Məhkəmə qərarları › İş №e-2-2(119)-1017/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1017/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1017/2025 20.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 5415,57 (beş min dörd yüz on beş manat, əlli yedi qəpik) manat məbləğində əsas borc, 821,84 (səkkiz yüz iyirmi bir manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 6237,41 (altı min iki yüz otuz yeddi manat, qırx bir qəpik) manat məbləğində borcun və 82,37 (səksən iki manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 20 fevral 2024-cü il tarixli KBTK6454796B117 nömrəli kredit müqaviləsinə əsasən ona illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 6800 manat məbləğində kredit verilmişdir. Kredit onlayn qaydada rəsmiləşdirilmiş və 2137 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən kassadan nağd formada əldə edilmiş, qalan məbləğ isə ona məxsus hesaba köçürülmüşdür. Borcun təminatı olaraq Cavabdeh2la zaminlik müqaviləsi bağlanılmışdır. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. Bununla əlaqədar Cavabdeh1 və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh2la mübahisənin pretenziya qaydasında nizama salınması dair cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2023-cü il tarixli **********15092023 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin “Müqavilənin predmeti, məqsədi və əhatə dairəsi” adlanan 1-ci hissəsinin 2-ci bəndinə əsasən, bank (iddiaçı) müqavilə çərçivəsində müştəriyə (cavabdehə) cari hesabın açılması, aparılması, kredit, korporativ kart xidmət kimi xidmətləri və məhsulları təqdim edir. Həmin hissənin 3-cü bəndinə əsasən, müştəri bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə müştəri və bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. Həmin müqavilənin “kredit” adlanan bölməsinin 1.10-cu bəndinə əsasən, bank müvafiq borcalana hazırkı müqavilənin şərtlərinə uyğun olaraq xüsüsi şərtlər ilə müəyyən edilmiş məbləğ, valyuta və müddətə borclanma limitini ayırır. Həmin müqavilənin 1.17-ci bəndinə əsasən, kreditin əsas məbləği, ona hesablanmış faizlər və kreditin qaytarılma müddətləri pozulduqda tətbiq edilən cərimə (dəbbə pulu) borc alan tərəfindən xüsusi şərtlərdə nəzərdə tutulmuş qaydada banka ödənilir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2023cü il tarixli **********15092023 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 20 fevral 2024-cü il tarixli KBTK6454796B117 nömrəli əlavənin 2-ci hissəsinə əsasən, bank xüsusi şərtlərlə borcalana kredit ayırır, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. Həmin əlavənin 2.1-2.6-cı bəndlərinə əsasən, cavabdehə 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə kreditin növü kad modulu ilə verilən təkrar kreditlər, məqsədli təyinatı fərdi mikro kredit olan 6800 manat məbləğində kredit verilmişdir. Həmin əlavənin 2.14-cü bəndinə əsasən, bu əlavə ilə müəyyən edilmiş öhdəliklərin təminatı kimi Cavabdeh2 zaminliyi qeydə alınacaqdır. Həmin əlavənin 2.16-cı bəndinə əsasən bu Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Həmin əlavənin ödəniş qrafikindən görünür ki, cavabdehin banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 20 fevral 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli ZM-KBTK6454796B117 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin (Cavabdeh2) borcalanın (Cavabdeh1) bank qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, KBTK6454796B117 nömrəli müqaviləyə əsasən Cavabdeh1 6800 manat məbləğində tranş ayrılmış, həmin hesabdan çıxarışa və 20 fevral 2024-cü il tarixli kassa məxaric orderinə əsasən, kreditin 2137 manat məbləğində olan hissəsi kassadan məxaric edilmişdir. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli 15/01178 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 20 fevral 2024-cü il tarixli KBTK6454796B117 nömrəli müqavilə üzrə 01 aprel 2025-ci il tarixə 5415,57 manat məbləğində əsas borc, 821,84 manat məbləğində faiz borcu olmaqla, cəmi 6237,41 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə bağladığı 15 sentyabr 2023-cü il tarixli **********15092023 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 20 fevral 2024-cü il tarixli KBTK6454796B117 nömrəli Əlavə üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 fevral 2024-cü il tarixli KBTK6454796B117 nömrəli Əlavə üzrə cavabdehlərdən müştərək qaydada 5415,57 manat məbləğində əsas borcun və 821,84 manat məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 82,37 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 17 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 82,37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 82,37 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 5415,57 manat məbləğində əsas borc, 821,84 manat məbləğində faiz borcu və 82,37 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6319,78 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5415,57 (beş min dörd yüz on beş manat, əlli yedi qəpik) manat məbləğində əsas borc, 821,84 (səkkiz yüz iyirmi bir manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu və 82,37 (səksən iki manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6319,78 (altı min üç yüz on doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar