Məhkəmə qərarları › İş №e-2-2(119)-103/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-103/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-103/2025 13.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17241,73 (on yeddi min iki yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində əsas borcun və 141,73 (yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 dekabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. 21 dekabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 21 dekabr 2022-ci il tarixdə Cavabdeh2 və 17 iyul 2023-cü il tarixdə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanılmışdır. 17 iyul 2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialından aylıq 1,83%-lə 24 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. 17 iyul 2023-cü il tarixli 21 dekabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə Əlavə Sazişə əsasən Cavabdeh1 zamin kimi əlavə edilmişdir. 22 yanvar 2024cü il tarixli 17 iyul 2023-cü il tarixli kredit müqaviləsinə Əlavə Sazişə əsasən kreditin məbləği 17241,73 (on yeddi min iki yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində müəyyən edilmiş, kreditin faiz dərəcəsi 0% müəyyən edilmiş, kreditin müddəti 17 yanvar 2026-cı ilə qədər uzadılmışdır. 30 iyul 2024-cü il tarixədək Cavabdeh3 17 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 17241,73 (on yeddi min iki yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində əsas borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. 13 yanvar 2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, 4-MCR-1-1482-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. - 17 iyul 2023-cü il tarixli 4MCR-1-1482-22/2 saylı kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aylıq faiz dərəcəsi 1,83% olmaqla 24 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. - 17 iyul 2023-cü il tarixli, 4MCR-1-1482-22/2 saylı kredit verilməsinə dair müqaviləyə 17 iyul 2023-cü il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh3 banka olan borcunun sonuncu ödəniş tarixi 17 iyul 2025-ci il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, Z/20762/22 saylı zaminlik müqaviləsinə əsasən 21 dekabr 2022-ci il tarixli, 4-MCR-1-1482-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2023-cü il tarix Z/11813/23 saylı zaminlik müqaviləsinə əsasən 21 dekabr 2022-ci il tarixli, 4-MCR- 1-1482-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 21 dekabr 2022-ci il tarixli, 4-MCR-1-1482-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə edilmiş 17 iyul 2023-cü il tarixli Əlavə Sazişin 1.1-ci bəndinə əsasən həmin müqavilənin "Cavabdeh1 tərəfindən verilən zaminlik (17 iyul 2023-cü il tarixli Z/11813/23 nömrəli müqavilə)" redaksiyada 10-cu bəndinə əlavə edilir. - 17 iyul 2023-cü il tarixli, 4MCR-1-1482-22/2 saylı kredit müqaviləsinə dair edilmiş əlavə və dəyişikliklər barədə 22 yanvar 2024-cü il tarixli Əlavə Sazişə əsasən kreditin məbləği 17241,73 (on yeddi min iki yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində, müddəti 24 (iyirmi dörd) ay, kreditin faiz dərəcəsi 0% müəyyən edilir. - 17 iyul 2023-cü il tarixli 4MCR-1-1482-22/2 saylı kredit müqaviləsinə edilmiş 22 yanvar 2024-cü il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 17 yanvar 2026-cı ilə qədər təşkil edir. - 17 iyul 2023-cü il tarixli 4MCR-1-1482-22/2 saylı kredit müqaviləsinə 22 yanvar 2024-cü il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh3 banka olan borcunun sonuncu ödəniş tarixi 17 yanvar 2026-cı il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 17 iyul 2023-cü il tarixli, 4MCR-1-1482-22/2 saylı kredit verilməsinə dair razılaşma üzrə 30 iyul 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17241,73 (on yeddi min iki yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. - 30 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 (VÖEN: **********) 17 iyul 2023-cü il tarixli, 4MCR-1-1482-22/2 saylı kredit verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli, 4MCR-1-1482-22/2 saylı kredit verilməsinə dair razılaşma üzrə 17241,73 (on yeddi min iki yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 21 dekabr 2022-ci il tarixli, Z/20762/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 və 17 iyul 2023-cü il tarix Z/11813/23 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bankdan kredit götürmüş borc alan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “141,73 (yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 141,73 (yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 141,73 (yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17241,73 (on yeddi min iki yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində əsas borc və 141,73 (yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17383,46 (on yeddi min üç yüz səksən üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17241,73 (on yeddi min iki yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində əsas borc və 141,73 (yüz qırx bir manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17383,46 (on yeddi min üç yüz səksən üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar