Məhkəmə qərarları › İş №e-2-2(119)-1074/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1074/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1074/2024 30.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 07 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada 39035,62 manat məbləğində krеdit bоrcu, 5379,04 manat məbləğində faiz bоrcu və 2903,9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 47318,56 (qırx yeddi min üç yüz on səkkiz manat 56 qəpik) manat məbləğində bоrcun və 231,96 (iki yüz otuz bir manat 96 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh3 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Krеdit Müqaviləsi əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində krеdit verilmişdir. Kredit alan Cavabdeh3 Krеdit Müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq Krеdit Müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 03 iyul 2023-cü il tarixdən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh3 götürdüyü krеdit bоrcundan cəmi 10964,38 manat ödəmiş və onun 39035,62 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Krediti alan kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 15 mart 2024-cü il tarixə 256 gün üçün hesablanmış faiz borcu 5379,04 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrcalan Ödəniş Planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 15 mart 2024cü il tarixə 256 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2903,9 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X3 və Cavabdeh2 bağladıqları müvafiq Zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən, yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 isə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 36 ay müddətinə aylıq 1,6667 % dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Həmin Kredit Müqaviləsinın 1.2-ci bəndinə əsasən, kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına (Ödəniş Planı) uyğun otaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.1.5-cü bəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi Ödəniş Planı üzrə vaxtında və lazımı qaydada qaytarmadıqda, Bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 29 iyul 2022-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1870 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh3 imza etmişdir. X5 əsasən ödənişin son tarixi 01 avqust 2025-ci il müəyyən olunmuşdur. İş materiallarında olan borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və müvafiq olaraq zaminlər X3 və Cavabdeh2 ilə ayrı-ayrılıqda bağlanmış 29 iyul 2022-ci il tarixli 017G**********02 nömrəli və 29 iyul 2022-ci il tarixli 017G**********01 nömrəli Zaminlik Müqavilələrindən görünür ki, həmin Müqavilələr üzrə zaminlər X3 və Cavabdeh2 da zamin olaraq kreditalan Cavabdeh3 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kreditalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan 15 mart 2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, kreditalan Cavabdeh3 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Kredit Müqaviləsi üzrə 15 mart 2024-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 39035,62 manat məbləğində əsas borc, 5379,04 manat məbləğində faiz borcu və 2903,90 manat məbləğində cərimə borcu olmaqla, cəmi 47318,56 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 256 gün). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kreditalan (cavabdeh) Cavabdeh3 (VÖEN **********) və zaminlər (cavabdehlər) X3 və Cavabdeh2 müvafiq olaraq 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Kredit Müqaviləsini və 29 iyul 2022-ci il tarixli 017G**********02 nömrəli və 29 iyul 2022-ci il tarixli 017G**********01 nömrəli Zaminlik Müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində (Ödəniş Planında) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Odur ki, 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Kredit Müqaviləsi üzrə cəmi 50000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh3 15 mart 2024-cü il tarixə 39035,62 manat əsas borcu, 5379,04 manat faiz borcu və 2903,9 manat cərimə borcu olmaqla, cəmi 47318,56 manat məbləğində borcun cavabdehlərdən (borcalan Cavabdeh3, zaminlər X1 və Cavabdeh2) müştərək qaydada tutulması üçün müvafiq (hazırkı) iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı QSC tərəfindən məhkəməyə müraciət olunarkən 231,96 (iki yüz otuz bir manat 96 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada "39035,62 manat məbləğində əsas borcun və 5379,04 manat məbləğində faiz borcunun tutulması” hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "2903,9 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri və işin konkret halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh3 (VÖEN **********), X1 və Cavabdeh2 müştərək qaydada 39035,62 manat məbləğində əsas borc, 5379,04 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı iddia tələbinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 231,96 (iki yüz otuz bir manat 96 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 (VÖEN **********), X1 və Cavabdeh2 müştərək qaydada 39035,62 (otuz doqquz min otuz beş manat 62 qəpik) manat məbləğində əsas borc, 5379,04 (beş min üç yüz yetmiş doqquz manat 04 qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə və 231,96 (iki yüz otuz bir manat 96 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 45646,62 (qırx beş min altı yüz qırx altı manat 62 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar