Məhkəmə qərarları › İş №e-2-2(119)-1023/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1023/2025

17.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1023/2025 17.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən sahibkarlıq obyektinə hesablanmış 4563,90 (dörd min beş yüz altmış üç manat doxsan qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin X3 Təchizatı və Satışı İdarəsi ilə bağlanmış 17 fevral 2025-ci il tarixli, 521369 nömrəli müqavilə əsasında **********5 nömrəli abonent kodu ilə elektrik enerjisindən istifadə edir. Həmin kodla ona məxsus olan Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən ticarət obyektinə işıq sayğacı quraşdırılmış və obyekt icarə müqaviləsi əsasında Zəhra Məmmədova tərəfindən “X4” adlı ictimai iaşə obyekti kimi istifadə olunur. 17 aprel 2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları həmin obyektin elektrik sayğacına baxış keçirmişlər və həmin tarixdə akt tərtib etmişlər. Aktda paylayıcı qurğudan obyektə və obyektdə yerləşən 2 ədəd dönər aparatına (ümumilikdə 4 kv) qoşulmuş kənar xətt aşkarlandığı qeyd edilmişdir. Həmin akt əsasında 22 aprel 2025-ci il tarixdə abonent hesabına 4563,9 manat məbləğində borc hesablanmışdır. İddiaçı istehlakçı kimi "xxxx" ASC-nin əməkdaşları tərəfindən ticarət obyektinə baxış keçirilməsini, o cümlədən tərtib olunmuş aktı və akt əsasında borcun hesablanmasını qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri iddiaçıya məxsus ticarət obyektində yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun şəkildə, yəni plan üzrə və ya plandankənar yoxlamanın aparılması qaydalarının tələblərinə uyğun aparmalı idi. Obyektdə yoxlamanın aparılması üçün müvafiq qərar qəbul edilməli, yoxlamanın aparılmasından əvvəl reyestrdən müvafiq çıxarış alınmalı idi. Göründüyü kimi, yoxlama özbaşına şəkildə qeyd olunan Qanunun tələbləri pozulmaqla həyata keçirilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ticarət obyektində həyata keçirdikləri yoxlama fəaliyyəti qanunsuz olduğundan hər hansı hüquqi nəticə doğura bilməz, fəaliyyət özlüyündə etibarsız fəaliyyətdir. Bundan başqa, yoxlama aktına əsasən hesablanmış borc da həddindən artıq şişirdilmiş, borc hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, yoxlama aktında kənar xəttin iki ədəd dönər aparatına qoşulması müəyyən edilsə də, həmin dönər aparatlarının hansı tarixdən işləməsi, onların işləmə saatı, enerji sərfiyyatı gücü və sərfiyyatın ümumi müddəti, o cümlədən paylayıcıya son baxış tarixi dəqiq müəyyən olunmamışdır. Çünki ticarət obyekti sayğac əsasında elektrik enerjisini istehlak etmişdir. Aşkar olunmuş kənar xətt yoxlama tarixindən təxminən 2 ay əvvəl qoşulmuşdur. Qoşulmadan əvvəl isə iddiaçı Qusar elektrik şəbəkəsinə şifahi müraciət edərək ona məxsus obyektə verilən elektrik enerjisinin həcminin artırılmasını xahiş etmiş, lakin müraciəti cavabsız qalmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 17 aprel 2025-ci il akta nəzər saldıqda müəyyən olunur ki, aşkar olunmuş kənar xətt kabeli ticarət obyektində olan iki ədəd dönər aparatına qoşulmuşdur. Ona görə də, gündəlik sərfiyyat hesablanarkən həmin aparatların gündəlik işləmə saatları müəyyən olunmalı idi. Çünki qoşulmuş kənar xətt yalnız köməkçi elektrik təchizatı üçün qoşulmuşdur. Ticarət obyektinin digər elektrik avadanlıqları elektrik enerjisindən sayğac üzrə təminat almışlar. Kənar xətt qoşulduqdan sonra da, obyektdə olan sayğac əvvəlki gücü ilə işləmiş, buna görə də müvafiq haqq ödənilmişdir. Bundan başqa, İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilədən də görünür ki, müqavilə ictimai iaşə obyekti üçün bağlanmışdır. Belə olan halda, kənar xətt vasitəsi ilə qəbul olunmuş elektrik enerjisinin həcmi hesablanarkən sutkanın 24 saatı deyil, məhz obyektdəki iki ədəd dönər aparatının işləmə saatı nəzərə alınmaqla hesablanmalı idi. Aktda aşkar olunmuş xətdən axan yükün 4 kvt təşkil etdiyi qeyd edilmişdir. Dönər aparatları isə gündə 8-10 saat işləmişdir. Belə olan halda, sərf olunmuş elektrik enerjisi gündəlik 32-40 kvt təşkil etmişdir. Bu isə gündəlik 4-5 manat sərfiyyat deməkdir. Kənar xətt yoxlamadan təxminən 2 ay əvvəl qoşulduğu üçün iki ayın sərfiyyatı 240-300 manat təşkil edir. Bundan başqa, istinad olunan Qaydaların tələblərinə əsasən kənar xəttin elektrik enerjisi sərfiyyatı hesablanarkən paylayıcıya son baxış tarixinin müəyyən olunması mühüm əhəmiyyət kəsb edir. Paylayıcıya sonuncu dəfə baxış keçirilməsi isə cavabdeh təşkilat tərəfindən nəzərə alınmamışdır. Halbuki, on iki ayda bir dəfədən az olmayaraq paylayıcı qurğulara baxış keçirmək enerjitəchizatı müəssisəsinin, yəni cavabdeh təşkilatın birbaşa vəzifəsidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabladığı 4563,9 manat məbləğində borc əsassız olduğundan silinməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 21 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək iddia tələbi əssasız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 17 aprel 2025-ci il tarixdə iddiaçıya məxsus obyektin elektrik hesabat sayğacına “Elektrik enerjisındən istifadə Qaydaları”na uyğun olaraq baxış keçirilən zaman sayğacın sxemdən kənar xətdən istifadə olunması, kənar xəttin 0.4 Kv-luq dayaqdan N-kəsik sahəsi S=2x10 mm2 aliminium sip kabel xəttə qoşularaq birbaşa obyektə və obyektdə olan işlədicilərə iki ədəd dönər aparatı qoşulması, elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə edilməsi halı aşkar edilmişdir. Həmçinin kənar xətt video çəkilişlə qeydə alınmışdır. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında 17 aprel 2025-ci il tarixli NİQ 003798 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 4563,9 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Həmçinin iddiaçı yoxlamanın vahid məlumat resterində qeydə alınmadığını əsas göstərərək aktın bu əsasla ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Yoxlama 17 aprel 2025-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən qeydiyyatdan keçmişdir. Bununla əlaqədar yoxlama kodu KY252301275 olan çıxarış məhkəməyə təqdim edilmişdir. Sayğacdan kənar xətt vasitəsilə istifadəedilməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən obyektdə istifadəolunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Qeyd olunanlara əsasən iddiaçının “Elektrik enerjısindən istifadə Qaydaları”nın tələblərinin açıq aşkar pozduğu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. İddiaçı "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən “Elektrik enerjısindən istifadə Qaydaları”nın tələbinə uyğun istifadə etməli, sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İddiaçı 16 sentyabr 2025-ci tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 24 iyul 2025-ci il tarixli məhkəmə hazılıq iclasında iştirak edən İddiaçı sahibkarlıq obyektində kənar xəttdən yalnız 2025-ci ilin mart-aprel aylarında istifadə olunduğunu bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Enerjitəchizatı müəssisəsi ilə abonent İddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair 17 fevral 2025-ci il tarixli 521369 nömrəli Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarəti, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. İş materiallarında olan KY252301275 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti təfərindən X1 icarəsində olan sahibkarlıq obyektində başlama tarixi 17 aprel 2025-ci il, qurtarma tarixi 17 aprel 2025-ci il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 17 aprel 2025-ci il tarixli NİQ 003798 nömrəli aktda Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən sahibkarlıq obyektinə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq obyektin elektrik hesabat sayğacına baxış keçirilən zaman sayğacın sxemdən kənar xətdən istifadə olunmasının, kənar xəttin 0.4 Kv-luq dayaqdan N-kəsik sahəsi S=2x10 mm2 aliminium sip kabel xəttə qoşularaq birbaşa obyektə və obyektdə olan işlədicilərə (2 ədəd dönər aparatına) qoşulmasının müəyyən olunduğu qeyd edilmişdir. İş materiallarında olan 23 aprel 2025-ci il tarixli icra vərəqindən görünür ki, yenidən hesablaşma aparılmış, İddiaçı 11 kvt x 12 saat x 300 gün = 39600 kvts, tarif (0,11 man) – 25740 kvts x 0,11 = 2831,40 manat, tarif (0,125 man) – 13860 kvts x 0,125 = 1732,50 manat olmaqla, cəmi 4563,90 manat borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, abunə kodu **********5 olan İddiaçı 23 aprel 2025-ci il tarixə NİQ 003798 nömrəli akt əsasında 4563,90 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 aprel 2025-ci il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektinə yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınaraq baxış keçirilmiş, baxış zaman sayğacın sxemdən kənar xətdən istifadə olunması, kənar xəttin 0.4 Kv-luq dayaqdan N-kəsik sahəsi S=2x10 mm2 aliminium sip kabel xəttə qoşularaq birbaşa obyektə və obyektdə olan işlədicilərə (2 ədəd dönər aparatına) qoşulması müəyyən edilmiş, bununla bağlı 17 aprel 2025-ci il tarixli NİQ 003798 akt tərtib edilmiş və həmin akt əsasında 300 gün (10 ay) müddətində istifadə edilmiş elektrik enerjisinin dəyəri yenidən hesablanaraq 4563,90 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçının 300 gün (10 ay) müddətində hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş, iddiaçı isə həmin sahibkarlıq obyektində kənar elektrik xəttindən cəmi iki ay – 2025-ci ilin mart-aprel aylarında istifadə olunduğunu etiraf etmişdir. Buna görə məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 300 gün (10 ay) müddət üçün hesablanmış 4563,90 manat borcdan yalnız iki ay müddətində istifadə edilmiş elektrik enerjisinin dəyəri olan 912,78 manat (4563,90 manat / 10 ay = 456,39 manat; 456,39 manat x 2 ay = 912,78 manat) borc saxlanılmaqla, qalan 3651,12 manat (4563,90 manat - 912,78 manat = 3651,12 manat) borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadəetməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********5) 17 aprel 2025-ci il tarixli NİQ 003798 nömrəli akta əsasən hesablanmış 3651,12 (üç min altı yüz əlli bir manat on iki qəpik) manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********5) 17 aprel 2025-ci il tarixli NİQ 003798 nömrəli akta əsasən hesablanmış 3651,12 (üç min altı yüz əlli bir manat on iki qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar