Məhkəmə qərarları › İş №e-2-2(119)-1021/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1021/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1021/2025 22.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 31301,1 manat məbləğində əsas bоrc, 2083,13 manat məbləğində faiz bоrcu və 1001,2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 34385,43 (otuz dörd min üç yüz səksən beş manat qırx üç qəpik) məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 193,16 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının əvəzinin tutulması; tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Susayqışlaq kəndində xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 131,4 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracda satılması və ümumilikdə 34385,43 (otuz dörd min üç yüz səksən beş manat qırx üç qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 193,16 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının əvəzinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zaminlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli 011L**********56 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüziyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış 13 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 8698,9 manat ödəmiş, onun 31301,1 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 159 gün üçün hesablanmış faiz borcu 2083,13 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 21 aprel 2025-ci il tarixə 159 gün üçün hеsablanmış cərimə 1001,2 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1, ipoteka qoyan- Cavabdeh3 və Bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh3 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Susayqışlaq kəndində xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 131.4 kv.m sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Susayqışlaq kəndində xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 131.4 kv.m sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetində qeydiyyatda olan, yetkinlik yaşına çatan və ipoteka qoyanın həyat yoldaşı Maraqlı şəxs Cavabdeh3 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Susayqışlaq kəndində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 131,4 kv.m sahədən ibarət fərdi yaşayış evini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.

3. 22 sentyabr 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 30057,66 manat məbləğində əsas borc, 2743,01 manat məbləğində faiz bоrcu və 1345,81 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34146,48 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 193,16 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun, 36 manat xidmət haqqının və 300 manat mütəxəssis rəyinin dəyərinin tutulması; tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Susayqışlaq kəndində xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 131,4 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 34146,48 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 193,16 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun, 36 manat xidmət haqqının və 300 manat mütəxəssis rəyinin dəyərinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia tələbini qəbul edərək təqribən 10 gün ərzində borcun yarısını ödəyəcəyini bildirmiş, məhkəmədən cərimə məbləğinin azaldılmasını xahiş etmişdir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

9. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli 011L**********56 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır.

10. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh3 arasında bağlanılmış 13 noyabr 2023cü il tarixli ipoteka müqaviləsinə əsasən 13 noyabr 2023-cü il tarixli 011L**********56 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Susayqışlaq kəndində xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 131.4 kv.m sahədən ibarət fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

11. İş materiallarında olan uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 onunla İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 18 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) manat məbləğində məbləğində kredit götürmüşdür.

12. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tərtib olunmuş ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 13 noyabr 2026-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və ipoteka qoyan və zamin Cavabdeh3 imzaları ilə təsdiq edilmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Xaçmaz rayonu, Susayqışlaq kəndində xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 131.4 kv.m olan fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir.

14. İş materiallarından görünür ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Susayqışlaq kəndində xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 131.4 kv.m olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 13 noyabr 2023-cü il tarixli 011L**********56 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi göstərilmişdir.

15. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 21 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 21 aprel 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 31301,1 manat məbləğində əsas borcu, 2083,13 manat məbləğində faiz borcu və 1001,2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 34385,43 manat məbləğində borcu vardır.

16. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 17 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 17 iyun 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 30057,66 manat məbləğində əsas borcu, 2743,01 manat məbləğində faiz borcu və 1345,81 manat məbləğində cərimə borcu olmaqla, cəmi 34146,48 manat məbləğində borcu vardır.

17. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 17 mart 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 31697,1 manat məbləğində əsas bоrc, 1654,92 manat məbləğində faiz bоrcu və 781,81 manat məbləğində cərimə borcu olduğu bildirilmiş, borcun qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

18. İş materiallarında olan 03 sentyabr 2025-ci il tarixli, 473/E nömrəli mütəxəssis rəyinin nəticə hissəsində göstərilir ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsindən evin tikintialtı çıxıldıqdan sonra qalan hissənin bazar dəyəri 5129 (beş min yüz iyrimi doqquz) manat, likvid dəyəri 4360 (dörd min üç yüz altmış) manat, onun üzərindəki ümumi sahəsi 131,4 kv.m olan fərdi yaşayış evinin real bazar qiyməti 63598 (altmış üç min beş yüz doxsan səkkiz) manat və likvid qiyməti 54058 (əlli dörd min əlli səkkiz) manat müəyyən edilmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

20. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, borcalan Cavabdeh1 13 noyabr 2023cü il tarixli 011L**********56 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsini və 13 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma barədə müqavilələri bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.

21. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 30057,66 (otuz min əlli yeddi manat altmış altı qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir.

22. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

23. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər.

24. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir.

25. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 13 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 17 mart 2025-ci il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və həmin tarixə hesablanmış 1654,92 (min altı yüz əlli dörd manat doxsan iki qəpik) manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

28. Məhkəmə hesab edir ki, iddianın "1345,81 manat məbləğində dəbbə pulunun iddiaçının xeyrinə tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları, həm kreditorun, həm də borcluların əsaslı mənafeyi nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq 13 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1001,02 (min bir manat iki qəpik) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli 011L**********56 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 “zamin” olaraq kredit alanın həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

34. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2023cü il tarixli ipoteka müqaviləsinə əsasən Xaçmaz rayonu, Susayqışlaq kəndində xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 131,4 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

35. Məhkəmə iş üzrə keçirilmiş mütəxəsis tədqiqatının nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 58418 (əlli səkkiz min dörd yüz on səkkiz) manat (4360+54058=58418 manat) göstərilməlidir.

36. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır.

37. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

38. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.

39. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan 01 avqust 2025-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən və 03 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

40. Bundan başqa iş materiallarında olan 10 sentyabr 2025-ci il tarixli hesab fakturadan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, e-2- 2(119)-1021/2025 nömrəli qərardadı ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də iddia tələbi “iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsində də təmin edilməlidir.

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan 02 may 2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 193,16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi qismən təmin olunduğundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 188,14 (yüz səksən səkkiz manat on dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada 30057,66 (otuz min əlli yeddi manat altmış altı qəpik) manat məbləğində əsas bоrc, 1654,92 (min altı yüz əlli dörd manat doxsan iki qəpik) manat məbləğində faiz borcu, 1001,02 (min bir manat iki qəpik) manat məbləğində cərimə, 188,14 (yüz səksən səkkiz manat on dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 36 (otuz altı) manat məbləğində xidmət haqqı və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat xidmət haqqı olmaqla, cəmi 33252,74 (otuz üç min iki yüz əlli iki manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 33252,74 (otuz üç min iki yüz əlli iki manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 131,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 33252,74 (otuz üç min iki yüz əlli iki manat yetmiş dörd qəpik) manat məbləğində borc ödənilməli, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 131,4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 58418 (əlli səkkiz min dörd yüz on səkkiz) manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada 30057,66 (otuz min əlli yeddi manat altmış altı qəpik) manat məbləğində əsas bоrc, 1654,92 (min altı yüz əlli dörd manat doxsan iki qəpik) manat məbləğində faiz borcu və 1001,02 (min bir manat iki qəpik) manat məbləğində cərimə, 188,14 (yüz səksən səkkiz manat on dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 36 (otuz altı) manat məbləğində xidmət haqqı və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat xidmət haqqı olmaqla, cəmi 33252,74 (otuz üç min iki yüz əlli iki manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 33252,74 (otuz üç min iki yüz əlli iki manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 131,4 kv.m olan fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 33252,74 (otuz üç min iki yüz əlli iki manat yetmiş dörd qəpik) manat məbləğində borc ödənilsin. Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 131,4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 58418 (əlli səkkiz min dörd yüz on səkkiz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar