Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1047/2025 15.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 31 oktyabr 2022-ci il tarixli 021A********** nömrəli kredit razılaşması üzrə 9476,53 (doqquz min dörd yüz yetmiş altı manat, əlli üç qəpik) manat məbləğində əsas bоrc, 2695,8 (iki min altı yüz doxsan beş manat, səksən qəpik) manat məbləğində faiz bоrcu və 969,7 (doqquz yüz altmış doqquz manat, yetmiş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 13142,03 (on üç min yüz qırx iki manat, üç qəpik) manat məbləğində bоrcun və 129,43 (yüz iyirmi doqquz manat, qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maarif Əliyevlə İddiaçı QSC arasında 31 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Maarif Əliyev İddiaçı QSC-dən aylıq 1,9167 faizlə 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərtilə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1lə zaminlik müqaviləsi bağlanmışdır. 21 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən, Maarif Əliyevin 31 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 9476,53 manat məbləğində əsas borcu, 2695,8 manat məbləğində faiz borcu, 969,7 manat məbləğində cərimə olmaqla, cəmi 13142,03 manat məbləğində borcu vardır. Verilən müvafiq sorğular üzrə borclu Maarif Əliyevin vəfat etdiyi, onun adına vərəsəlik işinin açılmadığı, lakin adında qeydiyyatdan keçmiş daşınmaz əmlakların olduğu müəyyən edilmişdir. Həmin daşınmaz əmlaklar: Qobustan rayonu Ərəbşalbaş kəndində ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, həmçinin Qobustan rayonu Ərəbşalbaş kəndində yerləşən ümumi birgə payda olan 0,25 ha, 0,4 ha və 1,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri hazırda Maarif Əliyevin qardaşı Cavabdeh2 istifadəsindədir. Mülki Məcəllənin tələblərinə görə, kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Bu səbəbdən kredit borcu zamin Cavabdeh1 və faktiki vərəsə olan Cavabdeh2 tələb edilməkdədir. İddiaçı 15 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli 021A********** nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bank (İddiaçı QSC) məbləği 20000 manat olan borc pulu (krediti) aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla 36 ay müddətinə kredit alana (Maarif Əliyevə) verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kredit alan krediti, ona hesablanmış faiz ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə-Ödəniş Planına uyğun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixlərdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1.5-ci yarımbəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 4.2.1-ci yarımbəndinə əsasən, kredit alan kredit məbləğini, ona hesablanmış faizlə birlikdə ödəniş planı ilə razılaşdırılmış tarixlərdə banka qaytarmağa borcludur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 may 2023cü il tarixli 0021G**********01 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəhliklərinin tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. Həmin zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, borclu kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə zamin, kreditdən istifadə üçün faiz, bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədər hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. İş materiallarında olan ödəniş cədvəlinə əsasən, Maarif Əliyevin banka olan borcu üçün son ödəniş tarixi 10 noyabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 14 iyul 2025-ci il tarixli OUT-2025/07/14-97 nömrəli maliyyə arayışından görünür ki, 31 oktyabr 2022-ci il tarixli 005A********** nömrəli kredit müqaviləsi üzrə Maarif Əliyevin iddiaçıya 8116,08 manat məbləğində əsas borcu, 2922,84 manat məbləğində faiz borcu, 1120,5 manat məbləğində cərimə olmaqla, cəmi 12159,42 manat məbləğində borcu vardır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 28 dekabr 2024-cü il tarixli 610 nömrəli cavab məktubunda “X2 ölümü ilə əlaqədar olaraq onun adından Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 04 fevral 2025-ci il tarixli x/o/97/25 nömrəli cavab məktubunda “X2 adına Bakı şəhəri 25 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. Eyni zamanda qeyd edirik ki, “Elektron Notariat” X1 üzrə axtarış zamanı da hal-hazırkı vaxtadək vərəsəlik işinin açılması halı aşkar edilməmişdir” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 31 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 27 yanvar 2025-ci il tarixli 27 nömrəli cavab məktubunda “....xx.xx.1978-ci il təvəllüdlü X2 vəfatı ilə əlaqədar Bakı şəhəri 31 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş 07 yanvar 2025-ci il tarixli 3-13-16/2-1752/2025 nömrəli cavab məktubunda “DİN Baş X4 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1978-ci il təvəllüdlü X2 adında qeydiyyatda və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatda yoxdur” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş 28 yanvar 2025-ci il tarixli 3-21-3-30/2-3467/**********703467 nömrəli cavab məktubunda “X2 adına Qobustan rayonu, Ərəbşalbaş kəndində ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (ümumi birgə payda), Qobusatn rayonu, Ərəbşalbaş kəndində ümumi birgə payda olan 0,25 ha, 0,4 ha, 1,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 aprel 2025-ci il tarixli 5-60-2/3-14/2025 nömrəli məktubunda “X2 mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, həmçinin Qobustan rayonu, Ərəbşalbaş kəndində ümumi birgə payda olan 0,25 ha, 0,4 ha və 1,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri hazırda faktiki olaraq qardaşı Cavabdeh2 istifadəsindədir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qobustan İcra Hakimiyyəti tərəfindən vəkil sorğusuna verilmiş 11 aprel 2025-ci il tarixli 5-60/2-142/2025 nömrəli cavab məktubunda “X2 mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, həmçinin Qobustan rayonu, Ərəbşalbaş kəndində ümumi birgə payda olan 0,25 ha, 0,4 ha və 1,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri hazırda faktiki olaraq qardaşı Cavabdeh2 istifadəsindədir” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı QSC ilə bağlanmış 31 oktyabr 2022-ci il tarixli 005A********** nömrəli kredit müqaviləsi üzrə borcalan qismində iştirak etmiş Maarif Əliyev vəfat etdiyindən, iş materiallarına əlavə edilmiş sorğulara müvafiq notariat ofisləri və aidiyyəti dövlət orqanları tərəfindən verilmiş cavab məktublarına əsasən, sonuncunun adına qeydə alınmış Qobustan rayonu, Ərəbşalbaş kəndində ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin, həmçinin Qobustan rayonu, Ərəbşalbaş kəndində ümumi birgə payda olan 0,25 ha, 0,4 ha və 1,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin onun qardaşı Cavabdeh2 istifadəsində olduğu müəyyən edilmişdir. Bununla əlaqədar vəfat etmiş şəxsin vərəsəsi kimi faktiki olaraq onun qardaşı Cavabdeh2 müəyyən edildiyindən borc məbləği həmin kredit müqaviləsi üzrə vərəsə Cavabdeh2 və bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin Cavabdeh1 tələb edilməkdədir. İddiaçı tərəfindən təqdim edilmiş 14 iyul 2025-ci il tarixli OUT-2025/07/14-97 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən əsas borc məbləği üzrə ödənişlər həyata keçirildiyindən qalıq borc 8116,08 manat məbləğində təşkil edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, iddia ərizəsindəki borc məbləğlərinin hesablandığı xx.xx.2025-ci il tarixindən sonra cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2025-ci il tarixində 450,45 manat, xx.xx.2025-ci il tarixində 455 manat və xx.xx.2025ci il tarixində 455 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddia ərizəsində qeyd edilmiş 9476,53 manat məbləğindəki əsas borcdan çıxılmalı olan məbləğlərin cəmi 1360,45 manat (450,45 manat + 455 manat + 455 manat = 1360,45 manat) təşkil edir. İddia ərizəsində qeyd edilmiş 9476,53 manat məbləğindəki əsas borc məbləği ilə məhkəmə prosesləri dövründə edilən ödənişlərin (1360,45 manat) fərqi isə 8116,08 manat (9476,53 manat - 1360,45 manat = 8116,08 manat) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 31 oktyabr 2022-ci il tarixli 021A********** nömrəli kredit müqaviləsi üzrə 9476,53 manat məbləğində əsas bоrcun iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 8116,08 manat məbləğində əsas bоrc və 2695,8 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 969,7 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin həmin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (kredit müqaviləsinin yuxarıda istinad edilən 4.1.5-ci yarımbəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimə borcunun əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 969,7 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 406 manat məbləğində cərimə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 129,43 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 13 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 129,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 123,65 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 31 oktyabr 2022-ci il tarixli 021A********** nömrəli krеdit müqaviləsi üzrə 8116,08 manat məbləğində əsas borc, 2695,8 manat məbləğində faiz borcu, 406 manat məbləğində cərimə, 123,65 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11341,53 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31 oktyabr 2022-ci il tarixli 021A********** nömrəli krеdit müqaviləsi üzrə 8116,08 (səkkiz min yüz on altı manat, səkkiz qəpik) manat məbləğində əsas bоrc, 2695,8 (iki min altı yüz doxsan beş manat, səksən qəpik) manat məbləğində faiz bоrcu, 406 (dörd yüz altı) manat məbləğində cərimə və 123,65 (yüz iyirmi üç manat, altmış beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11341,53 (on bir min üç yüz qırx bir manat, əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1047/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1047/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver