Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-101/2024 15.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahibkarlıq obyektinə əsassız olaraq hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borcun silinməsi, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 yanvar 2007-ci il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kafenin sahibidir. Kafeni işlətdiyi müddətə heç bir dövlət qurumu ilə aralarında anlaşmazlıq və problem olmamışdır. O cümlədən, iddiaçı tərəfindən istifadə olunan təbii qazın dəyəri sayğac göstəricilərinə uyğun vaxtlı-vaxtında ödənilmişdir. Lakin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kafeyə quraşdırılmış sayğaca 28 aprel 2023-cü il tarixdə baxış keçirilərək akt tərtib olunmuşdur. Həmin aktda qeyd edilmişdir ki, ”MSK-14-2-2/3-5- 4180-1 saylı rəyə əsasən **********115021004 sayğacın qaz itkisi və müdaxilə aşkar olunmuşdur. Dəymiş ziyan hesablansın”. Bu səbəbdən 2023-cü ilin aprel ayı üçün iddiaçıya əsassız olaraq 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc hesablanmışdır. Tərtib edilmiş akt tamamilə qanunsuz və əsassızdır. İddiaçıya heç bir əsas olmadan hesablanmış 26985 kubmetr qaza görə qeyri-qanuni tələb olunan 3110,40 (üç min yüz on manat qırx qəpik) manat vəsaitin silinməsi ilə bağlı Cavabdehnə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfdən heç bir cavab gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən ünvanda fərdi yaşayış evi olmuş, sonradan həmin evin qarşısında kafe tikilmişdir. Sayğac dəyişdirilməsə də, qeyri yaşayış sahəsinin (kafenin) qaz təchizatı üçün texniki şərt verilmiş və ödənişlər 0,25 manatdan həyata keçirilmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli aktda qeyd olunur ki, MSK 14-2-2/3-5-4180-1 saylı rəyinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən abonentə məxsus (abonent kodu: **********00300) **********115021004 saylı sayğaca müdaxilə aşkarlanmışdır. İş materiallarında olan 30 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 25920 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin aprel ayında akt əsasında **********00300 nömrəli abonent koduna 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən X2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri yaşayış sahəsinə (kafe) qaz təchizatı üçün 17 aprel 2017-ci il tarixdə ********* nömrəli texniki şərt verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən ümumi sahəsi 99,3 kv.m olan 17 saylı fərdi yaşayış evi üzərində X1 xüsusi mülkiyyət hüququ 26 aprel 2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 27 sentyabr 2022-ci il tarixli şəhadətnamədən görünür ki, X1 xüsusi mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən ümumi sahəsi 99,3 kv/m olan 17 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə İddiaçı pay hüququ tanınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən X3 barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, MSK 14-2-2/3- 5-4180-1 saylı rəyinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən abonentə məxsus **********115021004 saylı sayğaca müdaxilə aşkarlanmışdır. Cavabdeh tərəfindən həmin akta əsasən **********00300 nömrəli abonent koduna 3110,40 (üç min yüz on manat qırx qəpik) manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarında olan, cavabdeh tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh sahibkarlıq obyekti barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən **********00300 nömrəli abonent koduna “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 24 noyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02497 nömrəli arayışdan görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil ilkin mediasiya sesiyasında iştirak etsə də, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mediatora ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 100 manat xidmət haqqının tutulması” hissəsi ilə bağlı hesab edir ki, məhkəməyə həmin pulun ödənilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən **********00300 nömrəli abonent koduna “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinməli və Cavabdehndən mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, hazırkı iddia tələbinə uyğun olaraq hesablanmış 51,1 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən **********00300 nömrəli abonent koduna “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 51,1 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-101/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-101/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver