Məhkəmə qərarları › İş №e-2-2(119)-1111/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1111/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1111/2025 25.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə 33448,28 (otuz üç min dörd yüz qırx səkkiz manat, iyirmi səkkiz qəpik) manat məbləğində əsas bоrc, 2911 (iki min doqquz yüz on bir) manat məbləğində faiz bоrcu, 1782,53 (min yeddi yüz səksən iki manat, əlli üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 38141,81 (otuz səkkiz min yüz qırx bir manat, səksən bir qəpik) manat məbləğində bоrcun və 204,43 (iki yüz dörd manat, qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 31 oktyabr 2022-ci il tarixli 003L**********02 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2 və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh1 və Cavabdeh3 ilə mübahisənin pretenziya qaydasında nizama salınması həllinə dair cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 24 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh2 və zamin qismində Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli 003L**********02 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, Cavabdeh2 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq qoşulma barədə sazişi imzalamaq hüququna malikdir. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 50000 manat olan krediti illik 19 faiz dərəcəsilə 24 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 31 oktyabr 2022-ci il tarixli 003L**********02 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 26 yanvar 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 24 iyul 2024cü il tarixli 003S**********01 nömrəli qoşulma barədə sazişin 1-ci bəndinə əsasən, zamin (Cavabdeh3) kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə sazişi imzalamaqla müqaviləyə (31 oktyabr 2022-ci il tarixli 003L**********02 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə) qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan 29 aprel 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli kredit müqaviləsi üzrə 33448,28 manat məbləğində əsas borc, 2755,75 manat məbləğində faiz borcu, 1688,88 manat məbləğində cərimə olmaqla, ümumilikdə 37892,91 manat məbləğində borclarının olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc banka ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan 12 may 2025-ci il tarixli OUT-2025/05/13-87 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 33448,28 manat məbləğində əsas bоrcu, 2911 manat məbləğində faiz borcu və 1782,53 manat məbləğində cərimə оlmaqla, cəmi 38141,81 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli 003L**********02 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin və qoşulma barədə sazişin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh1 və Cavabdeh3 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən müştərək qaydada 33448,28 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin əsas məbləğə hesablanmış 2911 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan 29 aprel 2025-ci il tarixli pretenziya məktubu əsas götürülərək hesablanmış 2755,75 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə göndərilmiş 29 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubu nəzərə alınmalı və 2755,75 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 1782,53 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin həmin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin yuxarıda istinad edilən 4.9-cu bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 1782,53 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 1673 manat məbləğində cərimə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 204,43 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 15 may 2025-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 204,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 203,63 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 33448,28 manat məbləğində əsas borc, 2755,75 manat məbləğində faiz borcu, 1673 manat məbləğində cərimə və 203,63 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 38080,66 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 24 yanvar 2024-cü il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə 33448,28 (otuz üç min dörd yüz qırx səkkiz manat, iyirmi səkkiz qəpik) manat məbləğində əsas bоrc, 2755,75 (iki min yeddi yüz əlli beş manat, yetmiş beş qəpik) manat məbləğində faiz bоrcu, 1673 (min altı yüz yetmiş üç) manat məbləğində cərimə və 203,63 (iki yüz üç manat, altmış üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 38080,66 (otuz səkkiz min səksən manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar