Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-111/2024 26.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddaçının xeyrinə 02 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 8561,36 manat məbləğində əsas borc, 978,74 manat məbləğində faiz borcu və 154,03 manat cərimə borcu olmaqla, cəmi 9694,13 manat məbləğində borcun və 116,94 manat məbləğində ödənilmiş dövlət rüsumunun (mediasiya xərcinin) tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında 02 dekabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya uyğun olaraq bağlanmış həmin tarixli krеditin verilməsinə dair razılaşmanın şərtlərinin pozulması, eyni zamanda borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli 28-MCR-1-1349-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə aylıq dərəcəsi 2,50 % olmaqla 20000 (iyirmi min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli 28-MCR-1-1349-22/1 nömrəli kreditin verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh2 biznes məqsədilə 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,92 %, faktiki illik faiz dərəcəsi 24,37% olmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 02 dekabr 2022-ci il tarixli 28-MCR-1-1349-22/1 nömrəli kreditin verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh2 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 02 iyun 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli Z/19773/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 02 dekabr 2022-ci il tarixli 28-MCR-1-1349- 22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan iddia ərizəsi ilə birlikdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 02 dekabr 2022-ci il tarixli 28-MCR- 1-1349-22/1 nömrəli kredit müqaviləsi üzrə 01 sentyabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8561,36 manat məbləğində əsas, 978,74 manat məbləğində faiz və 308,05 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 02 dekabr 2022-ci il tarixli 28-MCR- 1-1349-22/1 nömrəli kredit müqaviləsi üzrə 22 avqust 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8561,36 manat məbləğində əsas, 929,51 manat məbləğində faiz və 276,36 manat məbləğində cərimə borcu vardır. İş materiallarından görünür ki, cavabdehlərə banka olan borcun ödənməsi ilə bağlı 22 avqust 2023-cü il tarixdə müvafiq qaydada xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" ASC tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün 16,94 (on altı manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 02 dekabr 2022-ci il tarixli 28-MCR- 1-1349-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləni və 02 dekabr 2022-ci il tarixli 28-MCR-1-1349-22/1 nömrəli kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri nəzərdə tutulan qaydada və müddətdə ödəməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli 28-MCR-1-1349-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 8561,36 (səkkiz min beş yüz altmış bir manat otuz altı qəpik) manat əsas borc iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli 28-MCR-1-1349-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 26 yanvar 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş 22 avqust 2023-cü il tarixə borcun hesablandığı maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, iddia tələbində iddiaçı tərəfindən “978,74 manat məbləğində faiz bоrcunun“ tutulması tələb olunsa da, həmin maliyyə arayışında Cavabdeh2 02 dekabr 2022-ci il tarixli 28-MCR-1- 1349-22/1 nömrəli kreditin verilməsinə dair razılaşması üzrə 22 avqust 2023-cü il tarixə kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 929,51 manat məbləğində faiz borcunun olması qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, 02 dekabr 2022-ci il tarixli 28-MCR-1-1349-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 929,51 (doqquz yüz iyirmi doqquz manat əlli bir qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 02 dekabr 2022-ci il tarixli Z/19773/22 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın zaminə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "154,03 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 116,94 manat məbləğində ödənilmiş dövlət rüsumunun (mediasiya xərcinin) tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının 27 oktyabr 2023-cü il tarixli MŞS.MT030.2023-2303 nömrəli arayışından görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin 50 (əlli) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 16,94 (on altı manat doxsan dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8561,36 (səkkiz min beş yüz altmış bir manat otuz altı qəpik) manat məbləğində əsas bоrc, 929,51 (doqquz yüz iyirmi doqquz manat əlli bir qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və 16,94 (on altı manat doxsan dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Bundan başqa hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 115,91 (yüz on beş manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 98,97 (doxsan səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində (115,91 manat – 16,94 manat = 98,97 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8561,36 (səkkiz min beş yüz altmış bir manat otuz altı qəpik) manat məbləğində əsas bоrc, 929,51 (doqquz yüz iyirmi doqquz manat əlli bir qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və 16,94 (on altı manat doxsan dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9657,81 (doqquz min altı yüz əlli yeddi manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 98,97 (doxsan səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-111/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-111/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver