Məhkəmə qərarları › İş №e-2-2(119)-1118/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1118/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1118/2024 29.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir) qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 147564,40 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində əsas borc, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizlə hesablanmış 7378 (yeddi min üç yüz yetmiş səkkiz) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqının əvəzi və 450 (dörd yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 155742 (yüz əlli beş min yeddi yüz qırx iki) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh “X3” MMC (əvvəlki adı ilə "xxxx" MMC, daha sonra "xxxx" MMC, hazırda isə “X3” MMC) arasında bağlanmış 17 fevral 2021-ci il tarixli AK-04/2021 saylı alqı-satqı müqaviləsinə əsasən öncədən ödəmə üsulu ilə satıcı (hazırda “X3” MMC olan iş üzrə cavabdeh) tərəfindən alıcıya (iş üzrə İddiaçı) kərpic satılması barədə razılıq əldə edilmişdir. Tərəflər arasında qeyd edilən alqısatqı müqaviləsi bağlandıqdan sonra 2021-ci ildən 2022-ci ilədək İddiaçı cavabdeh “X3” MMC-yə ümumilikdə 390825,13 manat məbləğində pul ödəmişdir. Cavabdeh isə qeyd edilən tarixlərdə iddiaçıya ümumilikdə 243260,73 manat dəyərində kərpic vermiş, daha sonra kərpic verməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. İddiaçı cavabdehə dəfələrlə aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyi, ödədiyi pulun əvəzində ona kərpic verilməsini tələb etsə də, ödənmiş pulun tam dəyərində kərpic ala bilməmişdir. Daha sonra iddiaçı cavabdehdən ya ödədiyi pulun müqabilində kərpic verməsini, ya da əvvəldən ödədiyi qalıq pulunun ona geri qaytarılmasını tələb etmişdir. Bununla bağlı tərəflər xx.xx.2023-cü il tarixdə üzləşmə aktı tərtib etmiş, qarşılıqlı öhdəliklərinin bəyanını edərək qalıq məbləğin həcmini müəyyənləşdirmişlər. Həmin aktla müəyyən edilmiş və razılaşdırılmışdır ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 147564,4 manat məbləğində borcu qalmışdır. Qeyd edilən üzləşmə aktından sonra iddiaçı akt üzrə cavabdehdən ona olan 147564,4 manat borcunun geri qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə borcun ödənilməsi təmin edilməmişdir. Nəhayət, iddiaçı cavabdehin borcunu ödəmək fikrində olmadığına əmin olmuş və qanunvericiliyin tələbi üzrə işə hüquqi qiymət verilməsi və pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müqavilə üzrə alıcı İddiaçı öz öhdəliklərini tam və yubatmadan icra etsə də, satıcı olan “X3” MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya borclu olduğu 147564,40 manat pul məbləğini xx.xx.2023-cü ildən (üzləşmə aktı imzalandıqdan) bu günədək özündə saxlamaqla, həmin borcun ödənilməsini heç bir üzürlü səbəb olmadan yubatmışdır. Qanunvericiliyin tələbinə əsasən həmin borcun qeyd edilən şəkildə qanunsuz saxlanılması və yubadılması nəticəsində iddiaçının əsas borcla yanaşı, gecikdirilmiş 147564,40 manat borca görə həmin məbləğin illik 5 %-i həcmində, yəni 7378 (yeddi min üç yüz yetmiş səkkiz) manat həcmində tələb hüququ da yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh “X3” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 26 iyul tarixli e-2-2(119)-1118/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2-2(102)- 516/2024 nömrəli qərarı ilə iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iddianı qəbul etməyərək təqdim olunmuş sənədlərdə qeyd edilmiş ödənişlərin “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə daxil olmadığını bildirmiş, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində qeyd edilənlərlə razılaşmayaraq bildirdi ki, o, “Akkord” Şirkətlər Qrupunda hüquq idarəsinin rəisi vəzifəsində işləmiş, həmin dövrdə bağlanmış bütün müqavilələrə bilavasitə nəzarət etmişdir. Hazırkı iş üzrə təqdim edilmiş müqavilə rəsmi müqavilə hesab edilmir. Çünki müqavilə bağlanan zaman elektron qaiməfaktura göndərilir, bank hesabları vasitəsilə əməliyyatlar həyata keçirilir, müqavilə təşkilatdaxili müəyyən şöbələr tərəfindən yoxlanılır və MSF (Müqavilə sifariş forması) hazırlanırdı. Lakin qeyd edilən prosedurların heç biri hazırkı iş üzrə həyata keçirilməmişdir. İş materiallarında olan üzləşmə aktında borcun hansı dövr, müqavilə üzrə olduğu da qeyd edilməmişdir. Buna görə də, həmin üzləşmə aktı mötəbər sübut hesab edilə bilməz və qarşı tərəfin iddiası əsassızdır. Çünki məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərində müəssisənin möhürü yoxdur, həmin sənədlərdə olan imzaların da kimə məxsus olduğu məlum deyil. Həmin kassa mədaxil orderlərini müəssisənin qanuni təmsilçisinin imzaladığı güman edilsə, yenə də qanuni təmsilçi şirkət adından çıxış etdiyinə görə müəssisənin möhürü ilə mədaxil orderlərini təsdiq etməli idi. Həmçinin mədaxil orderlərinin forması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş kassa mədaxil orderlərinin formasına uyğun gəlmir və həmin mədaxil orderlərin mövcudluğunu qeydiyyat bazası ilə də müəyyən etmək olmur. 2021-ci ildə cavabdeh müəssisənin 2 bankda "xxxx" ASC-də və "xxxx" ASC-də bank hesabları olmuşdur. Həmin bank hesablarından çıxarış sənədlərindən göründüyü kimi, iddiaçı tərəfindən müəssisənin hesabına hər hansısa ödənişin həyata keçirildiyi müəyyən edilmir. Yəni iddiaçı tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərində göstərilmiş tarixlər və həmin tarixlərdə köçürülmüş məbləğlər hər iki bank hesabından çıxarış sənədlərində qeyd edilmiş köçürmələrə uyğun gəlmir. Qeyd olunanları nəzərə alaraq o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı "xxxx" MMC (hazırda “X3” MMC) malları satır, alıcı isə bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra “mal” adlandırılacaq) satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir. İş materiallarında olan alıcı İddiaçı ilə satıcı "xxxx" MMC (hal-hazırda “X3” MMC) arasında bağlanmış 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli 17 fevral 2021-ci il tarixli əlavəyə əsasən 19x19x29 ölçülü kərpicin 1 ədədinin qiyməti 0,32 manat müəyyən olunmuşdur. Həmin əlavənin 1-ci bəndinə əsasən, ödəniş hər ayın 25-i tarixindən gec olmayaraq alıcı tərəfindən nağd qaydada və ya bank köçürmə yolu ilə ödənilir. İş materiallarında olan xəzinə mədaxil orderlərindən görünür ki, iddiaçı tərəfindən kərpic satışı ilə əlaqədar cavabdehə xx.xx.2021-ci il tarixdə 100000 manat, xx.xx.2019-cu il tarixdə 6945,13 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 16000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 120000 manat, xx.xx.2021-ci il tarixdə 20000 manat və 20000 manat, xx.xx.2021-ci il tarixdə 3700 manat, xx.xx.2021-ci il tarixdə 1050 manat və 53090 manat, xx.xx.2021-ci il tarixdə 15000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 1020 manat və 1020 manat olmaqla, ümumilikdə 390825,13 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında imzalanmış və cavabdeh hüquqi şəxsin möhürü ilə möhürlənmiş 20 yanvar 2023-cü il tarixli üzləşmə aktından görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlar üzrə üzləşmə aparmış və belə nəticəyə gəlmişlər ki, xx.xx.2023-cu il tarixinə cavabdehin iddiaçıya ödədiyi avans vəsaitə görə 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat kreditor borcu qalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 456-cı maddəsinə əsasən, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və tərəflər arasında kərpic satılması barədə razılıq əldə edilmişdir. İş materiallarına əlavə edilmiş xəzinə mədaxil orderləri əsasında müəyyən edilmişdir ki, alıcı qismində çıxış edən iddiaçı cavabdehə ümumilikdə 390825,13 manat məbləğində pul ödəsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməyərək iddiaçıya həmin dəyərdə kərpic təqdim etməmişdir. İddiaçı və cavabdeh hüquqi şəxsin həmin dövrdəki qanuni təmsilçisi tərəfindən tərtib edilərək imzalanmış, o cümlədən cavabdeh hüquqi şəxsin möhürü ilə möhürlənmiş 20 yanvar 2023-cü il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilir ki, tərəflər xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlar üzrə üzləşmə aparmış, xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya ödədiyi avans vəsaitə görə 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iş materiallarına əsli əlavə edilmiş 20 yanvar 2023-cü il tarixli üzləşmə aktı barədə Mülki Prosessual Məcəllənin 76.1-ci, 80-ci, 88-ci, 89.1-ci və 89.3-cü maddələri baxımından qiymətləndirmə aparır və müəyyən edir ki, qeyd edilən sübut iddiaçının tələbini əsaslandıran halları müəyyən edir, yəni iddiaçının tələbini müəyyən edən hallarla əlaqədardır və onun mötəbərliyi mübahisə doğurmur. Həmin üzləşmə aktının məzmununda bilavasitə xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində borcunun qalması qeyd edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsi üzrə 147564,40 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi izahatlarında məhkəməyə təqdim edilmiş bank hesablarından çıxarış sənədlərinə istinadən iddiaçı tərəfindən cavabdehin bank hesabına hər hansı ödənişin həyata keçirilmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi hüquqi şəxsin bank hesab sənədləri yoxlanılarkən da bu hal öz təsdiqini tapmışdır. Bununla bağlı, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli 17 fevral 2021-ci il tarixli əlavənin 1-ci bəndində ödənişin alıcı tərəfindən nağd qaydada da ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına ödəniş edilməməsi, onun müqavilə üzrə nağd qaydada ödəniş etmiş olması halını (və ya imkanını) istisna etmir. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi, həmçinin iddiaçı və cavabdeh tərəfindən tərtib edilmiş 20 yanvar 2023-cü il tarixli üzləşmə aktında göstərilən borcun hansı müqavilə üzrə yarandığının qeyd edilməməsi səbəbindən həmin aktın mötəbər sübut hesab edilmədiyi bildirmiş, lakin məhkəməyə bu üzləşmə aktında göstərilən borcun yaranması üçün əsas olduğu güman edilə biləcək hər hansı digər müqavilə təqdim edilməmişdir. Bununla yanaşı, həmçinin o da nəzərə alınmalıdır ki, üzləşmə aktının məzmununda qeyd edilən borcun hansı müqavilə üzrə yaranmasının qeyd edilməməsi özlüyündə həmin aktın mötəbərliyinə xələl gətirən hal hesab edilə bilməz. Bundan əlavə, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddiaçı tərəfindən ödənişlər edilməsini göstərən iş materiallarındakı xəzinə mədaxil orderlərini imzalamış Rəvan Babayevin və 20 yanvar 2023-cü il tarixli üzləşmə aktını imzalamış cavabdeh hüquqi şəxsin həmin dövrdəki qanuni təmsilçisi Tapdıq Osmanovun şahid kimi dindirilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən buna müvafiq şərait yaradılmasına baxmayaraq həmin şəxlərin məhkəmədə şahid qismində iştirakları təmin edilməmişdir (Mülki Prosessual Məcəllənin 104.6-ci maddəsinə görə şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur). Bundan əlavə, iddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün 7378 (yeddi min üç yüz yetmiş səkkiz) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd olunur ki, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, ilk növbədə, qeyd edilən faiz borcunun hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı təsdiqedici sənəd (maliyyə arayışı və s.) təqdim edilməmişdir. Digər tərəfdən, tərəflər arasında imzalanmış 20 yanvar 2023-cü il tarixli üzləşmə aktına əsasən xx.xx.2023-cu il tarixinə cavabdehin iddiaçıya ödədiyi avans vəsaitə görə 147564,4 manat kreditor borcu qaldığı müəyyən olunmuş, lakin üzləşmə aktı imzalandıqdan sonra cavabdehdən qalıq ödənişin tələb edilib-edilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçının gecikdirilmiş vaxta görə faiz borcunu tələb etmək hüququ o zaman yarana bilərdi ki, o özü müqavilənin tərəfi kimi gecikmənin qarşısını almaq üçün həmin məbləği cavabdehdən dəfələrlə və müntəzəm olaraq tələb etdiyini sübuta yetirsin. Buna görə də gecikdirilmiş vaxt üçün 7378 manat məbləğində faiz borcunun əsaslılığı sübut edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 350 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 13 fevral 2024-cü il tarixli ödəniş qəbzinə əsasən hüquqi yardımın göstərilməsi üçün 350 manat məbləğində ödəniş olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 350 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 450 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq hesablanmış 437,56 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 147564,40 manat məbləğində borc, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 manat məbləğində pul vəsaitinin əvəzi və 437,56 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 148351,96 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin əvəzi və 437,56 (dörd yüz otuz yeddi manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 148351,96 (yüz qırx səkkiz min üç yüz əlli bir manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar