Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1014/2024 18.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 30 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 011R********** nömrəli kredit razılaşması üzrə 23800,09 manat məbləğində krеdit bоrcunun, 3577,44 manat məbləğində faiz bоrcunun, 1910,27 manat məbləğində cərimə bоrcunun və 171,86 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 və zaminlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli 011L**********61 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsinə əsasən kredit alan Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Həmin Uzunmüddətli Kredit və Təminat müqaviləsi üzrə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə imzalanan 16 yanvar 2023-cü il tarixli 011R********** saylı “Kredit sazişi-biznes krediti və girov barədə” Qarışıq Razılaşma əsasında kredit alan Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26000 (iyirmi altı min) manat məbləğində kredit götürmüşdür. Lakin, o, Uzunmüddətli Kredit və Təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 16 iyun 2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylar üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Borcalan Cavabdeh2 götürdüyü krеdit bоrcundan 2199,91 manat ödəmiş və onun 23800,09 manat məbləğində əsas kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri lazımi qaydada kreditora qaytarmadığı üçün 15 mart 2024-cü il tarixə 273 gün üçün hesablanmış faiz borcu 3577,44 manat təşkil etmişdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu Ödəniş Planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. 15 mart 2024-cü il tarixə 273 gün üçün hеsablanmış cərimə 1910,27 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən Zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin Müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 isə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) – “Kredit alan”, Cavabdeh1 və Cavabdeh3 isə – “Zaminlər” olmaqla, bağlanmış 16 yanvar 2023-cü il tarixli 011L**********61 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin 2.1-ci bəndinə görə kredit alan Cavabdeh2 (VÖEN **********) 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.13-cü bəndinə əsasən, zamin - bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən, kreditalan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda, bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin Müqavilənin 11.1-ci bəndinə əsasən, Zamin Kreditalanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh2 – “Kredit alan” olmaqla, bağlanmış 16 yanvar 2023-cü il tarixli 011R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşmaya əsasən təyinatı (məqsədi) “Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 36 ay müddətinə aylıq 1,6667 % dərəcəsi ilə 26000 (iyirmi altı min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh2 Banka olan borcunun - müvafiq Ödəniş Planına (ödəniş cədvəlinə) əsasən 16 yanvar 2023-cü il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə son ödəniş tarixi 16 yanvar 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 15 mart 2024-cü il tarixli OUT-2024/03/15-28 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh2 16 yanvar 2023-cü il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşması üzrə 15 mart 2024-cü il tarixinə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 23800,09 manat məbləğində əsas bоrcu, 3577,44 manat məbləğində faiz borcu və 1910,27 manat məbləğində cərimə borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 273 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kreditalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh1 və Cavabdeh3 müvafiq olaraq 16 yanvar 2023-cü il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşmasını bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində (Ödəniş Planında) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Odur ki, 16 yanvar 2023-cü il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə cəmi 26000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh2 15 mart 2024-cü il tarixə 23800,09 manat əsas borcun, 3577,44 manat faiz borcunun və 1910,27 manat cərimə borcunun cavabdehlərdən (borcalan Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3) müştərək qaydada tutulması üçün müvafiq (hazırkı) iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı QSC tərəfindən məhkəməyə 171,86 (yüz yetmiş bir manat 86 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "23800,09 manat məbləğində əsas borcun və 3577,44 manat məbləğində faiz borcunun tutulması” hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "1910,27 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri və işin konkret halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada cəmi 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdеhlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 011R********** saylı krеdit razılaşması üzrə 23800,09 manat əsas borc, 3577,44 manat faiz borcu və 500 manat cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı iddia tələbinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 171,86 (yüz yetmiş bir manat 86 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 011R********** nömrəli krеdit razılaşması üzrə 23800,09 (iyirmi üç min səkkiz yüz manat 09 qəpik) manat əsas borc, 3577,44 (üç min beş yüz yetmiş yeddi manat 44 qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə və 171,86 (yüz yetmiş bir manat 86 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28049,39 (iyirmi səkkiz min qırx doqquz manat 39 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1014/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1014/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver