Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-104/2024 04.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “torpaq sahəsinin qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi 05 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə (VÖEN **********) qarşı “torpaq sahəsinin qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin icarəsinə verilmiş sahəsi 2906 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə yaranmış 54401,9 (əlli dörd min dörd yüz bir manat 90 qəpik) manat icarə haqqı borcunun və medisiya sessiyası ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat xərcin Cavabdeh Mənzil-Tikinti Kooperativindən iddiaçı Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması və həmin torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin 14 fevral 2017-ci il tarixli 02 saylı Qərarı ilə Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən sahəsi 2906 kvadrat metr olan torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinin icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında 19 fevral 2020-ci il tarixli 01 nömrəli X4 bağlanılmış və müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2020-ci il tarixədək müəyyən edilmişdir. Lakin, qeyd edilən X2 müddəti 31 dekabr 2020-ci il tarixdə başa çatdıqdan sonra cavabdeh tərəfindən icarə münasibətlərinin davam etdirilməsindən imtina olunmuşdur. Belə ki, cavabdeh ona ünvanlanmış yeni X4ni imzalamaqdan imtina etmişdir ki, cavabdehin bu hərəkəti torpağın mülkiyyətçisi olaraq iddiaçı Sumqayıt Bələdiyyəsinin hüquqlarını və qanuni mənafeyini pozmuşdur. İddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən yeni icarə müqaviləsinin bağlanılması ilə əlaqədar cavabdehə dəfələrlə təklif göndərilərək xəbərdarlıqlar edilsə də, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən bu günədək icarə münasibətlərinin davam etdirilməsi istiqamətində hər hansı addım atılmamışdır. Belə olan halda icarə müqaviləsinin müddəti başa çatdığından və cavabdeh icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığından, iddiaçı Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinin geri qaytarılması üçün qanunamüvafiq tədbirlər görmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi icarəsinə verilmiş torpaq sahəsindən 2020-ci ilin 31 dekabrından sonra qeyri-qanuni istifadə etməkdədir. Çünki, tərəflər arasında sözügedən torpaq sahəsinə dair bağlanılmış X2 müddəti 2020-ci ilin dekabr ayında başa çatmış və müqavilənin müddəti uzadılmamışdır. Buna baxmayaraq cavabdeh icarə müddəti başa çatmış torpaq sahəsini Bələdiyyəyə geri qaytarmamışdır. Nəticədə cavabdehin bu günədək Sumayıt Bələdiyyəsinə 54401,9 (əlli dörd min dörd yüz bir manat 90 qəpik) manat məbləğində icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə pretenziya ilə müraciət olunaraq yaranmış mübahisənin məhkəmədənkənar həlli qaydasında nizama salınması və torpağın bələdiyyəyə geri qaytarılması təklif olunsa da, cavabdeh mübahisənin qarşılıqlı anlaşma yolu ilə həlli üçün hər hansı addım atmamışdır. Bütün bu sadalananlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinin icarəsinə verilmiş sahəsi 2906 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə yaranmış 54401,9 manat icarə haqqı borcunun və medisiya sessiyası ilə əlaqədar ödənilmiş 400 manat xərcin Cavabdeh Mənzil-Tikinti Kooperativindən iddiaçı Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması və həmin torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 suallara cavab olaraq bildirdi ki, hal-hazırda tərəflər arasında bağlanmış 19 fevral 2020-ci il tarixli 01 nömrəli X2 müddətinin bitməsinə baxmayaraq, Cavabdeh Mənzil-Tikinti Kooperativi yeni müqavilə bağlamaqdan və yaxud, icarəyə götürdüyü məlum torpaq sahəsini Bələdiyyəyə geri qaytarmaqdan imtina edir və həmin torpaq sahəsi bu günə kimi də cavabdehin istifadəsindədir. Şifahi danışıqlar aparıldığı zaman cavabdeh icarə haqqını ödəmək üçün vaxt istəmişdir. Bələdiyyənin sədri dəyişdikdən sonra da cavabdehə ödəniş üçün yenidən vaxt verilməsi qərara alınmışdı. Lakin, cavabdeh yenə də icarə haqqı borcunu ödəməmiş və müqaviləni uzatmaq üçün gəlməmişdi. Həmin torpaq sahəsi sərəncama uyğun olaraq hündürmərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün hər kvadratı üçün icarə haqqı pulu 4,16 manatdan hesablanmaqla Cavabdeh Mənzil-Tikinti Kooperativinə icarəyə verilmişdir. İddia tələbində ödənilməsi tələb olunan 54401,9 manat məbləğində pul vəsaitinin bir hissəsi 2020–2023-cü illər üçün ödənilməsi nəzərdə tutulan icarə haqqının ödənilməmiş hissəsi, bir hissəsi dəbbə pulu, bir hissəsi isə illik 5 %-lə hesablanmış borcdur. Dəbbə pulu Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuşdur. Müqavilənin müddəti bitsə də, torpaq sahəsi hələ də cavabdehin istifadəsindədir və torpaq sahəsinin üzərində çoxmənzilli bina tikilmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilı müəyyən olunur ki, icarəyəverən Sumqayıt Bələdiyyəsi (VÖEN **********) ilə icarəçi Cavabdeh Mənzil-Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış 19 fevral 2020-ci il tarixli 01 nömrəli X3 əsasən icarə obyekti - yəni, Sumqayıt Bələdiyyəsinin 14 fevral 2017-ci il tarixli 02 nömrəli Qərarı və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 25 iyun 2019-cu il tarixli 159 nömrəli Sərəncamı əsasında Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 2906 kvadrat metr olan torpaq sahəsi 1 (bir) kvadrat metrinə görə illik olaraq 4,16 (dörd manat 16 qəpik) manat icarə haqqı olmaqla və Müqavilə üzrə illik ümumi icarə haqqı 12088,96 manat məbləğində hesablanmaqla yüksəkmərtəbəli yaşayış binasının tikilməsi məqsədi ilə 01 yanvar 2020-ci ildən 31 dekabr 2020-ci ilədək icarəçi Cavabdeh Mənzil-Tikinti Kooperativinə icarəyə verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “İcarəyəverən”in - icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, X2 müddətinin uzadılması barədə təkliflər vermək (“q” yarımbəndi), icarəyə verilmiş torpaqlarda İcarəyəverənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək (“d” yarımbəndi) və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək (“e” yarımbəndi) hüquqları vardır. Həmin Müqavilənin 2.2-ci bəndinin “b” yarımbəndində - icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə İcarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək - “İcarəyəverən”in vəzifəsi kimi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.3-cü bəndinin “a” yarımbəndində torpaq sahəsindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək - “İcarəçi”nin hüququ kimi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “İcarəçi”nin icarəyə verilən torpaq sahəsindən bu müqavilədə göstərilən məqsədlər üçün istifadə etmək (“a” yarımbəndi), torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər məcburi ödənişləri vaxtında ödəmək (“b” yarımbəndi), icarəyə götürdüyü torpaq sahəsini ancaq “İcarəyəverən”in razılığı əsasında subicarəyə vermək, təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucusu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, torpaqların mühafizəsi sahəsində torpağın münbitliyinin və digər xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi kimi lazımı tədbirləri həyata keçirmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək (“v” yarımbəndi), icarəyəverənin razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində heç bır əlavə tikinti və quraşdırma işləri aparmamaq (“d” yarımbəndi), icarə müqaviləsində başqa hal nəzərdə tutlmamışdırsa, torpaq sahəsindən müvəqqəti icarə müddəti başa çatdıqdan sonra onun tərəfindən ucaldılmış müvəqqəti tikilini öz hesabına sökmək (“e” yarımbəndi) və başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq (“j” yarımbəndi) vəzifələri vardır. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, torpağın icarəyə verilməsi bu torpaq üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmur, ancaq icarə hüququ yaradır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “İcarəçi” bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş icarə haqqını hər rübün əvvəlində “İcarəyəverən”in müvafiq bankdakı hesablaşma hesabına ödəməlidir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, yüksəkmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə İcarəçiyə icarəyə verilmiş ümumi sahəsi 2906 kvadrat metr olan torpaq sahəsinin 1 (bir) kvadrat metrinə görə illik 4,16 (dörd manat 16 qəpik) manat icarə haqqı hesablanmaqla, illik ümumi icarə haqqı 12088,96 manat məbləğində təyin edilmiş və icarə müddəti 01 yanvar 2020-ci ildən 31 dekabr 2020-ci ilədək olmaqla, 1 il müddətinə müəyyən edilmişdir (bir illik ümumi icarə haqqı cəmi 12088,96 manat təşkil edir). Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, icarə haqqı vaxtında ödənilmədikdə gecikdirilmiş borc yaranır. X4 üzrə gecikdirilmiş borc yarandıqda, “İcarəçi” “İcarəyəverən”ə vaxtı keçmiş ödəniş tarixindən icarə haqqı üzrə yaranmış borcun faktiki ödənildiyi tarixədək olan dövr üçün gündəlik borcun 0,1 %-i məbləğində faizlə hesablanan cərimə faizləri ödəməlidir. Həmin Müqavilənin 4-cü bəndinin 4.1-ci yarımbəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda - müqaviləyə xitam verilir. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması Azərbaycan Respublikasının mülki qanunvericiliyində və ya müqavilədə başqa qayda nəzərdə tutlmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanır. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu icarə müqaviləsi “01“ yanvar 2020-ci il tarixdən “31” dekabr 2020-ci il tarixə qədər bağlanılmışdır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 14 fevral 2017-ci il tarixli 02 nömrəli "Qeyri-qanuni istifadə edilən və geri qaytarılması mümkün olmayan torpaq sahələrindən vergi və icarə haqlarının yığılması haqqında" Qərarın 1-ci bəndindən görünür ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan, uzun müddətdir hər hansı hüquqmüəyyənedici sənədləri olmadan istifadə edilən və üzərində bağ evləri, fərdi yaşayış evləri, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün obyektlər və digər tikililər inşa edilmiş torpaq sahələrinin istifadəçilərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq və əmlak vergisinə cəlb edilmələri qərara alınmışdır. Həmin Qərarın 2-ci bəndində - Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan, uzun müddətdir hər hansı hüquqmüəyyənedici sənədləri olmadan istifadə edilən və üzərində sahibkarlıq fəaliyətinin həyata keçirilməsi üçün obyektlər inşa edilmiş torpaq sahələrinin istifadəçiləri ilə müvəqqəti olaraq müddəti 1 (bir) ildən çox olmamaq şərti ilə müvafiq torpaq icarə müqavilələrinin bağlanılması və həmin şəxslərdən torpaqdan istifadəyə görə qanunvericiliklə müəyyən olunmuş qiymətlərlə torpaq icarə haqlarının yığılması qərara alınmışdır. Həmin Qərarın 3-cü bəndində isə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan, uzun müddətdir hər hansı hüquqmüəyyənedici sənədləri olmadan istifadə edilən və üzərində bağ evləri, fərdi yaşayış evləri, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün obyektlər və digər tikililər inşa edilmiş torpaq sahələrinin istifadəçilərindən alınan vergi və icarə haqqı məbləğlərinin torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq yaratmadığının onlara izah edilməsi və həmin torpaq sahələrinin ən qısa zamanda bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada sənədləşməyə cəlb edilməsinin təmin olunması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının " "Mirxəlil-F” Mənzil-Tikinti Koorparativinə çoxmərtəbəli yaşayış binası tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında" 25 iyun 2019-cu il tarixli 159 nömrəli Sərəncamından görünür ki, Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində Cavabdeh Mənzil-Tikinti Kooperativinə 0,2906 ha torpaq sahəsində 14 mərtəbəli, 2 bloklu çoxmərtəbəli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. İş materiallarında olan iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən tərtib edilmiş Maliyyə Arayışdan görünür ki, 19 fevral 2020-ci il tarixli 01 nömrəli X4 üzrə icarə haqqı 1 kvadrat metri üçün 4,16 manat olan 2906 kv.m. torpaq sahəsindən istifadə edilməsinə görə Cavabdeh Mənzil-Tikinti Kooperativinin 2020-ci ildən - 2023-cü il daxil illik 12088,96 manat olmaqla, ümumilikdə cəmi 48355,84 manat məbləğində hesablanmış icarə haqqından 2020-ci ildə cəmi 6760 (altı min yeddi yüz altmış) manat məbləğində ödəniş edilmişdir. Ona görə də, İcarəçinin həmin Müqavilə üzrə cəmi 41595,84 (qırx bir min beş yüz doxsan beş manat 84 qəpik) manat məbləğində icarə haqqı borcu vardır və iddiaçı tərəfindən gecikdirilmiş icarə haqqına 10388,27 manat məbləğində müamilə (dəbbə pulu) və illik 5% olmaqla 2417,79 manat məbləğində faiz hesablanmışdır (ümumi cəmi məbləğ 54401,9 manat). İş materiallarında olan "torpaq icarəsi haqqı" qeydi aparılmış 15 sentyabr 2023-cü il tarixli EBDO 406237 nömrəli elektron qaimədən görünür ki, icarəyə verən Sumqayıt Bələdiyyəsi tərəfindən icarəçi Cavabdeh Mənzil-Tikinti Kooperativinə 19 fevral 2020-ci il tarixli 01 nömrəli X4 üzrə hesablanmış 54400,5 (əlli dörd min dörd yüz manat 50 qəpik) manat torpaq icarə haqqı borcunun ödənilməsi ilə əlaqədar 15 sentyabr 2023-cü il tarixli EBDO 406237 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 mart 2024-cü il tarixli Aktda göstərilir ki, Sumqayıt şəhərinin inzibati ərazisi daxilində yerləşən və Bələdiyyənin mülkiyyətinə aid 17-ci mikrorayon ərazisində növbəti monitorinq zamanı aşkar edilmişdi ki, Cavabdeh MTK-nın istifadəsində olan torpaq sahəsində kənar fiziki, hüquqi şəxslərə və ya dövlətə məxsus tikililər mövcud deyildir, digər kənar şəxslər tərəfindən istifadə edilmir, sakinlər tərəfindən narazılıq mövcud deyil və hal-hazırda həmin torpaq sahəsi Cavabdeh MTK-nın istifadəsindədir. Cavabdeh MTK tərəfindən aparılan tikinti işləri başa çatmamışdır və inşası başa çatmamış binada (yarımtikilidə) yaşayış yoxdur. İş materiallarından görünür ki, 19 fevral 2020-ci il tarixli 01 nömrəli X4 üzrə icarə haqqının ödənilməməsi ilə əlaqədar yaranmış mövcud mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2ci maddəsinə əsasən, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ - müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir; Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir; İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1) və icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2). Həmin Məcəllənin 706-cı maddəsinin tələblərinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (maddə 706.1) və torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir (maddə 706.4). Həmin Məcəllənin 710-cu maddəsinin tələblərinə görə, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir (maddə 710.1) və icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (maddə 710.3). Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, icarəyəverən (iddiaçı) Sumqayıt Bələdiyyəsinin 19 fevral 2020-ci il tarixli 01 nömrəli X4 əsasında Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində yerləşən sahəsi 2906 kvadrat metr olan torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə icarəçi (cavabdeh) Cavabdeh Mənzil-Tikinti Kooperativinin icarəsinə verilmişdir. Lakin, icarəçi (cavabdeh) Cavabdeh Mənzil-Tikinti Kooperativi 19 fevral 2020-ci il tarixli 01 nömrəli X1 2020-ci il üçün nəzərdə tutulan illik 12088,96 manat icarə haqqı borcundan cəmi 6760 manat məbləğində ödəniş etsə də, həmin borcun qalan hissəsini ödəməmiş və 2021-2023-cü illərdə də torpaq sahəsindən istifadə etmişdir. Belə olan halda isə 2020-2023-cü illər üçün ödənilməsi nəzərdə tutulan ümumilikdə cəmi 48355,84 manat məbləğində icarə haqqı məbləğindən 2020-ci ildə cəmi 6760 manat məbləğində ödəniş etsə də, qalan 41595,84 (qırx bir min beş yüz doxsan beş manat 84 qəpik) manat icarə haqqı borcunu ödəməmişdir. Ona görə də, həmin Müqavilə üzrə ödənilməmiş əsas icarə haqqı borcunun, həmin borc üzrə hesablanmış dəbbə pulunun və illik 5 faiz olmaqla hesablanan borcun və mediasiya xidməti ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun əvəzinin ödənilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması üçün iddiaçı (icarəyə verən) Sumqayıt Bələdiyyəsi cavabdeh (icarəçi) Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, 19 fevral 2020-ci il tarixli 01 nömrəli X4 əsasında Cavabdeh Mənzil-Tikinti Kooperativi Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə ayrılmış 2906 kv.m. torpaq sahəsini təhvil alıb, həmin sahədə çoxmənzilli və çoxmərtəbəli yaşayış binası tikməklə istifadə etməsinə baxmayaraq, həmin torpaq sahəsinin icarəsi ilə əlaqədar bağlanmış 19 fevral 2020-ci il tarixli 01 nömrəli X1 nəzərdə tutulan 12088,96 manat məbləğində illik icarə haqqından 2020-ci ildə cəmi 6760 manat məbləğində ödəniş etsə də, 2020 - 2023-cü illər üçün hesablanan cəmi 48355,84 manat məbləğində icarə haqqı borcunun 41595,84 (qırx bir min beş yüz doxsan beş manat 84 qəpik) manat hissəsini ödəməmişdir. Bununla da, Cavabdeh Mənzil-Tikinti Kooperativi məlum Müqavilə əsasında iddiaçı Sumqayıt Bələdiyyəsindən torpaq sahəsini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, illər üzrə nəzərdə tutulan icarə haqqını müvafiq qaydada ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu hallara görə də, icarəyəverən Sumqayıt Bələdiyyəsi ödənilməmiş icarə haqqı borcunun icarəçi olaraq ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən cəmi "54401,9 (əlli dörd min dörd yüz bir manat 90 qəpik) manat icarə haqqı borcunun" tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin ödənilməsi tələb olunan "54401,9 (əlli dörd min dörd yüz bir manat 90 qəpik) manat icarə haqqı borcu” 3 hissədən ibarətdir: - 1) 2020 - 2023-cü illər üçün hesablanan cəmi 48355,84 manat məbləğində əsas icarə haqqı borcunun ödənilməmiş 41595,84 (qırx bir min beş yüz doxsan beş manat 84 qəpik) manat hissəsi; 2) Müqavilənin 3.3-cü bəndinə əsasən iddiaçı tərəfindən gecikdirilmiş icarə haqqına 10388,27 (on min üç yüz səksən səkkiz manat 27 qəpik) manat məbləğində hesablanmış dəbbə pulu məbləği; 3) ödənilməyən icarə haqqı üzrə “illik 5% olmaqla 2417,79 (iki min dörd yüz on yeddi manat 79 qəpik) manat məbləğində hesablanan faiz borcu”. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, 19 fevral 2020-ci il tarixli 01 nömrəli X4 üzrə 2020 - 2023-cü illər üçün ödənilməmiş 41595,84 (qırx bir min beş yüz doxsan beş manat 84 qəpik) manat məbləğində icarə haqqı borcu - həmin Müqavilədə nəzərdə tutulan öhdəliyini lazımi qaydada yerinə yetirməyən Cavabdeh Mənzil-Tikinti Kooperativindən iddiaçı Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması təmin olunmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın "10388,27 manat məbləğində dəbbə pulunun tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, Cavabdeh Mənzil-Tikinti Kooperativindən cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış İcarə Müqaviləsinin tələblərinə görə icarəyə verilmiş torpaq sahəsi üzrə nəzərdə tutulan icarə haqlarının ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, ödəniş qaydalarına riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış dəbbə pulu məbləğinin yüksək həddə artması və dəbbə pulu məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Həmçinin, işin konkret halları ilə müəyyən olunmuşdur ki, cavabdehdən "müqavilə üzrə illik 5%-lə hesablanan 2417,79 (iki min dörd yüz on yeddi manat 79 qəpik) manat məbləğində pulun tutulması" hissəsində iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq edilməmiş və sübut olunmamışdır. Belə ki, 19 fevral 2020-ci il tarixli 01 nömrəli X2 3.1-ci bəndinin tələblərinə görə “İcarəçi” bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş icarə haqqını hər rübün əvvəlində, yəni ildə dörd dəfə olmaqla “İcarəyəverən”in müvafiq bankdakı hesablaşma hesabına ödəməli olduğu halda, 2020-ci ildə yalnız bir dəfə 6760 manat məbləğində ödəniş etsə də, sonradan 2021 – 2023-cü illər ərzində də heç bir ödəniş etməmişdir. Buna görə də, İcarəçinin 2020 – 2023-cü illər üzrə ödəməli olduğu 48355,84 manat icarə haqqı borcunun 41595,84 manat hissəsi ödənilməmiş qalmışdır. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini kobud surətdə pozaraq, müqavilə üzrə nəzərdə tutulan qaydada və məbləğlərdə ödənişləri vaxtlıvaxtında etməsə də, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilmiş və bu zaman “41595,84 manat məbləğində” ödənilməmiş icarə haqqı borcuna yuxarıda qeyd olunan tənasübsüz surətdə yüksək dəbbə pulu məbləği ilə yanaşı, həm də “illik 5%-lə 2417,79 manat məbləğində” əlavə pul hesablamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, həmin Məcəllənin hüquqdan sui-istifadənin qadağan edilməsini nəzərdə tutan 560-cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1); Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Eyni zamanda, yuxarıda təsvir olunanlar və aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi" hissəsində də iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq edilməmiş və sübut olunmamışdır. Çünki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 19 fevral 2020-ci il tarixli 01 nömrəli X3 əsasən icarə obyekti - yəni, Sumqayıt Bələdiyyəsinin 14 fevral 2017-ci il tarixli 02 nömrəli Qərarı və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 25 iyun 2019-cu il tarixli 159 nömrəli Sərəncamı əsasında Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 2906 kvadrat metr olan torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə icarəçi Cavabdeh Mənzil-Tikinti Kooperativinin icarəsinə verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 19 fevral 2020-ci il tarixli 01 nömrəli X2 2.2-ci bəndinin “b” yarımbəndində icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə İcarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək - icarəyəverən Sumqayıt Bələdiyyəsinin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Həmçinin, Sumqayıt Bələdiyyəsinin 14 fevral 2017-ci il tarixli 02 nömrəli "Qeyri-qanuni istifadə edilən və geri qaytarılması mümkün olmayan torpaq sahələrindən vergi və icarə haqlarının yığılması haqqında" Qərarın müvafiq bəndlərində və eləcə də, məlum Müqavilədə belə bir şərtin (2.2-ci bəndinin “b” yarımbəndi) olmasına və eyni zamanda, müqavilə ləğv edildiyi halda icarə predmetində təyinatı üzrə tikilmiş çoxmənzilli və çoxmərtəbəli yaşayış binasının hər hansı bir şərt olmadan (qeyd-şərtsiz) sökülərək “torpaq sahəsinin əvvəlki vəziyyətdə” geri qaytarılmasını nəzərdə tutan şərtin (şərtlərin) olmaması, məlum torpaq sahəsində cavabdeh (icarəçi) tərəfindən çoxsaylı insanların yaşaması üçün çoxmənzilli və çoxmərtəbəli yaşayış binasının tikiləcəyinin iddiaçıya (icarəyəverənə) əvvəlcədən məlum olması və torpaq sahəsinin İcarəçiyə elə bu məqsədlə də ayrılaraq icarəyə verilməsi və o cümlədən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad olunan 425.2ci və 560-cı maddələrinin tələbləri baxımından da "torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi" barədə iddia tələbinin əsaslılığı müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh Mənzil-Tikinti Kooperativindən (VÖEN **********) 41595,84 manat məbləğində icarə haqqı borcu və 1000 manat məbləğində dəbbə pulu iddiaçı Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı Sumqayıt Bələdiyyəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdeh Mənzil-Tikinti Kooperativindən dövlət nəfinə 217,78 (iki yüz on yeddi manat 78 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativindən (VÖEN **********) 41595,84 (qırx bir min beş yüz doxsan beş manat 84 qəpik) manat məbləğində icarə haqqı borcu, 1000 (min) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 42995,84 (qırx iki min doqquz yüz doxsan beş manat 84 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Sumqayıt Bələdiyyəsinin (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Mənzil-Tikinti Kooperativindən dövlət nəfinə 217,78 (iki yüz on yeddi manat 78 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-104/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-104/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver