Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1005/2025 25.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 19 noyabr 2021-ci il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 9558,86 (doqquz min beş yüz əlli səkkiz manat, səksən altı qəpik) manat məbləğində əsas borc, 844,61 (səkkiz yüz qırx dörd manat, altmış bir qəpik) manat məbləğində faiz bоrcu, 429,82 (dörd yüz iyirmi doqquz manat, səksən iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10833,29 (on min səkkiz yüz otuz üç manat, iyirmi doqquz qəpik) manat, 04 avqust 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 14369,83 (on dörd min üç yüz altmış doqquz manat, səksən üç qəpik) manat məbləğində əsas bоrc, 1478,46 (min dörd yüz yetmiş səkkiz manat, qırx altı qəpik) manat məbləğində faiz bоrcu, 848,7 (səkkiz yüz qırx səkkiz manat, yetmiş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 16696,99 (on altı min altı yüz doxsan altı manat, doxsan doqquz qəpik) manat, ümumilikdə 27530,28 (iyirmi yeddi min beş yüz otuz manat, iyirmi səkkiz qəpik) manat məbləğində bоrcun, ödənilmiş 172,59 (yüz yetmiş iki manat, əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, tutmanın Cavabdeh1 məxsus olan “SHACMAN” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və borcun həmin nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli 027L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19 noyabr 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 40000 manat məbləğində məbləğində kredit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 21 may 2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 30441,14 manat ödəmiş, onun 9558,86 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 22 yanvar 2025-ci il tarixə 246 gün üçün hesablanmış faiz borcu 844,61 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci yarımbəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 22 yanvar 2025-ci il tarixə 246 gün üçün hesablanmış cərimə 429,82 manat məbləğində təşkil etmişdir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 04 avqust 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 22000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 7630,17 manat ödəmiş, onun 14369,83 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 22 yanvar 2025-ci il tarixə 232 gün üçün hesablanmış faiz borcu 1478,46 manat məbləğində təşkil etmişdir. 22 yanvar 2025-ci il tarixə 232 gün üçün hеsablanmış cərimə isə 848,7 manat təşkil etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdürlər. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdehlə bank arasında bağlanılmış 18 noyabr 2021-ci il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsi əsasında “SHACMAN” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş 143342 nömrəli çıxarışla qeydiyyata alınmışdır. İddiaçı 25 sentyabr 2025-ci il tarixdə məhkəmə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2025-ci il tarixli qərardadı ilə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “SHACMAN” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) olan nəqliyyat vasitəsinin likvid dəyəri və real bazar qiymətinə dair rəyin verilməsi "xxxx" MMC-yə tapşırılmışdır. Lakin rəyin verilməsi mümkün olmamışdır. Lakin ipoteka ilə yüklü edilmiş əmlakın qiymətləndirilməsi işin ədalətli həlli üçün zəruridir. Cavabdeh - ipoteka qoyan cavabdehlə bank arasında bağlanılmış 18 noyabr 2021-ci il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsi əsasında iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş qeydiyyat nişanı **-MA-*** olan, “SHACMAN” markalı 2012-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsinin ilkin satış qiyməti müqavilənin 2.5-ci maddəsinə əsasən, 26000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsinin bağlanmasından sonra nəqliyyat vasitəsinin bu günə olan real vəziyyəti, salamatlığı barədə məlumat verilməmişdir. Əmlakın mövcud vəziyyəti, amortizasiya kimi hallar alınmaqla nəqliyyat vasitəsinə baxış keçirilməklə onun qiymətinin müəyyən edilməsi zəruridir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iş üzrə nəqliyyat vasitəsinin likvid dəyəri və real bazar qiymətinə dair rəyin verilməsinin başqa qiymətləndirici təşkilata tapşırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək və 25 sentyabr 2025-ci il tarixli vəsatəti müdafiə edərək, həmçinin bildirdi ki, hazırkı vaxtda ipoteka predmeti olan əmlakın real dəyəri müəyyən deyildir, eyni zamanda ipoteka predmetinin ipoteka müqaviləsində nəzərdə tutulmuş qiymətlə satışa çıxarılmasına razı deyildir. Cavabdeh bildirir ki, nəqliyyat vasitəsinin magistral yolda istifadəsi mümkün deyildir. Dövlət buna icazə vermirsə, bu halda həmin nəqliyyat vasitəsini hər hansı şəxs necə istifadə edəcəkdir?! İpoteka predmetinin ipoteka müqaviləsində müəyyən edilmiş ilkin satış qiyməti ilə qətnamə qəbul edilməməli olduğunu hesab edir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, ipoteka predmeti olan yük avtomobilinin ipoteka müqaviləsində göstərilən qiymətə satışa çıxarılmasına əvvəlki iclaslarda razı olduğunu bildirsə də, hazırkı vaxtda razı deyildir. Çünki nəqliyyat vasitəsi oğlu Cavabdeh1 mülkiyyətindədir və o da bu qiymətə satılmasına razı deyildir. Mütəxəssisə yalnız rəydə onların dedikləri qiymətin yazılacağı təqdirdə nəqliyyat vasitəsinə baxış keçiriləcəyinə şərait yaradacaqlarını bildirmişdir. Avtomobilin fəaliyyət göstərməsinə icazə verilmir. Avtomobilin magistral yolda rahat şəkildə fəaliyyət göstərə bilməməsi onun qiymətinə təsir göstərmir. Yük avtomobilinin real qiymətinin 35000 manat məbləğində olduğunu hesab edir. Borc məbləği üzrə aylıq 500 manat məbləğində ödəniş edə bilər. Avtomobilin yüklə istifadə edilməsinə icazə veriləcəyi təqdirdə daha çox ödəniş həyata keçirə bilər. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, nəqliyyat vasitəsinin ipoteka müqaviləsində göstərilən qiymətə satılmasına razı deyildir və borc məbləği üzrə aylıq 500 manat məbləğində ödəniş edə bilər. Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli 027L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 300000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 40000 manat olan krediti fərdi mikro kredit məqsədilə aylıq 1,6667 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 18 noyabr 2021-ci il tarixli 027L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.2.2-ci yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli 027R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 19 noyabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 22000 manat olan krediti fərdi mikro kredit məqsədilə aylıq 1,75 faiz dərəcəsi ilə 24 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 18 noyabr 2021-ci il tarixli 027L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.1.3-cü yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli 027R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 04 avqust 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli 027S**********01 nömrəli, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli 027S**********01 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 3.1-ci bəndlərinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zaminlər kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə ipoteka qoyan (Cavabdeh1) arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan bu müqavilənin 2-ci bəndində qeyd edilən əmlakı (“SHACMAN” markalı **- MA-*** dövlət qeydiyyat nişanlı (istehsal ili: 2012, rəngi: ağ, maksimal kütlə: 59700 kq, şassi nömrəsi: LZGJRDT62CX049612) nəqliyyat vasitəsini) 18 noyabr 2021-ci il tarixdə Bakı şəhərində bağlanmış 027L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd: Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 17 noyabr 2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsidir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 26000 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli AA 143342 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus olan “SHACMAN” markalı **-MA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 18 noyabr 2021-ci il tarixli 027L**********55 nömrəli müqavilə üzrə kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli OUT-2025/01/22-113 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 19 noyabr 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 9558,86 manat məbləğində əsas bоrc, 844,61 manat məbləğində faiz borcu və 429,82 manat məbləğində cərimə оlmaqla, cəmi 10833,29 manat məbləğində borcu vardır. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli OUT-2025/01/22-114 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 avqust 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 14369,83 manat məbləğində əsas bоrc, 1478,46 manat məbləğində faiz borcu və 848,7 manat məbləğində cərimə оlmaqla, cəmi 16696,99 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən elektron poçt ünvanı vasitəsilə məhkəməyə ünvanlanmış 22 sentyabr 2025-ci il tarixli məktubun məzmununda “Hər iki tərəflə əlaqə saxlanılıb, lakin nəqliyyat vasitəsinə baxış keçirmək üçün şərait yaradılmayıb” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli 027L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsi, 19 noyabr 2021ci il tarixli 027R********** nömrəli və 04 avqust 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşmaları üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 19 noyabr 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 9558,86 manat məbləğində əsas bоrc, 844,61 manat məbləğində faiz bоrcu, 04 avqust 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 14369,83 manat məbləğində əsas borc, 1478,46 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 19 noyabr 2021-ci il tarixli kredit razılaşması üzrə 429,82 manat və 04 avqust 2023-cü il tarixli kredit razılaşması üzrə 848,7 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (19 noyabr 2021-ci il tarixli kredit razılaşmasının 4.2.2-ci yarımbəndi, 04 avqust 2023-cü il tarixli kredit razılaşmasının 4.1.3-cü yarımbəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən cərimələrin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği 04 avqust 2023-cü il tarixli kredit razılaşması üzrə azaldılaraq 719 manat məbləğində, 19 noyabr 2021-ci il tarixli kredit razılaşması üzrə isə iddia ərizəsində göstərilən məbləğdə - 429,82 manat məbləğində cərimə tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçı və Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən “SHACMAN” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 26000 manat təşkil edir. Kredit razılaşmaları üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin nəqliyyat vasitəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, ipoteka predmeti olan **-MA-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəmənin rəsmi elektron poçt ünvanına göndərilmiş 22 sentyabr 2025-ci il tarixli məktubun məzmununda “Hər iki tərəflə əlaqə saxlanılıb, lakin nəqliyyat vasitəsinə baxış keçirmək üçün şərait yaradılmayıb” qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən ipoteka predmetinə baxışın təşkil edilməsinə şərait yaradılmamış, eyni zamanda ipoteka müqaviləsində nəzərdə tutulmuş qiymətin yüksək olduğunu hesab edən iddiaçı tərəfindən sözügedən nəqliyyat vasitəsinin dəyəri ilə bağlı hər hansı əlavə sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, “SHACMAN” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti ipoteka müqaviləsində razılaşdırılmış qiymət miqdarında - 26000 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, ipoteka qoyan olan cavabdeh məhkəmə iclasında ipoteka predmetinin bu qiymətlə satışa çıxarılmasına razı olmadığını bildirsə də, qiymətləndirmə tədqiqatının aparılmasına şərait yaratmamaqla yanaşı, əmlakın qiymətinin daha yüksək olmasını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 172,59 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 05 mart 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 172,59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 172,2 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 19 noyabr 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 9558,86 manat məbləğində əsas borc, 844,61 manat məbləğində faiz borcu, 429,82 manat məbləğində cərimə, 04 avqust 2023cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 14369,83 manat məbləğində əsas borc, 1478,46 manat məbləğində faiz bоrcu, 719 manat məbləğində cərimə və 172,2 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27572,78 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 27572,78 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan “SHACMAN” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) olan nəqliyyat vasitəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 27572,78 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan nəqliyyat vasitəsinin ilkin satış qiyməti 26000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19 noyabr 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 9558,86 (doqquz min beş yüz əlli səkkiz manat, səksən altı qəpik) manat məbləğində əsas borc, 844,61 (səkkiz yüz qırx dörd manat, altmış bir qəpik) manat məbləğində faiz borcu, 429,82 (dörd yüz iyirmi doqquz manat, səksən iki qəpik) manat məbləğində cərimə, 04 avqust 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 14369,83 (on dörd min üç yüz altmış doqquz manat, səksən üç qəpik) manat məbləğində əsas borc, 1478,46 (min dörd yüz yetmiş səkkiz manat, qırx altı qəpik) manat məbləğində faiz bоrcu, 719 (yeddi yüz on doqquz) manat məbləğində cərimə və 172,2 (yüz yetmiş iki manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27572,78 (iyirmi yeddi min beş yüz yetmiş iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 27572,78 (iyirmi yeddi min beş yüz yetmiş iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan “SHACMAN” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) olan nəqliyyat vasitəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 27572,78 (iyirmi yeddi min beş yüz yetmiş iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan “SHACMAN” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 26000 (iyirmi altı min) manat məbləğində müəyyən edilsin. İddia qalan hisssədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1005/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1005/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver