Məhkəmə qərarları › İş №e-2-2(119)-1126/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1126/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1126/2025 25.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 81,8 (səksən bir manat, səksən qəpik) manat məbləğində əsas borc, 82,31 (səksən iki manat, otuz bir qəpik) manat məbləğində faiz bоrcu, 38,55 (otuz səkkiz manat, əlli beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 202,66 (iki yüz iki manat, altmış altı qəpik) manat, 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 3788,64 (üç min yeddi yüz səksən səkkiz manat, altmış dörd qəpik) manat məbləğində əsas borc, 286,64 (iki yüz səksən altı manat, altmış dörd qəpik) manat məbləğində faiz bоrcu, 93,97 (doxsan üç manat, doxsan yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4169,25 (dörd min yüz altmış doqquz manat, iyirmi beş qəpik) manat olmaqla, ümumilikdə 4371,91 (dörd min üç yüz yetmiş bir manat, doxsan bir qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 63,72 (altmış üç manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 09 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli və 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar üzrə Cavabdeh1 müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh1 və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh2 ilə mübahisənin pretenziya qaydasında nizama salınması həllinə dair cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh1 və zamin qismində Cavabdeh2 arasında bağlanmış 09 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, Cavabdeh1 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq qoşulma barədə sazişi imzalamaq hüququna malikdir. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 12000 manat olan krediti illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 09 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 09 dekabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 3000 manat olan krediti illik 25 faiz dərəcəsi ilə 18 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 09 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 02 may 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 02 may 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə 1132,8 manat məbləğində əsas borc, 67,25 manat məbləğində faiz borcu, 34,21 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1234,26 manat məbləğində borclarının olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc banka ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan 02 may 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə 3788,64 manat məbləğində əsas borc, 286,64 manat məbləğində faiz borcu, 93,97 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4169,25 manat məbləğində borclarının olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc banka ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan 02 may 2025-ci il tarixli OUT-2025/05/02-128 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 3788,64 manat məbləğində əsas bоrcu, 286,64 manat məbləğində faiz borcu və 93,97 manat məbləğində cərimə оlmaqla, cəmi 4169,25 manat məbləğində borcu vardır. İş materiallarında olan 23 may 2025-ci il tarixli OUT-2025/05/23-46 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 81,8 manat məbləğində əsas bоrcu, 82,31 manat məbləğində faiz borcu və 38,55 manat məbləğində cərimə оlmaqla, cəmi 202,66 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit razılaşması adlandırılır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 09 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli və 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən 3788,64 manat məbləğində əsas borcun, 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən 81,8 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin əsas məbləğə hesablanmış 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 286,64 manat məbləğində faiz borcunun, 02 noyabr 2023cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 82,31 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan 02 may 2025-ci il tarixli pretenziya məktubu əsas götürülərək hesablanmış 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 286,64 manat məbləğində faiz borcu, 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 67,25 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 286,64 manat məbləğində faiz borcu, 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 67,25 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən 93,97 manat məbləğində və 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 38,55 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndi) iddiaçı cavabdehlərdən müştərək qaydada cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 63,72 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 26 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 63,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 63,56 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3788,64 manat məbləğində əsas bоrc, 286,64 manat məbləğində faiz bоrcu, 93,97 manat məbləğində cərimə, 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 81,8 manat məbləğində əsas bоrc, 67,25 manat məbləğində faiz bоrcu, 38,55 manat məbləğində cərimə və 63,56 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4420,41 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3788,64 (üç min yeddi yüz səksən səkkiz manat, altmış dörd qəpik) manat məbləğində əsas bоrc, 286,64 (iki yüz səksən altı manat, altmış dörd qəpik) manat məbləğində faiz bоrcu, 93,97 (doxsan üç manat, doxsan yeddi qəpik) manat məbləğində cərimə, 02 noyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 81,8 (səksən bir manat, səksən qəpik) manat məbləğində əsas bоrc, 67,25 (altmış yeddi manat, iyirmi beş qəpik) manat məbləğində faiz bоrcu, 38,55 (otuz səkkiz manat, əlli beş qəpik) manat məbləğində cərimə və 63,56 (altmış üç manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4420,41 (dörd min dörd yüz iyirmi manat, qırx bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar