Məhkəmə qərarları › İş №e-2-2(119)-1032/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1032/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1032/2024 05.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 03 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin kiçik mübahisələr üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 03 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 011R********** saylı “krеdit sazişi - biznes krediti və girov” barədə qarışıq Razılaşma üzrə 2051,51 manat məbləğində krеdit bоrcu, 302,02 manat məbləğində faiz bоrcu və 126,82 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2480,35 (iki min dörd yüz səksən manat 35 qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,81 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı mövcud məlumatlarla müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh2 (zamin) 26 aprel 2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh2 26 aprel 2023-cü ildə vəfat etdiyi üçün hazırkı iddia ərizəsinin veridiyi vaxt, yəni 03 iyun 2024-cü ildə onun hüquq qabiliyyəti (eləcə də, mülki prosessual fəaliyyət qabiliyyəti) olmamışdır. Yəni, iddiaçı “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh2 artıq ölmüş olduğundan, Mülki Məcəllənin və Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən ona qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və onun cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Ona görə də, məhkəməyə müraciət edilənədək ölmüş zamin Cavabdeh2 cavabdeh qismində cəlb edilməklə verilmiş hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunur. Həmin Məcəllənin 284-4.1.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə - kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ M: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar