Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1067/2023 17.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı Nümayəndə1 nümayəndəsi Nümayəndə3 oğlunun, cavabdeh "xxxx" firmasının vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Nümayəndə1 cavabdeh "xxxx" firmasına qarşı “icarə müqaviləsinə xitam verilməsi və pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" firmasına qarşı “icarə müqaviləsinə xitam verilməsi və pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nümayəndə1 ilə "xxxx" firması arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyriyaşayış binasının istifadəyə verilməsinə dair 06 may 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyinə görə 70000 (yetmiş min) manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35000 manat çıxılmaqla 105000 (yüz beş min) manat və ona hesablanmış Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə 5621,15 (beş min altı yüz iyirmi bir manat on beş qəpik) manat, mediasiya ilə əlaqədar ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və dövlət büdcəsinə ödənilmiş 401,22 (dörd yüz bir manat iyirmi iki qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 111427,37 (yüz on bir min dörd yüz iyirmi yeddi manat otuz yeddi qəpik) manat pul vəsaitinin cavabdeh "xxxx" firmasından tutularaq Nümayəndə1 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" firması ilə iddiaçı arasında bağlanmış 06 may 2022-ci il tarxili icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış binası fərdi sahibkar Nümayəndə1 (VÖEN:**********) 10 (on) il müddətinə icarəyə verilmişdir. 06 may 2022-ci il tarixli icarə müqaviləsinin icrasının təmin olunması məqsədi ilə eyni tarixdə tərəflər arasında imzalanmış akt əsasında icarəçi tərəfindən icarəyə verənə 70000 (yetmiş min) manat avans ödənişi icra edilmişdir. İcarə müqaviləsinin 2.1-ci bəndinə görə icarə obyektinin 01 yanvar 2023-cü il tarixində tərəflərin tərtib etdiyi və imzaladığı təhvil-təslim aktı ilə icarəçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. "xxxx" firması icarə müqaviləsinin və qanunvericiliyin tələblərini pozmaqla icarə obyektini icarəçiyə təhvil verməmişdir. İcarə obyektinin təhvil verilməsi məqsədi ilə icarəyə verənlə dəfələrlə görüşlər keçirilmiş, lakin nəticəsi olmamışdır. İcarəyəverən icarə obyektini təhvil verə bilmədiyinə görə ödənilmiş avans ödənişinin bir qismi- 35000 (otuz beş min) manatlıq hissəsi tərəflər arasında imzalanmış 11 aprel 2023-cü il tarixli akt ilə icarəçiyə sonradan geri qaytarılmışdır. Daha sonra icarə obyektinin təhvil verilməsi məqsədi bir neçə dəfə görüşlər keçirilmiş və rəsmi qaydada 08 iyun 2023-cü il tarixində məktubla müraciət olunmuşdur. Lakin yenə də heç bir nəticə əldə olunmamışdır. İcarəyə verən icarə obyektini təhvil verməmiş, ona ödənilmiş avans vəsaitini geri qaytarmamış, bu vəsaiti özündə saxlamaqla ondan istifadə və gəlir əldə etmişdir. Bu isə Nümayəndə1 qanunla qorunan mənafeyinin pozulmasına və ona maddi zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, qanunvericiliyə və tərəflər arasında bağlanmış icarə müqaviləsinə uyğun olaraq icarəyə verən ona ödənilmiş 70000 (yetmiş min) manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35000 manat çıxılmaqla 105000 (bir yüz beş min) manat və ona Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizlər ödəməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi saytından əldə olunmuş məlumatlara əsasən uçot faiz dərəcəsi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 8,5 faiz, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixindək 8,75 faiz, xx.xx.2023-cü il tarixindən hazırkı zamanadək ilik 9 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq icarəyə verənin icarəçiyə olan faiz borcu gecikdirilmiş günlərin sayı -189 gün olmaqla 5621,15 manat təşkil edir. Bundan başqa iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Nümayəndə1 nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda o, cavabdehin icarə obyektini təhvil verə bilmədiyi üçün avans ödənişinin 35000 manat hissəsini geri qaytardığını, qalan hissəsini isə maddi imkanı olmadığından geri qaytara bilmədiyini qeyd etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh "xxxx" Firmasının vəkili və nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, "xxxx" Firması ilə Nümayəndə1 arasında icarə müqaviləsi bağlananda cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış icarə müqaviləsinin müddətinin 01 yanvar 2023-cü il tarixdə bitəcəyini zənn etmiş, sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə obyektini müqaviləyə əsasən 15 mart 2023-cü il tarixdə təhvil verməli olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəflə icarə obyektinin 15 mart 2023-cü il tarixdən sonra təhvil verilməsi ilə bağlı razılığa gəlinmişdir. Sonradan iddiaçı tərəfin təkidi nəticəsində avans ödənişinin 35000 manat hissəsi 11 aprel 2023-cü il tarixli akt əsasında icarəçiyə geri qaytarılmışdır. 15 mart 2023-cü il tarixdə aydın olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əməkdaşlığı davam etdirmək istəyərək icarə obyektini təhvil vermək fikrində deyil. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Firması arasında məhkəmə mübahisəsi başlamışdır. İddiaçı tərəfin bu məsələlərdən xəbəri var idi və bilirdi ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.1-ci bəndindəki şərtin yerinə yetirilməməsi, yəni icarə obyektinin təhvil verilə bilməməsi cavabdehin iradəsindən asılı olmamışdır. Bundan başqa o qeyd etmişdir ki, avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminat ödənilməsi üçün tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan müvafiq şərt formalaşmalıdır. Belə ki, icrarə müqaviləsinin 3.6-cı bəndinə əsasən icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçinin icarə obyektinə çəkdiyi bütün təmir-tikinti xərclərinin və icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğlərinin 2 misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. "xxxx" firmasının qarşı tərəfdən bu günə qədər müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsi ilə bağlı tələbi olmayıb. İcarə müqaviləsi hazırda qüvvədədir. Qarşı tərəfin iddia ərizəsində müqaviləyə xitam verilməsi barədə tələbi olsa da, həmin tələblə bağlı pretenziya qaydasına riayət edilməmişdir. Pretenziya qaydasına riayət edilməsinə dair məhkəməyə iddiaçı tərəfdən hər hansı sübut təqdim edilməmişdir. Hazırkı mərhələdə avansın geri qaytarılmasının tələb edilməsi mümkünsüzdür, çünki müqavilə qüvvədədir. Müqavilənin ləğvi ilə bağlı tələb irəli sürülməsi üçün ilkin şərtlərə riayət edilməlidir. Bu səbəbdən də o, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən "xxxx" firması ilə icarəçi Nümayəndə1 arasında bağlanmış 06 may 2022-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verən Sumqayıt şəhərində yerləşən ümumi sahəsi 1400 (min dörd yüz) kv.m olan qeyri-yaşayış obyektini təhvil-təslim aktı əsasında müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarəçinin icarəsinə verməyi, icarəçi isə icarə obyektini icarəsinə qəbul edib əvəzində icarəyəverənə müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. X1 2.1-ci bəndinin tələblərinə görə, icarə obyekti 01 yanvar 2023-cü il tarixində icarəyə verən tərəfindən tərəflərin tərtib etdiyi və imzaladığı təhvil-təslim aktı ilə icarəçiyə təhvil verilir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, icarəçi 1 (bir) ay əvvəlcədən yazılı xəbərdarlıq təqdim etməklə bu müqaviləyə xitam verə bilər. Bu halda hazırkı müqaviləyə icarəçinin təşəbbüsü ilə xitam verildikdə icarəçi aparılmış təmir-tikinti işlərinin dəyərinin ödənilməsini tələb edə bilməz. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən, icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən aslı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçidən icarə obyektinə çəkdiyi bütün təmir tikinti xərclərinin və ya icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. X1 5.1-ci bəndinə uyğun olaraq bu müqavilə üzrə icarəçi icarə obyektindən istifadəyə gorə təmir müddəti bitdikdən sonra, yəni 1 aprel 2023-cü il tarixdən aylıq icarəyə verənə (vergilər daxil) 14000 (on dörd min) manat məbləğində icarə haqqını ödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, icarəçi icarəyə verənə müqavilə bağlandıqdan sonra gələcəkdə hər hansı avans və ya bir neçə ayın icarə haqqını əvvəlcədən ödəyərsə, ödəniləcək vəsait gələcəkdə veriləcək icarə haqqı məbləğlərində nəzərə alınacaqdır və çıxılacaqdır. İcarəyə verən avans olaraq aldığı ödəniş müqabilində icarəçiyə ödənişi təsdiq edən müvafiq sənəd verəcək və yaxud bu ödəniş tərəflərin qarşılıqlı razılığı ilə imzaladıqları aktla təsdiq ediləcəkdir. İş materiallarında olan 06 may 2022-ci il tarixli aktdan görünür ki, icarə müqaviləsinin icrasının təmin olunması məqsədi ilə icarəçi Nümayəndə1 tərəfindən icarəyə verən "xxxx" firmasına 70000 (yetmiş min) manat məbləğində avans ödənişi edilmişdir. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli aktdan görünür ki, ödənilmiş 70000 manatlıq avans ödənişinin yarısı, yəni 35000 (otuz beş min) manatlıq hissəsi icarəyəverən "xxxx" firması tərəfindən icarəçi Nümayəndə1 geri qaytarılmışdır. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli 2023/01 nömrəli məktubdan görünür ki, Nümayəndə1 "xxxx" firmasından 06 may 2022-ci il tarixli icarə müqaviləsinə və eyni tarixli akta uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyriyaşayış sahəsini bu məktubun alındığı gündən 10 (on) gün müddətinə icarəçiyə təhvil verilməsini xahiş etmişdir. Göstərilən müddət ərzində icarə obyekti icarəçiyə təhvil verilmədikdə icarə müqaviləsinə uyğun olaraq ödənilmiş avans məbləğinin iki misli, hebalə qanunvericiliyə müvafiq olaraq əlavə təminat tələb olunacağı bildirilmişdir. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli 2023/10 nömrəli məktubdan görünür ki, Nümayəndə1 "xxxx" firmasından ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış sahəsini 10 (on) gün müddətinə icarəçiyə təhvil verilməsini xahiş etmişdir. Əks halda bağlanılmış 06 may 2022-ci il tarixli icarə müqaviləsi tərəfindən pozulmaqla müqavilənin 3.6-cı bəndinə müvafiq olaraq ödənilmiş avans məbləğinin iki misli, habelə çəkilmiş bütün xərclərin tələb olunacağı bildirilmişdir. İş materiallarından olan 31 avqust 2023-cü il tarixli 2023/14 nömrəli məktubdan görünür ki, Nümayəndə1 "xxxx" firmasına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış binasının müəyyən olunmuş müddətdə icarəçiyə təhvil verilməməsi və icarə obyektini təhvil verə bilməməsi səbəbindən götürülmüş avans ödənişinin bir qismini geri qaytarması ilə "xxxx" firmasının tərəflər arasında bağlanmış 06 may 2022-ci il tarixli icarə müqaviləsini birtərəfli qaydada pozduğunu, hazırda müqavilənin qüvvədə olmasının formal xarakter daşıdığı bildirmişdir. Eyni zamanda müqavilə formal xarakter daşıdığından onlar tərəfindən də pozulduğu qeyd olunmuş və bu müqavilə üzrə öhdəliklərin icra edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyəverənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, icarəyəverən "xxxx" firması ilə icarəçi Nümayəndə1 arasında 06 may 2022-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, müqavilədə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış binasının cavabdeh tərəfindən 01 yanvar 2023-cü il tarixdə Nümayəndə1 təhvil verilməsi nəzərdə tutulmuş və müqavilə bağlanan gün icarəçi Nümayəndə1 tərəfindən icarəyə verən "xxxx" firmasına 70000 (yetmiş min) manat avans ödənişi edilmişdir. Lakin cavabdeh "xxxx" firması tərəfindən müqavilə öhdəliklərinə əməl edilməyərək icarə sahəsi müqavilədə nəzərdə tutulan müddətdə iddiaçı Nümayəndə1 istifadəsinə verilməmiş, eyni zamanda 11 aprel 2023-cü il tarixdə ödənilmiş 70000 manatlıq avans ödənişinin yarısı, yəni 35000 (otuz beş min) manatlıq hissəsi icarəyə verən "xxxx" firması tərəfindən icarəçi Nümayəndə1 geri qaytarılmışdır. Buna görə də, hazırkı iddia ərizəsində 06 may 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, həmin icarə müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyinə görə 70000 (yetmiş min) manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35000 manat çıxılmaqla 105000 (yüz beş min) manat, ona hesablanmış Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə 5621,15 (beş min altı yüz iyirmi bir manat 15 qəpik) manat, mediasiya ilə əlaqədar ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və dövlət büdcəsinə ödənilmiş 401,22 (dörd yüz bir manat iyirmi iki qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 111427,37 (yüz on bir min dörd yüz iyirmi yeddi manat otuz yeddi qəpik) manat pul vəsaitinin cavabdeh "xxxx" firmasından tutularaq Nümayəndə1 ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İşin faktiki halları ilə təsdiq olunur ki, "xxxx" firması icarə müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və Sumqayıt şəhərində yerləşən ümumi sahəsi 1400 kv.m olan qeyri-yaşayış obyektini Nümayəndə1 təhvil verməməklə müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Bundan əlavə, icarəyə verən "xxxx" firması məlum müqavilə üzrə avans olaraq almış olduğu 70000 (yetmiş min) manat məbləğində avans ödənişinin 35000 (otuz beş min) manat hissəsini 11 aprel 2023-cü il tarixdə icarəçi Nümayəndə1 geri qaytarmış və bununla da həmin icarə müqaviləsi üzrə “icarəyə verən” olaraq üzərinə düşən öhdəliklərin icrasından birtərəfli qaydada imtina edilməsinin ifadə olunduğu iradəsini elan etmişdir. Yəni, icarəyə verən tərəfindən müqavilədə nəzərdə tutulan müddətdə icarə obyektinin təhvil verilməməsi, eyni zamanda avans ödənişi qismində almış olduğu pul vəsaitinin də yarısının qaytarılması faktiki olaraq onun məlum müqavilədən birtərəfli qaydada imtina etdiyini təsdiq edir. Qeyd etmək lazımdır ki, iddiaçı Nümayəndə1 cavabdeh "xxxx" firmasına 31 avqust 2023-cü il tarixli 2023/14 nömrəli məktub göndərərək icarə obyektinin icarəçiyə təhvil verilməməsi və icarə obyektini təhvil verə bilməməsi səbəbindən götürülmüş avans ödənişinin bir qismini geri qaytarması ilə icarəyəverən "xxxx" firmasının tərəflər arasında bağlanmış 06 may 2022-ci il tarixli icarə müqaviləsini birtərəfli qaydada pozduğunu və hazırda müqavilənin qüvvədə olmasının formal xarakter daşıdığı bildirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, icarəçi tərəfindən 06 may 2022-ci il tarixili icarə müqaviləsi üzrə icarəyə veriləcək icarə obyekti ilə əlaqədar 70000 manat məbləğində avans ödənişi edilməsinə baxmayaraq, icarəyəverən tərəfindən məlum obyektin vaxtında təhvil verilməsi təmin olunmamış, eyni zamanda sonuncu tərəfindən 11 aprel 2023-cü il tarixdə məlum avans ödənişinin yarısı geri qaytarılmışdır. Bu halda isə müəyyən olunur ki, icarəyəverən "xxxx" Firması 06 may 2022-ci il tarixli icarə müqaviləsinin şərtlərini pozmaqla yanaşı 11 aprel 2023-cü il tarixdə avans ödənişini qaytarmaqla sözügedən müqavilənin həmin tarixdən pozulmasını ifadə edən hərəkət etmiş və bununla da onun təşəbbüsü ilə müqaviləyə xitam verilmişdir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, məhkəmə, iddia tələbinin “06 may 2022-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini icra edə bilməyinə görə 70000 (yetmiş min) manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35000 manat çıxılmaqla 105000 (yüz beş min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, müqavilə şərtlərinə görə icarə obyekti xx.xx.2023-cü il tarixdən icarəçiyə təhvil verilməli və icarəçi isə icarə obyektindən istfadəyə görə təmir müddəti bitdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdən icarə haqqı ödəməli idi. Müqavilənin 3.6-cı bəndinə əsasən, icarəyəverən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən aslı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh icarə obyektini qeyd olunan vaxtda icarəçiyə təhvil verməmiş, hətta 11 aprel 2023-cü il tarixdə avans məbləğinin yarısını geri qaytarmışdır. Göstərilənlərə və işin konkret hallarına görə məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada icra etməməklə, habelə 11 aprel 2023-cü il tarixdə avans ödənişinin yarısını geri qaytarmaqla birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam vermişdir. Buna görə də, 06 may 2022-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndinin tələblərinə uyğun olaraq 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti (70000 manat avans məbləğinin iki misli = 140000 manat - 35000 manat geri qaytarılmış avans məbləği = 105000 manat) cavabdeh "xxxx" firmasından tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. İddia tələbinin “Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə hesablanmış 5621,15 (beş min altı yüz iyirmi bir manat on beş qəpik) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də, Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faiz hesablanması üçün əsaslar müəyyən edilmir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında Nümayəndə1 və cavabdeh "xxxx" firması iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Bunda görə məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə1 tərəfindən mediatora ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərcinin 202,5 (iki yüz iki manat əlli qəpik) manat hissəsi cavabdeh "xxxx" firmasından tutularaq iddiaçı Nümayəndə1 ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən 401,22 (dörd yüz bir manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı və cavabdeh "xxxx" firmasından hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanmış 395 (üç yüz doxsan beş) manat məbləğində dövlət rüsumu tutularaq Nümayəndə1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı Nümayəndə1 ilə cavabdeh "xxxx" firması arasında bağlanmış 06 may 2022-ci il tarixli icarə müqaviləsi 11 aprel 2023-cü il tarixdən xitam verilmiş hesab edilməli, cavabdeh "xxxx" firmasından 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 202,5 (iki yüz iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci və 395 (üç yüz doxsan beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105597,5 (yüz beş min beş yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə1 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Nümayəndə1 ilə cavabdeh "xxxx" firması arasında bağlanmış 06 may 2022-ci il tarixli icarə müqaviləsi 11 aprel 2023-cü il tarixdən xitam verilmiş hesab edilsin. Cavabdeh "xxxx" firmasından 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 202,5 (iki yüz iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci və 395 (üç yüz doxsan beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105597,5 (yüz beş min beş yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1067/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1067/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver