Məhkəmə qərarları › İş №e-2-2(119)-1100/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1100/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1100/2025 13.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 2627,2 (iki min altı yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat məbləğində əsas borc, 303,68 (üç yüz üç manat, altmış səkkiz qəpik) manat məbləğində faiz borcu və 38,58 (otuz səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2969,46 (iki min doqquz yüz altmış doqquz manat, qırx altı qəpik) manat məbləğində borcun, 11 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 992,72 (doqquz yüz doxsan iki manat, yetmiş iki qəpik) manat məbləğində əsas borc, 120,14 (yüz iyirmi manat, on dörd qəpik) manat məbləğində faiz borcu və 14,29 (on dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1127,15 (min yüz iyirmi yeddi manat, on beş qəpik) manat məbləğində borcun, 19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 10797,34 (on min yeddi yüz doxsan yeddi manat, otuz dörd qəpik) məbləğində manat məbləğində əsas borc, 1324,34 (min üç yüz iyirmi dörd manat, otuz dörd qəpik) manat məbləğində faiz borcu və 8,82 (səkkiz manat, səksən iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 91,29 manat məbləğində borcun və 153,39 (yüz əlli üç manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunan 01 may 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 150,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin həmin rüsum qəbzindən Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmuş və hazırkı iş üzrə eyni tərəflərin iştirak etmədiyi e-2-2(119)-937/2024 nömrəli iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən istifadə olunmuşdur. İddiaçı hazırkı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən yenidən dövlət rüsumu ödəməli olmasına baxmayaraq bunu etməmiş, e-2-2(119)- 937/2024 nömrəli kommersiya iş üzrə istifadə edilmiş ödəniş qəbzindən istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair hər bir müqavilə üzrə ayrıca olaraq tərtib edilən və tərəflərə göndərilməsi nəzərdə tutulan 3 ədəd xəbərdarlıq məktubu iş materiallarına əlavə edilmişdir. Həmin məktubların poçt vasitəsilə cavabdehlərə göndərildiyini təsdiq edən sənədlər iş materiallarına əlavə edilərək məhkəməyə təqdim edilsə də, həmin məktubların hər üçünün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada cavabdehlərə çatdırılmasını təsdiq edən sənədlər iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə cavabdehə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin çatdırılması Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddələrində imperativ qaydada təsbit edilmişdir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri üzrə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunlardan əlavə, iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin “Nəticə” (“Xahiş”) hissəsində cəmi borcun 91,29 manat olduğunu qeyd edilsə də, ərizədə qeyd edilmiş borc məbləğlərinin cəmi 16227,11 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar