Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-101/2025 27.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Xırdalan Xəz X11 Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsindən irəli gələn hüquqların həyata keçirilməsinə maneələrin aradan qaldırılması və icarə obyektinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Xırdalan Xəz X11 Cəmiyyətinə qarşı “icarə müqaviləsindən irəli gələn hüquqların həyata keçirilməsinə maneələrin aradan qaldırılması və icarə obyektinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xırdalan Xəz X11 Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X8 20/24 ünvanda yerləşən, ərazisi 600 kvadrat metr olan "xxxx" şadlıq sarayına dair 03 aprel 2024-cü il tarixli icarə müqaviləsindən irəli gələn hüquqların həyata keçirilməsinə maneələrin aradan qaldırılması və şadlıq sarayının İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh Xırdalan Xəz X11 Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan Xəz X11 Cəmiyyəti (səlahiyyətli nümayəndəsi X3) ilə İddiaçı arasında bağlanmış 03 aprel 2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" Xırdalan Xəz X11 Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, X8, 20/24 ünvanda yerləşən Xırdalan Xəz X11 Cəmiyyətinin inzibati ərazisində yerləşən və X11 Cəmiyyətə məxsus ərazisi 600 kvadrat metr olan "xxxx" şadlıq sarayı “icarəçi” İddiaçı icarəyə verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə 03 aprel 2024-cü il tarixdən 03 aprel 2029-cu il tarixədək 5 illik bağlanmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə icarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə etmək hüququna malikdir. İcarə haqqı 800 manat müəyyən edilmişdir. Müqavilənin 10-cu bəndində müqavilənin vaxtından əvvəl xitam verilməsi halları müəyyən edilmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra İddiaçı xx.xx.2024-xx.xx.2024cü il tarixədək (məhərrəmlik ayına kimi) "xxxx" şadlıq sarayını maneəsiz işlətməklə qazanc əldə etmişdir. Eyni zamanda tərəflərin razılaşmasına görə icarə haqqından başqa hər toya bir nəfər qonaq üçün 6 manat hesablanmaqla icarəyə verənə ödənilmişdir. Eyni zamanda icarəçi şadlıq sarayını icarəyə götürdükdə 8910 manat vəsait xərc çəkmişdir. "xxxx" şadlıq sarayının rəhbəri X2r. İcarə barədə danışıqlar, bütün proseslər X4 ilə aparılmışdır. X5 isə X1 qardaşıdır. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şadlıq sarayını sahibkarlıq fəaliyyəti ilə bağlı işlətdikdən sonra Məmməd Rəhimovun qardaşı X10 Federasiyasından gələrək bildirmişdir ki, şadlıq sarayının müəyyən təmir işlərinə ehtiyacı var, ona görə təmir edəcəklər. Toylar olmadığı üçün iddiaçı buna etiraz etməmişdir. Bütün bunlardan sonra Akif Rəhimov iddiaçıya bildirmişdir ki, “Artıq şadlıq sarayını o özü işlədəcəkdir. İcarəyə verməli olmadılar. Gedin işinizlə məşğul olun”. Şadlıq sarayını istifadə edə bilmək üçün iddiaçı 8910 manat xərc çəkmiş (qaz sayğacı, vergi borcunun silinməsi, kondisioner və soyuducuların təmiri, işıqlandırma və s.), 35000 manat depozit vermiş, 150 nəfər qonaq üçün 450 ədəd qab-qacaq almışdır. Həmin əmlaklar hazırda şadlıq sarayındadır və qanunsuz olaraq istifadə olunur. Eyni zamanda şadlıq sarayında iddiaçıya məxsus olan təxminən 3000-4000 manat civarında bitki yağı, su, sok və s. mallar qalmışdır. Hazırda xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən irəli gələn icarə hüquqlarını iddiaçı həyata keçirə bilmir, "xxxx" şadlıq sarayı isə Xırdalan Xəz X11 Cəmiyyəti (onun rəhbərləri) tərəfindən işlədilərək qazanc əldə olunur. Heç bir hüquqi əsas olmadan icarə müqaviləsinə əməl olunmur. Cavabdehin hərəkətləri icarə müqaviləsindən irəli gələn öhdəliklərin pozulmasıdır. Belə ki, cavabdeh təminat vermişdir ki, “müqavilənin qüvvədə olduğu müddətdə icarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə etmək hüququna malikdir” (3.2-ci bənd). Cavabdeh öhdəlik götürmüşdür ki, “icarəçinin bu müqavilənin şərtlər gözlənilməklə təyinatı üzrə aparılan fəaliyyətinə maneəçilik törətməyəcəkdir” (6.1.2-ci bənd). Lakin cavabdeh tərəfindən təminat və öhdəliklərinə əməl olunmur, icarə müqaviləsinin predmeti olan "xxxx" şadlıq sarayında qüvvədə olan icarə müqaviləsi olmasına baxmayaraq icarəçi deyil, başqa şəxslər fəaliyyət göstərir. Faktiki olaraq kassa iddiaçının adınadır. Göründüyü kimi faktiki qüvvədə olan icarə müqaviləsi olmasına baxmayaraq, iddiaçının müqavilədən irəli gələn hüquqları qanunsuz olaraq məhdudlaşdırılmışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında ərizəçinin Xırdalan Xəz X11 Cəmiyyətinə məxsus ərazisi 600 kvadrat metr olan "xxxx" şadlıq sarayına dair istifadə və sahiblik hüquqları yaranmışdır. Lakin cavabdehin qanunsuz əməlləri nəticəsində faktiki olaraq ərizəçi özünün icarə müqaviləsindən irəli gələn istifadə və sahiblik hüquqlarından istifadə edə bilmir. xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən "xxxx" şadlıq sarayını icarəyə verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə görə müqaviləyə vaxtından əvvəl xitam verilməsi hallarının dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilə öhdəliklərinə tam şəkildə əməl edilmişdir. Lakin cavabdeh iddiaçının icarə hüquqlarını həyata keçirməsinə maneə yaratmışdır və hazırda bu maneə qanunsuz şəkildə davam etdirilir. İddiaçı nümayəndəsi Vəkil1 16 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, icarə müqaviləsi 03 aprel 2029-cu il tarixədək bağlanmışdır. İcarəçi tərəfindən (iddiaçı) həmin müqavilənin xitamına səbəb olacaq hər hansı qanunazidd hal və ya pozuntunun baş verməsi barədə cavabdeh heç bir sənəd təqdim etməmiş, iddiaçı xx.xx.2024-cü il tarixindən bu günə qədər sözügedən müqavilə üzrə bütün ödənişləri vaxtvaxtında ödəmiş, icarə müqaviləsi üzrə öz üzərinə qoyulmuş vəzifələri vicdanla yerinə yetirmişdir. 03 aprel 2024-cü il tarixli icarə müqaviləsində müqavilənin son müddəti 03 aprel 2029-cu il tarixi müəyyən edilmişdir. Müqavilənin ləğvi barədə iddiaçıya hər hansı pretenziya irəli sürülməmişdir. Hazırkı işdən Mülki Məcəllənin 421.2-ci və 422.1-ci maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması olmamışdır. İddiaçının müqaviləni əhəmiyyətli dərəcədə pozması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Müqavilə əsasında yaranmış öhdəlik hüquq münasibətlərinin ləğv olunması üçün əsas olmadığı halda, cavabdeh iddiaçıya icarə müqaviləsindən irəli gələn hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Cavabdeh Xırdalan Xəz X11 Cəmiyyətinin nümayəndəsi Vəkil2 26 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək məhkəmədən iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan danışıqlar baş tutmamışdır. Lakin bu danışıqlar zamanı iddia ərizəsində qeyd edilən 35000 manat pul iddiaçıya geri qaytarılmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 3.5-ci bəndinə əsasən icarəyə verilmiş "xxxx" şadlıq sarayının alqı-satqısı, habelə digər halların baş verməsi zamanı icarəçi icarəyə verənin tələbi ilə mübahisə yaratmadan və qeyd-şərtsiz sahəni təhvil verməyi öz üzərinə götürmüş və icarəyə verənə dəymiş zərərə görə məsuliyyət daşıyacağı nəzərdə tutulmuşdur. İcarə obyektinin aşınma səbəbindən əhəmiyyətli dərəcədə təmir işlərinin aparılması zərurəti yarandığından bu barədə iddiaçıya məlumat verilmiş və bu səbəbdən də icarə obyektinin müvəqqəti olaraq boşaldılması tələb olunmuşdur. Lakin iddiaçı icarə sahəsindən qətiyyən çıxmayacağını bildirməklə müqavilə öhdəliklərini pozmuşdur. Eyni zamanda icarə müqaviləsi bağlandıqdan bir gün sonra xx.xx.2024-cü il tarixdə bir neçə şəxsin iştirakı ilə tərtib olunmuş təhvil-təslim aktına əsasən cavabdehə məxsus müvafiq əşyalar iddiaçının istifadəsinə verilmişdir. İcarə münasibətləri dövründə icarəçi icarə müqaviləsinin tələbini pozaraq istifadəyə qəbul etdiyi əşyalara əhəmiyyətli dərəcədə zərər vurmuş və bəzi əşyaları isə ümumiyyətlə məhv etmişdir. Nəticədə cavabdehə 28902 (iyirmi səkkiz min doqquz yüz iki) manat maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, cavabdeh tərəfindən müqavilənin ləğvi ilə bağlı nə vergi kabineti, nə də poçt vasitəsilə iddiaçıya hər hansı yazılı xəbərdarlıq göndərilmədiyini vurğulamışdır. Cavabdeh Xırdalan Xəz X11 Cəmiyyətinin nümayəndəsi Vəkil2 26 yanvar 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək Azərbaycanda Respublikasında olmayacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən Xırdalan Xəz X11 Cəmiyyəti ilə icarəçi İddiaçı arasında bağlanmış 03 aprel 2024-cü il tarixli icarə müqaviləsinə əsasən icərəyə verən ona məxsus Abşeron rayon Xırdalan şəhər X8 20/24 ünvanında yerləşən, ərazisi 600 kvadrat metr olan "xxxx" şadlıq sarayını bu müqavilə ilə müəyən edilmiş müddətə icarəçiyə icarəyə verməyi, icarəçi isə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilə hər iki tərəfə onu imzaladığı gündən qüvvəyə minir. Müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək (5 illik) bağlanılır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə (istənilən uzadılma müddəti də daxil olmaqla) icarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə etmək hüququna malikdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən icarəçi bəyan edir ki, sahə üzrə alqı-satqı və ya digər halın baş vermə səbəbi ilə bu müqaviləyə vaxtından əvvəl xitam vermək zərurəti yarandıqda icarəyə verənin tələbi ilə mübahisə yaratmadan, qeyd-şərtsiz sahəni təhvil verəcəkdir. Əgər müqavilənin 3.5-ci maddəsinin tələbini pozsa icarə verənə dəymiş ziyanı ödəyəcəkdir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər: 10.2.1. sahə üzrə alqı-satqı və ya digər halın baş verəcəyi təqdirdə icarəyə verən 1 (bir) qabaqcadan icarəçini yazılı xəbərdar etməklə; 10.2.2. icarə haqqını razılaşdırılmış qaydada ödəmədikdə; 10.2.3. müqavilənin 3.3-cü bəndi (icarəçi icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi, su, rabitə (o cümlədən beynəlxalq rabitə) haqqlarını və digər kommunal xərcləri ödəyir) icra olunmadıqda; 10.2.4. müqavilənin 4.3-cü bəndi (müqavilənin 3.3-cü bəndi ilə icarəçiyə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar icarəçi tərəfindən təyinatı üzrə ayrıca ödənilir) ilə razılığa gəlmədikdə; 10.2.5. müqavilənin 5.1-ci bəndi (vergilər, DSMF, reklam və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçi tərəfindən ödənilir) icra olunmadıqda; 10.2.6. sahədən qanuna qadağan olunmuş başqa məqsədlər üçün istifadə edildikdə. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli təhvil-təslim aktına əsasən həmin aktda qeyd olunan müxtəlif avadanlıqlar "xxxx" şadlıq sarayının işçiləri tərəfindən İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Xırdalan Xəz X11 Cəmiyyəti arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, tərəflər arasında bağlanmış 03 aprel 2024-cü il tarixli icarə müqaviləsinə əsasən Xırdalan Xəz X11 Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X8 20/24 ünvanda yerləşən ərazisi 600 kvadrat metr olan "xxxx" şadlıq sarayı İddiaçı icarəyə verilmişdir. Tərəflər arasında müqavilə münasibətləri hər iki tərəfin yazılı razılığı ilə 03 aprel 2024-cü il tarixdən, yəni icarə müqaviləsinin imzalandığı andan mövcud olmuş, müqavilənin qüvvədə olma müddəti isə 03 aprel 2029-cu il tarixinədək müəyyən edilmişdir. Müqavilə qüvvədə olmasına baxmayaraq iddiaçı hal-hazırda icarə obyetki olan şadlıq sarayından istifadə edə bilmir. Cavabdeh Xırdalan Xəz X11 Cəmiyyətinin nümayəndəsi Vəkil2 etirazında göstərmişdir ki, 03 aprel 2024-cü il tarixli icarə müqaviləsinin 3.5-ci bəndinə əsasən icarəyə verilmiş "xxxx" şadlıq sarayının alqı-satqısı, habelə digər halların baş verməsi zamanı icarəçi icarəyə verənin tələbi ilə mübahisə yaratmadan və qeyd-şərtsiz sahəni təhvil verməyi öz üzərinə götürmüş və icarəyə verənə dəymiş zərərə görə məsuliyyət daşıyacağı nəzərdə tutulmuşdur. İcarə obyektinin aşınma səbəbindən əhəmiyyətli dərəcədə təmir işlərinin aparılması zərurəti yarandığından bu barədə iddiaçıya məlumat verilmiş və bu səbəbdən də icarə obyektinin müvəqqəti olaraq boşaldılması tələb olunmuşdur. Lakin iddiaçı icarə sahəsindən qətiyyən çıxmayacağını bildirməklə müqavilə öhdəliklərini pozmuşdur. İcarə münasibətləri dövründə icarəçi icarə müqaviləsinin tələbini pozaraq istifadəyə qəbu etdiyi əşyalara əhəmiyyətli dərəcədə zərər vurmuş və bəzi əşyaları isə ümumiyyətlə məhv etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, müqavilənin 3.5-ci bəndində qeyd olunan “digər halın baş verməsi səbəbi” qeyri-müəyyən və tərəfin vəziyyətini ağırlaşdıran ifadədir. Bundan başqa müqavilənin 10.2.1-ci bəndində göstərilir ki, sahə üzrə alqı-satqı və ya digər halın baş verəcəyi təqdirdə icarəyə verən 1 (bir) qabaqcadan icarəçini yazılı xəbərdar etməklə müqaviləyə xitam verə bilər. Lakin məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya digər halın baş verməsi, həmin halın nədən ibarət olması və bu səbəbdən müqaviləyə xitam verməsi barədə yazılı xəbərdarlıq etməsi müəyyən edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbindən görünür ki, yazılı qaydada bağlanmış müqavilənin ləğv edilməsi yazılı formada rəsmiləşdirilməli, müqavilənin vaxtından əvvəl ləğv edilməsinə hər iki tərəfin razılığı olmalı idi. Hazırkı halda tərəflər arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə tərəflər arasında nə yazılı, nə şifahi razılaşma olmamış, eyni zamanda işdən Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda İddiaçı "xxxx" şadlıq sarayı ilə bağlı 03 aprel 2024-cü il tarixli icarə müqaviləsindən irəli gələn hüquqlarının həyata keçirilməsinə Xırdalan Xəz X11 Cəmiyyəti tərəfindən maneələr yaradılması nə qanunun mahiyyətinə uyğun deyil, nə də, iddiaçının icarə müqaviləsi bağlayarkən qarşıya qoyduğu məqsədlərinə nail olmağa yönəlməmişdir. Əksinə, bu kimi hallar fiziki və hüquqi şəxslər tərəfindən icarə müqaviləsinin bağlanmasında ehtiyyatlılıq yaratmış olacaqdır. Bundan başqa qeyd olunur ki, aşınan və əhəmiyyətli dərəcədə təmir işlərinin aparılması zərurəti olan sözügedən şadlıq sarayının Xırdalan Xəz X11 Cəmiyyəti tərəfindən üç-dörd ay əvvəl uzun müddətə - 5 illik icarəyə verilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Xırdalan Xəz X11 Cəmiyyəti tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X8 20/24 ünvanda yerləşən, ərazisi 600 kvadrat metr olan "xxxx" şadlıq sarayına dair 03 aprel 2024-cü il tarixli icarə müqaviləsindən irəli gələn hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalı və həmin şadlıq sarayı cavabdeh Xırdalan Xəz X11 Cəmiyyəti tərəfindən İddiaçı təhvil verilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və iddiaçı ilə X4 (iddiaçı həmin şəxsin Xırdalan Xəz X11 Cəmiyyətinin faktiki rəhbəri olduğunu bildirir) adlı şəxs arasında aparıldığı bildirilən danışıqları özündə əks etdirən səs yazıları dinlənilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin səs yazılarında danışan şəxsin Xırdalan Xəz X11 Cəmiyyətinin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Xırdalan Xəz X11 Cəmiyyəti tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X8 20/24 ünvanda yerləşən ərazisi 600 kvadrat metr olan "xxxx" şadlıq sarayına dair 03 aprel 2024-cü il tarixli icarə müqaviləsindən irəli gələn hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılsın və həmin şadlıq sarayı cavabdeh Xırdalan Xəz X11 Cəmiyyəti tərəfindən İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-101/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-101/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver