Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1005/2021 28.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında 17 noyabr 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdehlə gözəllik salonunun işlədilməsi ilə əlaqədar birgə əməkdaşlıq məqsədi ilə müqavilə bağlandığı tarixdən iki ay sınaq müddətindən sonra – 17 yanvar 2020-ci il tarixdən 1 (bir) il müddətinə cavabdehə iddiaçı tərəfindən hər ay 800 (səkkiz yüz) manat olmaqla cəmi 9.600 (doqquz min altı yüz) manat ödənilməli, vəsaitin 4.800 (dörd min səkkiz yüz) manatının 17 noyabr 2019-cu il tarixdən, 11 iyul (2020-ci ilin) tarixdə isə qalan hissəsi ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə görə əgər Cavabdeh aldığı məbləğ müqabilində göstərilən vaxtdan tez müqaviləni pozarsa, ödənilən məbləği tamamilə geri qaytarmalı, iş prosesində əldə olunan vəsait tərəflər arasında yarı-yarıya bölünməli, iş saatı isə saat 11:00-dan saat 7:00 (19:00)-dək olmalı idi. İddiaçı Cavabdeh ilə bağlanmış birgə əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirərək, 20 dekabr 2019-cu il tarixdə 1.000 (bir min) manat, 17 yanvar 2020-ci il tarixdə isə daha 1.000 (bir min) manat məbləğini ödəmişdir. Bununla yanaşı, Cavabdeh ailə vəziyyəti ilə əlaqədar etdiyi xahişi əsasında ona vaxtından əvvəl əlavə olaraq 2.000 (iki min) ABŞ dolları və 1.400 (min dörd yüz) manat məbləğində də pul vəsaiti verilmişdir. Lakin bundan qısa bir müddət sonra – 2020-ci ilin mart ayından Cavabdeh 17 noyabr 2019-cu il tarixli əməkdaşlıq müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini kobudçasına pozaraq əməkdaşlıqdan imtina etmiş, aldığı pul vəsaitini geri qaytarmaqdan yayınmışdır. Cavabdehə pulun qaytarılması ilə bağlı dəfələrlə müraciət edilsə də, o, buna heç bir məhəl qoymayaraq öhdəliklərini yerinə yetirməmiş və aldığı pulları bu günə qədər geri qaytarmamışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə göndərilən xəbərdarlıqlar da heç bir müsbət nəticəni verməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə öhdəliyi üzrə Cavabdeh tərəfindən gecikdirilmiş 1 (bir) il 6 (altı) ay vaxtı üçün isə iddiaçıya olan faiz borcu illik beş faiz olmaqla müvafiq olaraq 255 (iki yüz əlli beş) manat (3.400 AZN / 100 = 34 AZN x 5 % x 1,5 ilə = 255 AZN) və 150 (bir yüz əlli) ABŞ dolları (2.000 ABŞ / 100 = 20 ABŞ dolları x 5 % x 1,5 ilə = 150 ABŞ dolları) təşkil edir. İddianın məhkəməyə verilməsi ilə bağlı çəkilmiş əlavə xərclərin əvəzi 46 (qırx altı) manat təşkil edir (31 (otuz bir) manat ödənilmiş dövlət rüsumu və 16 (on altı) manat notariat xərcləri). Bununla da göründüyü kimi, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün Cavabdeh maddi zərər qismində gecikdirilmiş vaxt üçün illik beş faizlə ümumilikdə müvafiq olaraq 3.655 (üç min altı yüz əlli beş) manat və 2.150 (iki min yüz əlli) ABŞ dolları məbləğində olan borcu, əlavə xərclərin əvəzi qismində isə 46 (qırx altı) manat məbləğində pul vəsaiti tutulub iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh ilə aralarında bağlanmış 17 noyabr 2019-cu il tarixli müqaviləyə xitam verilməsi; həmin müqavilə üzrə yaranmış borc qismində 3.400 (üç min dörd yüz) manat və 2.000 (iki min) ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faizi qismində müvafiq olaraq 255 (iki yüz əlli beş) manat və 150 (bir yüz əlli) ABŞ dolları olmaqla cəmi 3.655 (üç min altı yüz əlli beş) manat və 2.150 (iki min yüz əlli) ABŞ dolları məbləğində olan borcu, ödənilən əlavə xərclər qismində isə 46 (qırx altı) manat məbləğində pul vəsaitinin tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında 17 noyabr 2019-cu ildə gözəllik salonunun işlədilməsi ilə əlaqədar əməkdaşlıq məqsədilə müqavilə bağlanıb, cavabdeh gözəllik salonunda usta işləyib. O, iddiaçıdan xahiş edib ki, müəyyən problemləri olduğundan ona əvvəlcədən ödəniş olunsun. İş prosesində əldə olunan gəlirlər isə yarıbayarı bölünəcəkdi. Müqavilənin imzalandığı tarixdən iki ay sınaq müddəti bitdikdən sonra, 17 yanvar 2020-ci il tarixdən bir il müddətinə qədər iddiaçı tərəfindən hər ay 800 manat olmaqla ümumilikdə, 9.600 manat cavabdehə vəsait ödənilməli, cavabdeh isə müqaviləni pozarsa, həmin vəsait onun tərəfindən tamamilə geri qaytarılmalı idi. Sonradan cavabdeh problemləri olduğu üçün 2 dəfə 1000 manat olmaqla ona pul verilməsini iddiaçıdan xahiş edib. Eyni səbəbdən cavabdeh iddiaçıdan sonralar da 2.000 dollar və 1.400 manat məbləğində pul vəsaiti alıb. Bununla əlaqədər həmin pul vəsaitinin verildiyi vaxt çəkilmiş video görüntülər var. Həmin video görüntülərin çəkilməsinə cavabdeh etiraz etməyib. Video görüntülərdən açıq şəkildə cavabdehə nə qədər pul vəsaiti verildiyi məlum olur. Pul vəsaitini cavabdehə təqdim edən şəxs İddiaçı yeznəsidir. Video görüntüdən cavabdehə 1.400 manat verildiyi məlum olur. 2 dəfə 1000 manat olmaqla verilmiş pul vəsaiti almasını cavabdeh müqaviləyə imza çəkərək təsdiq edib. Lakin bir müddət işlədikdən sonra o, işə gəlməkdən yayınaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib. Bununla əlaqədar iddiaçı əlaqə saxlayıb ona işini davam etdirməsini və ya verilmiş pul vəsaitlərinin geri qaytarmasını tələb edib. Buna baxmayaraq, Cavabdeh müxtəlif bəhanələrlə işə gəlməkdən və pul vəsaitlərini geri qaytarmaqdan yayınıb. O, yalnız məhkəmə qətnaməsi olduğu halda həmin pul vəsaitini ödəyəcəyini bildirib. Vəkil qeyd etdi ki, onda olan məlumata görə hal-hazırda cavabdeh Azərbaycanda deyil, ölkə xaricindədir. Göstərilənləri nəzərə alaraq o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı iki ay sınaq müddətindən sonra – 17 yanvar 2020-ci il tarixdən 1 (bir) il müddətinə cavabdehə iddiaçı tərəfindən hər ay 800 (səkkiz yüz) manat olmaqla cəmi 9.600 (doqquz min altı yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Vəsaitin 4.800 (dörd min səkkiz yüz) manatının 17 noyabr 2019-cu il tarixdən, qalan hissəsinin isə 11 iyul (2020-ci ilin) tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə görə əgər Cavabdeh aldığı məbləğ müqabilində göstərilən vaxtdan tez müqaviləni pozarsa, ödənilən məbləği tamamilə geri qaytarmalıdır. Həmin müqavilədən görünür ki, Cavabdeh 20.12.2019-cu il tarixdə 1000 manat, 17.01.2020-ci il tarixdə 1000 manat məbləğində pul almışdır. Məhkəməyə təqdim olunmuş vido görüntüdən aydın olur ki, Cavabdeh həmin vaxt 2000 ABŞ dolları və 1.400 manat məbləğində pul almışdır. Məhkəmədə şahid X1 bildirmişdir ki, video görüntüdə pulları təqdim edən şəxs həqiqətən də odur. Həmin vaxt iddiaçının özü xəstə olduğuna görə müqavilə üzrə ödənilməli pul məbləğini Cavabdeh təqdim etməyi E.Mürsəlovdan xahiş edib. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 3.400 manat və 2000 ABŞ dolları məbləğində pul verilb. Sonuncu ödənişlə bağlı cavabdehin razılığı ilə video çəkiliş aparılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki İddiaçı Cavabdeh arasında 17 noyabr 2019-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh iddiaçıdan 20.12.2019-cu il tarixdə 1000 manat, 17.01.2020-ci il tarixdə 1000 manat, sonra isə 1.400 manat və 2000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Həmin müqavilədə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulduğu halda cavabdehə ödənilən məbləğin tamamilə geri qaytarılmalı olduğu nəzərdə tutulmuşdur. Lakin müqavilə öhdəlikləri Cavabdeh tərəfindən pozulmağına baxmayaraq, cavabdeh iddiaçıdan aldığı pul məbləğini ona qaytarmamışdır. Bununla da, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur, yəni, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddia tələbinin məhkəmə xərcləri qismində ödənilmiş 46 (qırx altı) manat məbləğində pul vəsaitinin tutulub iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı 31 manat məbləğində dövlət rüsumunun və nümayəndəyə verilən etibarnamənin rəsmiləşdirilməsi üçün ödənilmiş 11,5 manat məbləğində notariat xərci ilə bağlı məhkəməyə sənəd təqdim etmiş, qalan məbləğlə bağlı heç bir sübut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2019-cu il tarixdə bağlanmış müqaviləyə xitam verilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə yaranmış 3.400 (üç min dörd yüz) manat məbləğində borc və ödəniş gününə olan məzənnə üzrə manatla 2.000 (iki min) ABŞ dolları məbləğində borc, gecikdirilmiş vaxt üçün illik beş faizi qismində müvafiq olaraq 255 (iki yüz əlli beş) manat və ödəniş gününə olan məzənnə üzrə manatla 150 (yüz əlli) ABŞ dolları, cəmi 3.655 (üç min altı yüz əlli beş) manat və ödəniş gününə olan məzənnə üzrə manatla 2.150 (iki min yüz əlli) ABŞ dolları məbləğində pul, ödənilən əlavə xərclər qismində isə 42,5 (qırx iki manat əlli qəpik) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2019-cu il tarixdə bağlanmış müqaviləyə xitam verilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə yaranmış 3.400 (üç min dörd yüz) manat məbləğində borc və ödəniş gününə olan məzənnə üzrə manatla 2.000 (iki min) ABŞ dolları məbləğində borc, gecikdirilmiş vaxt üçün illik beş faizi qismində müvafiq olaraq 255 (iki yüz əlli beş) manat və ödəniş gününə olan məzənnə üzrə manatla 150 (yüz əlli) ABŞ dolları, cəmi 3.655 (üç min altı yüz əlli beş) manat və ödəniş gününə olan məzənnə üzrə manatla 2.150 (iki min yüz əlli) ABŞ dolları məbləğində pul, ödənilən əlavə xərclər qismində isə 42,5 (qırx iki manat əlli qəpik) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-1005/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1005/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver