Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1059/2024 19.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4338,09 manat məbləğində əsas bоrc, 855,5 manat məbləğində faiz bоrcu və 166,2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5359,79 (beş min üç yüz əlli doqquz manat 79 qəpik) manat məbləğində bоrcun və ödənilmiş 74 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, 29 aprel 2023-cü il tarixli Kredit sazişinə əsasən kredit verən İddiaçı ASC tərəfindən kredit alan Cavabdeh1 36 ay müddətinə, illik 24% olmaqla, 4500 manat məbləğində kredit vermişdir. Hazırda borc alan “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri Banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda Bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin kredit müqaviləsi üzrə Cavabdeh2 (zamin) isə Bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək, krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borcalan Cavabdeh1 aid bütün öhdəlikləri icrа еtməlidir. Hazırkı kommersiya işi üzrə 19 sentyabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh1 gəlsə də, həmin məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 isə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə iclasına gəlmiş Cavabdeh1 isə iddiaçının nümayəndəsinin və iş üzrə digər cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə etiraz etməmişdir. Odur ki, məhkəmə, Cavabdeh1 mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar kredit verən İddiaçı ASC-dən 4500 manat məbləğində kredit götürsə də, işləri yaxşı getmədiyinə görə həmin krediti tərtib edilmiş ödəniş qrafiki üzrə lazımi qaydada ödəyə bilmədiyini, lakin həmin krediti hesablanmış faiz və cərimə borcu ilə birlikdə ödəməkdən boyun qaçırmadığını, Bankın tələb etdiyi borcu hissə-hissə ödəyəcəyini və hazırkı iddia ərizəsi üzrə tələb edilən borcun ondan tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 avqust 2014-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərindən (mikrokreditləşmə üzrə) və 29 aprel 2023-cü il tarixli RM/39622/91/19 nömrəli Kredit Sazişindən (bu Saziş İddiaçı ASC-nin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir) görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh1 – “Borc alan” və Cavabdeh2 – “Zamin” olmaqla bağlanaraq imzalanıb-təsdiqlənmiş həmin Sazişə əsasən “16 mart 2022-ci il tarixli MK/38539/85/19 nömrəli kredit müqavilələri üzrə kreditlərinin restrukturizasiya olunması” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 (VÖEN **********) 36 ay müddətinə illik 24 % dərəcəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin Kredit Sazişinin "Cərimə" bölməsinə əsasən, Xidmət Şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndi üzrə 1% cərimə hesablanır. Həmin Xidmət Şərtlərinin "Xüsusi hissəsinin" "Nağd pul krediti" bölməsinin 1.3-cü bəndinə əsasən, müqavilə üzrə gecikdirilmiş kreditə görə, Müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0,50 manatdan/ABŞ dolları/Avrodan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 (doxsan) gün müddətində tətbiq edilir. Həmin Xidmət Şərtlərinin "Ümumi hissəsinin" "Kredit müqaviləsinin predmeti" bölməsinin 2.1-ci bəndinə əsasən, müqaviləyə əsasən Bank Müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə Banka faizlər (komisyon haqlar) ödəməyi və Girov qoyan və/və ya Zamin isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. Həmin Xidmət Şərtlərinin 2.2-ci bəndinə əsasən, müqavilə çərçivəsində təqdim edilən hər bir Kredit məhsulu üzrə münasibətlərin predmeti bu Xidmət şərtlərinin xüsusi hissəsində və müvafiq Kredit Sazişində qeyd edilir. Həmin Xidmət Şərtlərinin 3.1-ci bəndinə əsasən, nağd pul krediti, müqavilə ilə müəyyən olunan şərtlər Müştəri tərəfindən icra edildikdən, kənar maliyyələşdirmə olduqda isə kredit vəsaitləri Bankın sərəncamına verildikdən sonra Bank tərəfindən Müştərinin müvafiq Kredit sazişi ilə müəyyənləşdirilən cari hesabına köçürmə yolu ilə verilir. Həmin Xidmət Şərtlərinin 3.2-ci bəndinə əsasən, Kreditin verilmə tarixi və müddətinin axımı kredit məbləğinin Müştərinin Kredit sazişində göstərilən ssuda hesabında uçotu aparıldığı ilk gündən başlanılır. Həmin Xidmət Şərtlərinin 3.3-cü bəndinə əsasən, müqavıiə üzrə verilmiş nağd pul Krediti və ona hesablanmış faizlər ödəniş cədvəlinə əsasən Müştəri tərəfindən Banka nağd və yə köçürmə yolu ilə kredit müddətində təmamsn qaytarılır, Xidmət şərtlərinin xüsusi hissəsi və Kredit Sazişlərində göstərilən hallarda ödəniş cədvəli həmçinin digər kredit növləri üzrə də tərtib edilə bilər. Həmin Xidmət Şərtlərinin 3.4-cü bəndinə əsasən, faizlər kreditin verilmə tarixindən etibarən kredit tam məbləğdə faktiki qaytarılan günədək Kredit sazişi ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli RM/39622/91/19 nömrəli Kredit Sazişində göstərilən kreditin və ona hesablanmış faizlərin 29 aprel 2023-cü il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 176,55 manat məbləğində olmaqla) və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X1 əsasən kreditin tam qaytarılması üçün nəzərdə tutulan ödənişin son tarixi 29 aprel 2026-cı il müəyyən olunmuşdur. İş materiallarında olan 02 may 2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 29 aprel 2023-cü il tarixli RM/39622/91/19 nömrəli Kredit Sazişi üzrə 02 may 2024-cü il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4338,09 manat məbləğində əsas borc, 855,5 manat məbləğində faiz borcu və 166,2 manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh2 29 aprel 2023-cü il tarixli RM/39622/91/19 nömrəli Kredit Sazişi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Ona görə də, 29 aprel 2023-cü il tarixli RM/39622/91/19 nömrəli Kredit Sazişi üzrə cəmi 4500 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh1 02 may 2024-cü il tarixə 4338,09 manat əsas borcu, 855,5 manat faiz borcu və 166,2 manat cərimə borcu olmaqla, cəmi 5359,79 manat məbləğində borcun cavabdehlərdən (borcalan Cavabdeh1 və zamin Cavabdeh2) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı ASC tərəfindən məhkəməyə müraciət olunarkən Dövlət Büdcəsinə 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4338,09 manat məbləğində əsas borcun, 855,5 manat məbləğində faiz borcunun və 166,2 manat məbləğində cərimənin tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 4338,09 manat məbləğində əsas borc, 855,5 manat məbləğində faiz borcu və 166,2 manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən ödənilmiş 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 4338,09 (dörd min üç yüz otuz səkkiz manat 09 qəpik) manat əsas borc, 855,5 (səkkiz yüz əlli beş manat 50 qəpik) manat faiz borcu, 166,2 (yüz altmış altı manat 20 qəpik) manat cərimə və 74 (yetmiş dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5433,79 (beş min dörd yüz otuz üç manat 79 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1059/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1059/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver