Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1026/2023 26.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 sentyabr 2020ci il tarixli kredit müqaviləsi üzrə banka 0,05 manat məbləğində əsas borc, 1458 manat məbləğində faiz borcu, 300,31 manat məbləğində cərimə, kredit müqaviləsi üzrə 15 sentyabr 2022-ci il tarixdən 03 fevral 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 5,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1763,56 manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 03 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən X1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 0,05 manat əsas borc, 1458 manat faiz borcu, 300,31 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1763,56 manat borcu vardır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən borcu zamin Cavabdeh2 tələb edilir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2-2(119)- 1026/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 25 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 26 oktyabr 2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 əsas və faiz borcu ilə bağlı hissədə iddianı qəbul etdiyini bildirmiş, cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - 15 sentyabr 2020-ci il tarixli 11-MZ-1-0-2253-20 nömrəli kreditin verilməsinə dair müqaviləyə əsasən X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit üzrə faiz dərəcəsi 23 %, faktiki illik faiz dərəcəsi 24,06 % olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. - 11-MZ-1-0-2253-20 nömrəli kreditin müqaviləsinə 15 sentyabr 2020-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan X1 banka olan borcunun müvafiq qrafikə əsasən son ödəniş tarixi 15 sentyabr 2022-ci il olmaqla aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan X2 imza etmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli 11-MZ-1-0-2253-20 nömrəli zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 03 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 15 sentyabr 2020-ci il tarixli 11-MZ-1-0-2253-20 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 0,05 manat əsas borcu, kreditin bitmə tarixinə 1438,05 faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 5,2 manat məbləğində borcu və 300,31 manat məbləğində cərimə borcu vardır. - 12 aprel 2021-ci il tarixli AZ-İİ seriyalı 178508 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, 15 sentyabr 2020-ci il tarixli 11-MZ-1-0-2253-20 nömrəli kredit müqaviləsi üzrə borcalan X2 08 aprel 2021-ci ildə “Başqa rubrikalarda da təsnif olunmayan tənəffüs çatmazlığı” səbəbindən ölmüş və bu barədə “Ölüm haqqında akt qeydləri kitabında” 12 aprel 2021-ci ildə “285” nömrə ilə qeyd edilmişdir ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə də müəyyən olunur ki, 01 aprel 1961-ci il təvəllüdlü X2 08 aprel 2021-ci ildə ölmüşdür). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, kredit verən “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 15 sentyabr 2020-ci il tarixli 11-MZ-1-0-2253-20 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə öhdəliklərin icrası mərhum borcalan X1 şəxsi iştirakı olmadan mümkün olduğuna görə, həmin kredit müqaviləsi üzrə onun borcu həmin kredit müqaviləsi üzrə zamin-oğlu Cavabdeh2 tələb edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, mərhum borcalan X2 ilə bağlanmış 15 sentyabr 2020-ci il tarixli 11- MZ-1-0-2253-20 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə verilmiş kredit ödəniş cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin müqavilə üzrə 03 fevral 2023-cü il tarixə 0,05 manat məbləğində əsas, 1458 manat məbləğində faiz, 300,31 manat məbləğində cərimə və müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 5,2 manat məbləğində borcun olduğu müəyyən edilmişdir. Lakin borcalan X2 08 aprel 2021-ci il tarixdə öldüyündən Cavabdeh2 həmin kredit müqaviləsi üzrə zamin olaraq müqavilə üzərinə düşən öhdəliyi yerinə yetirərək, vəfat etmiş borcalanın əvəzindən ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödənişlər etmədiyindən borcverən (iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zamin (cavabdeh) Cavabdeh2 qarşı “cavabdеh Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin хеyrinə 0,05 manat məbləğində əsas borc, 1458 manat məbləğində faiz borcu, 300,31 manat məbləğində cərimə, kredit müqaviləsi üzrə 15 sentyabr 2022-ci il tarixdən 03 fevral 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 5,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1763,56 manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd etmək lazımdır ki, məlum kredit müqaviləsi üzrə zamin olduğu üçün Cavabdeh2 borcalan - X2 öldükdən sonra həmin kredit müqaviləsi üzrə zamin olaraq öhdəlik daşımasından məlumatlı olmuşdur və zamin olaraq həmin öhdəlikləri borcalanın əvəzindən icra edə bilərdi. Yəni, 15 sentyabr 2020-ci il tarixli 11-MZ-1-0-2253-20 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə zamin (cavabdeh) Cavabdeh2 15 sentyabr 2020-ci il tarixli 11-MZ-1-0-2253-20 nömrəli zaminlik müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcalan X2 08 aprel 2021-ci ildə öldükdən sonra borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş, bununla da, borcverən “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətindən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Çünki qanunvericiliyin tələblərinə görə borclunun (borc alanın) ölümü – zaminliyə xitam verilməsinə səbəb olmur. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 15 sentyabr 2020-ci il tarixli 11-MZ-1-0-2253-20 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsi təmin olunmadığından, həmin kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu cavabdeh-zamin Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Faiz borcunun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 03 fevral 2023-cü il tarixli maliyyə arayışı mötəbər sübut kimi nəzərə alınmalıdır. Belə ki, maliyyə arayışında müqavilənin bitmə tarixinə faiz borcu 1438,05 manat (min dörd yüz otuz səkkiz manat beş qəpik) göstərilmişdir. Buna görə də sözügedən kredit müqaviləsi üzrə 0,05 manat (beş qəpik) manat məbləğində əsas borc və 1438,05 manat (min dörd yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin 15 sentyabr 2020-ci il tarixli 11-MZ-1-0-2253-20 nömrəli kreditin verilməsinə dair müqavilənin müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 5,2 (beş manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti də iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "300,31 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh2 cəmi 10 (on) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 0,05 manat (05 qəpik) manat məbləğində əsas borc, 1438,05 manat (min dörd yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% (beş) faizlə hesablanmış 5,2 manat məbləğində faiz və 10 (on) manat məbləğində cərimə tutularaq iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (cavabdeh ilkin mediasiya sesssiyasında iştirak etməmişdir). İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Cavabdeh2 dövlət nəfinə 34,53 (otuz dörd manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 0,05 manat (beş qəpik) manat məbləğində əsas borc, 1438,05 manat (min dörd yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınmaqla 5,2 (beş manat iyirmi qəpik) manat faiz, 10 (on) manat məbləğində cərimə və 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1513,30 (min beş yüz on üç manat otuz qəpik) manat manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 dövlət nəfinə 34,53 (otuz dörd manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1026/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1026/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver