Məhkəmə qərarları › İş №e-2-2(119)-107/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-107/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-107/2025 31.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi MAMEDOV NATİGin, Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 25 yanvar 2023cü il tarixli SPARK-004/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 232189,17 (iki yüz otuz iki min yüz səksən doqquz manat, on yeddi qəpik) manat məbləğində əsas borc, 1781,18 (min yeddi yüz səksən bir manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu, 32000 (otuz iki min) manat məbləğində cərimə və 556 (beş yüz əlli altı manat) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, cavabdehlə təmsil etdiyi təşkilat arasında barışıq sazişi bağlanmışdır və həmin sazişə əsasən iddiaçı iddia tələbinin tərkib hissəsi olan 32000 manat cəriməni, 1781,18 manat faiz məbləğini, 556 manat dövlət rüsumunu cavabdehə güzəşt etməyi, cavabdeh isə 150189,77 manat məbləği saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu tarixdən 4 ay ərzində hər ay 37547,45 (ƏDV daxil) manat olmaqla ödəməyi öhdələrinə götürmüşdür. Barışıq sazişi hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icrata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş barışıq sazişini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş 21 yanvar 2025-ci il tarixli sazişin məzmunu ilə müəyyən edilir ki, 21 yanvar 2025-ci ildə İddiaçı MMC ilə Cavabdeh MTK arasında barışıq sazişi bağlanmış və həmin saziş hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədənkənar qaydada gəlinən razılığı əks etdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları hər hansı şəxsin (şəxslərin) hüququnu (hüquqlarını) və qanunla qorunan mənafeyini (mənafelərini) pozmadığına görə 21 yanvar 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 21 yanvar 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar e-2- 2(119)-107/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 21 yanvar 2025ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 32000 (otuz iki min) manat cəriməni, 1781,18 (min yeddi yüz səksən bir manat, on səkkiz qəpik) manat faiz məbləğini, 556 (beş yüz əlli altı) manat dövlət rüsumunu cavabdehə güzəşt edir.

2. Məhkəmə icraatı dövründə cavabdeh tərəfindən qismən ödəniş olunduğundan bu barışıq sazişi imzalanan tarixdə cavabdehin iddiaçıya borcu 150189,77 (yüz əlli min yüz səksən doqquz manat, yetmiş yeddi qəpik) (ƏDV daxil) manat təşkil edir.

3. Cavabdeh bu Sazişin 2-ci bəndində qeyd edilən məbləği saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu tarixdən 4 ay ərzində hər ay 37547,45 (otuz yeddi min beş yüz qırx yeddi manat, qırx beş qəpik) (ƏDV daxil) manat olmaqla ödəyir.

4. Cavabdeh tərəfindən sazişin 2-ci bəndində qeyd edilən məbləğin 3-cü bənddə qeyd edilən vaxtda və qaydada ödənilməməsi sazişin icra edilməməsi sayılır və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-107/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar