun razılaşma olmuşdur. İndiki halda 2 (iki) ildən artıq bir müddət keçdikdən sonra "xxxx" ASCyə pretenziyanın bildirilməsi yuxarıda qeyd etdiklərimizlə uyğun gəlmədiyi nəzərə almağınız xahiş edirik” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 697.3-cü maddəsinə əsasən, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 24 fevral 2012-ci il tarixli 2444 nömrəli sahənin icarəyə verilməsi müqaviləsi üzrə Cavabdeh ASC Qusar rayonu, H.Ərəblinski-47 ünvanında yerləşən, 300 m2 əhatə edən ərazini İddiaçı MMC-yə icarəyə vermişdir. 27 dekabr 2022-ci il tarixli 15779 nömrəli ödəniş tapşırığına əsasən, iddiaçı tərəfindən cavabdehin hesabına 18 iyun 2022-ci il tarixindən 18 iyul 2023-cü il tarixinədək olan müddəti əhatə edən bir illik icarə haqqı, yəni 3000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Tərəflər arasında icarə münasibətlərinə 26 yanvar 2023-cü il tarixindən xitam verildiyindən (tərəflərin nümayəndələrinin izahatı ilə təsdiq edilir) iddiaçı 26 yanvar 2023cü il tarixdən 18 iyul 2023-cü il tarixinə qədər olan dövrü əhatən edən, yəni 172 gün üçün olan hissəni (3000/365=8,22x172 gün=1413,84 manat) 1413,84 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdehin qanuni təmsilçisi tərəfindən təqdim edilmiş 11 may 2023-cü il tarixli İddiaçı MMC ilə Qusar-Avtonəqliyyat ATSC arasında 24 fevral 2012-ci il tarixli QUB2779 nömrəli sahənin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsi haqqında razılaşmaya və Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktuba (məktubda tarix qeyd edilməmişdir) münasibətdə məhkəmə qeyd edir ki, həmin sənədlər birtərəfli xarakterli olmaqla, cavabeh tərəfindən tərtib edilərək yalnız onun tərəfindən təsdiq olunmuş, üstəlik həmin sənədlərin iddiaçıya göndərilməsi və (və ya) iddiaçı tərəfindən alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Buna görə də, cavabdehin qanuni təmsilçisinin həmin sənədlərə istinad edərək irəli sürdüyü dəlillər əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, 1413,84 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 325 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş iddiaçının qanuni təmsilçisi ilə vəkil Nümayəndə2 arasında bağlanmış 03 iyul 2025-ci il tarixli EM-2814VK-34796/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 325 manat məbləğində müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 325 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə təmin edilməlidir. Bunlardan əlavə, iş materiallarında olan 23 may 2025-ci il tarixli **********87 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 34,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən 34,2 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1413,84 manat məbləğində əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 325 manat məbləğində xidmət haqqının və 34,2 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1773,04 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 1413,84 (min dörd yüz on üç manat, səksən dörd qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının və 34,2 (otuz dörd manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1773,04 (min yeddi yüz yetmiş üç manat, dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar