Məhkəmə qərarları › İş №e-2-2(119)-1031/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1031/2024

06.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1031/2024 06.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi İş № e-2-2(119)-1031/2024 QƏRARDAD iddia ərizəsinin qaytarılması haqqında Sumqayıt Kommersiya Məhkəməsi 06 iyun 2024-cü il Sumqayıt şəhəri Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Cavabdeh tərəfindən verilmiş "borcun hissə-hissə icra edilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Cavabdeh 03 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə özünü cavabdeh qismində göstərməklə "borcun hissə-hissə icra edilməsi” tələbinə dair “iddia ərizəsi” ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “Sumqayıt Kommersiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli e-2-2(119)-76/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi” barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Lakin, bu kimi müraciətlərlə əlaqədar məhkəməyə “iddia ərizəsi” ilə deyil, "Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına" dair Təlimatın tələblərinə uyğun tərtib edilmiş müvafiq ərizə (“8” indeksi üzrə icraat qaydasında) ilə məhkəməyə müraciət olunmalıdır. "Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına" dair Təlimatın 168-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə - iddia ərizəsi isə məhkəməyə yazılı şəkildə verilir (maddə 149.1), iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir (maddə 149.2.2) və iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır (maddə 149.2.3). Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar Cavabdeh "borcun hissə-hissə icra edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Ona görə də, Cavabdeh "borcun hissə-hissə icra edilməsi” tələbi barədə iddia ərizəsi ona geri qaytarılmalıdır. Bundan əlavə, Cavabdeh nümayəndəsi Vəkil 05 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli e-2-2(119)-76/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş "borcun hissə-hissə icra edilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Cavabdehə izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə müvafiq qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar