Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1104/2022 08.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı xxxxnın nümayəndəsi Nümayəndə1 Loğman oğlunun, Cavabdeh iştirakı ilə, iddiaçı xxxx tərəfindən Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı xxxx “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli **********05914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 11261,48 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 14823,54 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2017-ci il tarixədək illik 18 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 4852,85 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 21931,31 ABŞ dolları təşkil edən cərimə borcu olmaqla, cəmi 52869,18 ABŞ dolları məbləğində pul vəsaiti və xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan cərimə, Mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı ödənilmiş 400 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 359,64 manat məbləğində çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh tərəf şifahi vəsatətlə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə tələb olunan borc onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığı üçün iddiaçı xxxx tərəfindən ona qarşı verilmiş “borcun tutulması” barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığını bildirib, həmin iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iddiaçı xxxxnın nümayəndəsi Nümayəndə1 cavabdeh tərəfin “işin məhkəmə aidiyəti üzrə göndərilməsi” barədə şifahi vəsatətin təmin olunmasına etiraz etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1104/2022 nömrəli iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xxxx Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsində iddia tələbi borcverən "xxxx" Bankı ASC tərəfindən borcalan Cavabdeh qeyri-yaşayış sahəsinin alınması məqsədi ilə 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 58000 (əlli səkkiz min) ABŞ dolları məbləğində kreditin verildiyi 05 noyabr 2014-cü il tarixli **********05914 nömrəli Kredit müqaviləsi ilə əsaslandırılmışdır. İş materiallarında olan hımin Kredit müqaviləsinin 1.2-ci bəndi ilə müəyyən olunur ki, borcverən "xxxx" Bankı ASC (iddiaçı) tərəfindən borcalan Cavabdeh (cavabdehə) mübahisə predmeti olan borc məbləği (kredit) qeyri-yaşayış sahəsinin alınması üçün uzunmüddətli kredit məqsədi ilə verilmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" Bankı ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsə də, hazırkı iddia tələbinin predmeti - cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisə deyil, şəxsə qeyri-yaşayış sahəsinin alınması, yəni istehlak məqsədi ilə əlaqədar verilmiş kreditin qaytarılmaması ilə əlaqədar yaranmış mübahisədir. Çünki, iddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasına baxmayaraq, tərəflər arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli **********05914 nömrəli Kredit müqaviləsində və eləcə də, məlum kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş digər hər hansı bir sənəddə həmin kreditin kredit alan fiziki şəxsin məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi barədə heç bir qeyd yoxdur. Kredit Müqaviləsində kreditin “qeyri-yaşayış sahəsinin alınması” üçün verilməsi barədə qeydin isə birmənalı olaraq “sahibkarlıq fəaliyyəti” ilə əlaqələndirilməsi mümkün deyildir. Çünki, hər hansı bir “qeyri-yaşayış sahəsi” sahibkarlıq fəaliyyəti ilə deyil, şəxsi (istehlak) məqsədləri ilə də alına bilər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - şəxsi və yaxud ailə-məişət məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri də əldə edə bilərlər. Yəni, iş materiallarında olan 05 noyabr 2014-cü il tarixli **********05914 nömrəli Kredit Müqaviləsi ilə Cavabdeh hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcunun ona sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi təsdiq olunmur. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə işlərin Kommersiya Məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə - kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranan mübahisə olmalıdır. Göründüyü kimi, işin konkret hallarına görə kredit alan Cavabdeh “VÖEN”i olsa da, 05 noyabr 2014-cü il tarixli **********05914 nömrəli Kredit Müqaviləsi və duigər iş materialları ilə “qeyri-yaşayış sahəsinin alınması” üçün verilən kreditin - cavabdeh fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi təsdiq olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin Qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində isə qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində məhkəmələrə izah olunur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə də, təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı iş üzrə mübahisələndirilən kreditin (borcun) cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi kimi qiymətləndirilməsi və həmin borcun ödənməməsi əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması düzgün deyildir. Ona görə də, iddiaçı xxxxnın Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində deyil, Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, tərəflər hazırkı qərardaddan şikayət verəcəyi təqdirdə, aşağıda təsvir olunan hüquq normalarının tələblərini də nəzərə almalıdırlar: - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2), əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı xxxx tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1104/2022 nömrəli iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1104/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1104/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver