Məhkəmə qərarları › İş №e-2-2(119)-1013/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1013/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1013/2025 07.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 avqust 2022-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 3331,87 (üç min üç yüz otuz bir manat səksən yeddi qəpik) manat məbləğində əsas bоrc, 159,98 (yüz əlli doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 16,41 (on altı manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3508,26 (üç min beş yüz səkkiz manat iyirmi altı qəpik) manat məbləğində bоrcun və ödənilmiş 55,08 (əlli beş manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 dekabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 20 dekabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 20 dekabr 2021-ci il tarixdə Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 22% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. 2025-ci il fevralın 28-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3331,87 manat əsas borc, 159,98 manat faiz borcu, 32,81 manat cərimə borcu olmaqla, cəmi 3524,66 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 32,81 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 16,41 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

3. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

4. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

5. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

7. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

8. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir.

9. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

10. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli 6-MCR-1-1339-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə aylı faiz dərəcəsi 2,5 % olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.

11. İş materiallarında olan 20 dekabr 2021-ci il tarixli Z/13899/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 20 dekabr 2021-ci il tarixli 6-MCR-1-1339-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür.

12. İş materiallarında olan 20 dekabr 2021-ci il tarixli Z/13900/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 20 dekabr 2021-ci il tarixli 6-MCR-1-1339-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür.

13. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

14. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən” və Cavabdeh2 – “Borc alan” olmaqla bağlanmış 30 avqust 2022-ci il tarixli 6-MCR-1-1339- 21/2 nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 biznes məqsədilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,83 %, FİFD 22,74 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir.

15. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli 6-MCR-1-1339-21/2 saylı kreditin verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh2 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 30 avqust 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir.

16. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 30 avqust 2022-ci il tarixli 6-MCR-1-1339-21/2 nömrəli kredit müqaviləsi üzrə 28 fevral 2025ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3331,87 (üç min üç yüz otuz bir manat səksən yeddi qəpik) manat məbləğində əsas bоrc, 159,98 (yüz əlli doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 32,81 (otuz iki manat səksən bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3524,66 (üç min beş yüz iyirmi dörd manat altmış altı qəpik) manat məbləğində borcu vardır.

17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 07 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə həmin tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1782,6 (min yeddi yüz səksən iki manat altmış qəpik) manat məbləğində əsas bоrc, 222,41 (iki yüz iyirmi iki manat qırx bir qəpik) manat məbləğində faiz borcu, 104,73 (yüz dörd manat yetmiş üç qəpik) manat məbləğində cərimə borcu оlmaqla, cəmi 2109,74 (iki min yüz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində borcu vardır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

19. Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN: **********) 20 dekabr 2021-ci il tarixli 6-MCR-1-1339-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmanı və 30 avqust 2022-ci il tarixli 6-MCR-1-1339-21/2 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 avqust 2022-ci il tarixli 6-MCR-1-1339-21/2 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 07 iyul 2025-ci il tarixli maliyyə arayışı mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, həmin maliyyə arayışında 30 avqust 2022-ci il tarixli 6-MCR-1-1339-21/2 nömrəli kredit müqaviləsi üzrə 07 iyul 2025-ci il tarixə 1782,6 (min yeddi yüz səksən iki manat altmış qəpik) manat məbləğində əsas borcun olması qeyd olunur. Buna görə də, iddia tələbi əsas borcla bağlı hissədə qismən təmin edilməli, 30 avqust 2022-ci il tarixli 6-MCR-1-1339-21/2 nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 1782,6 (min yeddi yüz səksən iki manat altmış qəpik) manat məbləğində əsas borc tutulmalıdır.

22. Bundan başqa həmin kredit müqaviləsi üzrə 159,98 (yüz əlli doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu və 16,41 (on altı manat qırx bir qəpik) manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

24. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

25. 20 dekabr 2021-ci il tarixli Z/13899/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 və 20 dekabr 2021-ci il tarixli Z/13900/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclunun 20 dekabr 2021-ci il tarixli 6-MCR-1-1339-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmadan irəli gələn öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

27. İddia tələbinin “55,08 (əlli beş manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 55,08 (əlli beş manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 55,08 (əlli beş manat səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

30. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1782,6 (min yeddi yüz səksən iki manat altmış qəpik) manat məbləğində əsas bоrc, 159,98 (yüz əlli doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 16,41 (on altı manat qırx bir qəpik) manat məbləğində cərimə və 55,08 (əlli beş manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1958,99 (min doqquz yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

31. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1782,6 (min yeddi yüz səksən iki manat altmış qəpik) manat məbləğində əsas bоrc, 159,98 (yüz əlli doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 16,41 (on altı manat qırx bir qəpik) manat məbləğində cərimə və 55,08 (əlli beş manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1958,99 (min doqquz yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar