Məhkəmə qərarları › İş №e-2-2(119)-113/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-113/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-113/2024 14.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 14 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ƏDV daxil 19389,76 manat məbləğində əsas borcun, 9694,88 manat məbləğində dəbbə pulunun və 200 manat məbləğində mediasiya xərci olmaqla, 29284,64 (iyirmi doqquz min iki yüz səksən dörd manat 64 qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısına dair 09 fevral 2021-ci il tarixli 017/2021 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 göstərilən qiymətə tibbi avadanlıqlar, tibbi və laborator ləvazimatları (bundan sonra “Mal” adlandırılacaq) satmalı və həmin avadanlıqları quraşdırılaraq istifadəyə tam hazır vəziyyətdə cavabdehə təhvil verməli, cavabdeh isə həmin Müqavilənin şərtlərinə uyğun malı iddiaçıdan almalı və bunun müqabilində iddiaçıya həmin Müqavilə ilə nəzərdə tutulmuş qaydada qiyməti (haqqı) ödəməli idi. İddiaçı malları cavabdehə təhvil vermiş və cavabdeh tərəfindən həmin mallar qəbul edilmişdir. Malların qəbulu cavabdehin səlahiyyətli nümayəndələrinin imzaladığı 03 fevral 2021-ci il tarixli 49679 nömrəli, 05 fevral 2021-ci il tarixli 49732 nömrəli, 08 fevral 2021-ci il tarixli 49774 nömrəli, 09 fevral 2021-ci il 49806 nömrəli, 10 fevral 2021-ci il 49809 nömrəli, 15 fevral 2021-ci il tarixli 49920 nömrəli, 16 aprel 2021-ci il tarixli 50911 və 50894 nömrəli məxaric qaimələri ilə təsdiq edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən cavabdeh malın qiymətini Müqavilə imzalandıqdan sonra 30 (otuz) gün ərzində ödəməli idi. Lakin buna baxmayaraq, cavabdeh aşağıdakı hesab-fakturalar və onlara müvafiq olaraq təqdim edilmiş elektron qaimələr üzrə ödənişləri həyata keçirməyərək, müqavilənin 5-ci bəndindən irəli gələn öhdəliklərini iddia ərizəsi verilən tarixə kimi hələ də icra etməmişdir: 06 fevral 2021-ci il tarixli 142/21 saylı hesab-faktura üzrə ödənilməmiş malların qiyməti – ƏDV daxil 442,5 (dörd yüz qırx iki manat 50 qəpik) manat, 10 fevral 2021-ci il tarixli 156/21 saylı hesab-faktura üzrə ödənilməmiş malların qiyməti ƏDV daxil 1416 (min dörd yüz on altı) manat, 11 fevral 2021-ci il tarixli 162/21 saylı hesab-faktura üzrə ödənilməmiş malların qiyməti ƏDV daxil 802,4 (səkkiz yüz iki manat 40 qəpik) manat, 15 fevral 2021-ci il tarixli 178/21 saylı hesab-faktura üzrə ödənilməmiş malların qiyməti ƏDV daxil 300,9 (üç yüz manat 90 qəpik) manat, 19 aprel 2021-сi il tarixli 425/21 saylı hesab faktura üzrə ödənilməmiş malların qiyməti ƏDV daxil 16142,4 (on altı min yüz qırx iki manat 40 qəpik) manat, 26 aprel 2021-ci il tarixli 451/21 saylı hesab-faktura üzrə ödənilməmiş malların qiyməti ƏDV daxil 84,96 (səksən dörd manat 96 qəpik) manat, 06 may 2021-ci il tarixli 509/21 saylı hesab-faktura üzrə ödənilməmiş malların qiyməti – ƏDV daxil 200,6 (iki yüz manat 60 qəpik) manat. Həmçinin, müqavilənin 2.4-cü bəndinə əsasən, ödənişi gecikdirilən məbləğin 0,1%-i məbləğində ödənişin hər gecikdirildiyi hər gün üçün cavabdeh dəbbə pulu ödəməlidir. Ödənişin gecikdirilmə müddətinin 2 ildən çox olduğuna baxmayaraq, dəbbə pulunun miqdarını əsas borcun yarısı qədər, yəni 9694,88 (doqquz min altı yüz doxsan dörd manat 88 qəpik) manat məbləğində ödənilməsi cavabdehdən tələb edilir. İddiaçı tərəfindən cavabdehə 04 oktyabr 2023-cü il tarixdə pretenziya göndərilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən mediasiya qaydasında mübahisənin həll edilməsinə cəhd göstərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir. İddiaçı cavabdehə Müqavilə üzrə bütün malları vaxtında və lazımi qaydada təhvil versə də, cavabdeh özünün Müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və Müqavilənin 5-ci bəndindən irəli gələn öhdəliklərini icra etməmişdir. Nəticə etibarilə cavabdehin təhvil verilmiş mallara görə dəbbə pulu da nəzərə alınmaqla, 29084,64 (iyirmi doqquz min səksən dörd manat 64 qəpik) manat məbləğində borcu yaranmışdır. 06 fevral 2021-ci ildən 06 may 2021-ci ilədək cavabdehə təqdim edilmiş hesab-fakturalar (həmin hesab-fakturalar iddia ərizəsinə əlavə olunur) üzrə heç bir ödəniş edilməmişdir. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənilməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq iddiaçı tərəfindən 200 manat haqq ödənilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 16 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdehndən 09 fevral 2021-ci il tarixli 017/2021 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə ƏDV daxil 13896,39 manat məbləğində əsas borc, 9694,88 manat məbləğində dəbbə pulu və 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 23791,27 (iyirmi üç min atlı yüz yetmiş yeddi manat 27 qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra Cavabdeh MMC tərəfindən 5493,37 (beş min dörd yüz doxsan üç manat 37 qəpik) manat məbləğində ödəniş edilməsi, həmin ödənişin əsas borca silinməsi və buna görə də, 16 yanvar 2024-cü il tarixinə əsas borcun ödənilməmiş qalıq hissəsinin 13896,39 (on üç min səkkiz yüz doxsan altı manat 39 qəpik) manat məbləğində olması ilə əsaslandırmışdır. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yenidən 12 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdehndən 09 fevral 2021-ci il tarixli 017/2021 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə ƏDV daxil 10242,4 manat məbləğində əsas borc, 9694,88 manat məbləğində dəbbə pulu və 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 20137,28 (iyirmi min yüz otuz yeddi manat 28 qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - cavabdeh X2” MMC tərəfindən 17 yanvar 2024-cü ildə 5900 (beş min doqquz yüz) manat məbləğində ödəniş edilməsi, həmin ödənişin əsas borca silinməsi və buna görə də, 06 fevral 2024-cü il tarixinə əsas borcun ödənilməmiş qalıq hissəsinin 10242,4 (on min iki yüz qırx iki manat 40 qəpik) manat məbləğində olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələrdə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 09 fevral 2021-ci il tarixli 017/2021 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə ƏDV daxil 10242,4 manat məbləğində əsas borc, 9694,88 manat məbləğində dəbbə pulu və 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 20137,28 manat pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 09 fevral 2021-ci il tarixli 017/2021 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə Satıcı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 göstərilən qiymətə, tərkibdə, həcmdə tibbi avadanlıqlar, tibbi və laborator ləvazimatlar (bundan sonra “Mal” adlandırılacaq) satır və həmin avadanlıqların quraşdırılaraq istifadəyə tam hazır vəziyyətdə “Alıcı”ya təhvil verilməsini öz öhdəsinə götürür, Alıcı isə bu Müqavilənin şərtlərinə uyğun malı Satıcıdan alır və bunun müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada qiyməti (haqqı) ödəyir (1.1-ci bənd). Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, malın qiyməti müqavilə imzalandıqdan sonra 30 (otuz) gün ərzində ödənilməlidir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə bütün ödənişlər bank köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, ödənişi gecikdirilən məbləğin 0,1 %-i məbləğində ödənişin hər gecikdirildiyi hər gün üçün alıcı dəbbə pulu ödəməlidir. Satıcının dəbbə pulunu və ya bir qismini tələb etməmək hüququ var. Həmin Müqavilənin 5.4.1-ci bəndinə əsasən, müqavilə qiymətini bu Müqavilə ilə müəyyən edilmiş qaydada ödəmək Alıcının vəzifəsidir. Həmin Müqavilənin 9.7-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 1 (bir) il ərzində qüvvədədir. Müqavilənin qüvvədə olma müdətinin bitməsi bu müqavilə üzrə tərəfləri öz öhdəliklərini icra etmək vəzifəsindən azad etmir. İş materiallarında olan sənədlərlə (hesab-fakturalar və digər sənədlərlə) müəyyən olunur ki, tərəflər arasında bağlanmış 09 fevral 2021-ci il tarixli 017/2021 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə müxtəlif adda tibbi avadanlıqlar, tibbi və laborator ləvazimatlar satılmış və 09 fevral 2021ci il tarixli 017/2021 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə 09 fevral 2021-ci il tarixli EBAX 188278 nömrəli Elektron Qaimə üzrə cəmi 2802,5 manat dəyərində, 10 fevral 2021-ci il tarixli EBAX 291548 nömrəli Elektron Qaimə üzrə cəmi 1416 manat dəyərində, 11 fevral 2021-ci il tarixli EBAX 324156 nömrəli Elektron Qaimə üzrə cəmi 802,4 manat dəyərində, 15 fevral 2021-ci il tarixli EBAX 494862 nömrəli Elektron Qaimə üzrə cəmi 300,9 manat dəyərində, 19 aprel 2021-ci il tarixli EBBA 426964 nömrəli Elektron Qaimə üzrə cəmi 16142,4 manat dəyərində, 27 aprel 2021-ci il tarixli EBBA 807386 nömrəli Elektron Qaimə üzrə cəmi 84,96 manat dəyərində və 07 may 2021-ci il tarixli EBBB 362114 nömrəli Elektron Qaimə üzrə cəmi 200,6 manat dəyərində olmaqla, ümumilikdə cəmi 21749,76 (iyirmi bir min yeddi yüz qırx doqquz manat 76 qəpik qəpik) manat dəyərində müxtəlif tibbi məhsulların satılması ilə əlaqədar müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş yuxarıda qeyd olunan Elektron Qaimələr təqdim olunmuşdur. İddiaçı tərəfin hazırkı ilkin iddia ərizəsini verərkən təqdim etdiyi birinci Maliyyə Arayışında göstərilir ki, alıcı Cavabdeh satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 19389,76 (on doqquz min üç yüz səksən doqquz manat 76 qəpik) manat məbləğində əsas borcu və 9694,88 (doqquz min altı yüz doxsan dörd manat 88 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 29084,64 manat məbləğində borcu vardır. İddiaçı tərəfin təqdim etdiyi 15 yanvar 2024-cü il tarixli ikinci Maliyyə Arayışında göstərilir ki, alıcı Cavabdeh tərəfindən cəmi 5493,37 manat məbləğində, yəni 09 fevral 2021-ci il tarixli 142/21 nömrəli Hesab-Faktura üzrə 442,5 manat, 10 fevral 2021-ci il tarixli 156/21 nömrəli Hesab-Faktura üzrə 1416 manat, 11 fevral 2021-ci il tarixli 162/21 nömrəli Hesab-Faktura üzrə 802,4 manat, 15 fevral 2021-ci il tarixli 178/21 nömrəli Hesab-Faktura üzrə 300,9 manat, 19 aprel 2021-ci il tarixli 425/21 nömrəli Hesab-Faktura üzrə 2246,01 manat, 27 aprel 2021-ci il tarixli 451/21 nömrəli Hesab-Faktura üzrə 84,96 manat və 07 may 2021-ci il tarixli 509/21 nömrəli Hesab-Faktura üzrə 200,6 manat məbləğində ödəniş edilmiş və ona görə də, alıcı Cavabdeh 15 yanvar 2024-cü il tarixinə satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 13896,39 (on üç min səkkiz yüz doxsan altı manat 39 qəpik) manat məbləğində əsas borcu (yalnız 19 aprel 2021-ci il tarixli 425/21 nömrəli Hesab- Faktura üzrə) və 9694,88 (min üç yüz doxsan dörd manat 46 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 23591,27 manat məbləğində borcu vardır (həmin maliyyə arayışından görünür ki, məhkəməyə müraciət olunduqdan sonra cavabdehin etdiyi ödənişlər 19389,76 manat məbləğində əsas borcdan çıxılmışdır: 19389,76 - 5493,37 = 13896,39). İddiaçı tərəfin təqdim etdiyi 06 fevral 2024-cü il tarixli üçüncü Maliyyə Arayışında isə göstərilir ki, alıcı Cavabdeh tərəfindən 19 aprel 2021-ci il tarixli 425/21 nömrəli Hesab- Faktura üzrə 5900 manat məbləğində ödəniş edilmiş və Cavabdeh 06 fevral 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 10242,4 (on min iki yüz qırx iki manat 40 qəpik) manat məbləğində əsas borcu (yalnız 19 aprel 2021-ci il tarixli 425/21 nömrəli Hesab-Faktura üzrə) və 9694,88 (min üç yüz doxsan dörd manat 46 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 19937,28 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 09 fevral 2021-ci il tarixli 017/2021 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə yaranmış borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). İş materialları ilə müəyyən olunur ki, iş üzrə 12 fevral 2024-cü ildə təqdim edilən sonuncu "iddia tələbinin dəqiqləşdirilməsi" barədə ərizədə ödənilməmiş "10242,4 manat məbləğində əsas borcun" və 9694,88 manat məbləğində dəbbə pulunun Cavabdehndən tutulması xahiş olunmuşdur. Lakin, iş materiallarında olan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrə və təqdim olunan maliyyə arayışları və digər maliyyə-uçot sənədlərinə əsasən 14 dekabr 2023-cü ildə təqdim olunmuş ilkin iddia ərizəsində ödənilməsi tələb olunan 19389,76 manat məbləğində əsas borc üzrə məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh MMC tərəfindən ödənilən və əsas borca silinən 5493,37 (beş min dörd yüz doxsan üç manat 37 qəpik) manat məbləğində və 5900 (beş min doqquz yüz) manat məbləğində ödənişlər nəzərə alınmaqla, məhkəmə iclasında hesablama aparılarkən sonuncunun hazırkı mübahisə üzrə ödənilməmiş “10242,4 manat məbləğində” əsas borcunun deyil, cəmi 7996,39 (yeddi min doqquz yüz doxsan altı manat 39 qəpik) manat məbləğində əsas borcunun qaldığı müəyyən olunmuşdur (19389,76 - 5493,37 – 5900 = 7996,39 manat). Yəni, iddiaçı tərəfin təqdim etdiyi ərizə və sənədlərə əsasən müəyyən olunur ki, 09 fevral 2021-ci il tarixli 017/2021 nömrəli alqı-satqı Müqaviləsi üzrə cavabdehin əsas borcu 12 fevral 2024-cü ildə təqdim edilən sonuncu "iddia tələbinin dəqiqləşdirilməsi" barədə ərizədə qeyd olunan "10242,4 manat məbləğində" deyil, 7996,39 (yeddi min doqquz yüz doxsan altı manat 39 qəpik) manat məbləğindədir (yalnız 19 aprel 2021-ci il tarixli 425/21 nömrəli Hesab-Faktura üzrə). Qeyd etmək lazımdır ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də bu hesabata etiraz etməyərək, 06 fevral 2024-cü il tarixli üçüncü Maliyyə Arayışında texniki səhv olaraq əsas borcun məbləğinin düzgün göstərilmədiyini bildirib, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdehin etdiyi ödəniş məbləğlərinin əsas borcdan çıxıldığını və ona görə də, ödənilməmiş əsas borcun 7996,39 manat məbləğində olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı QSC ilə bağlanmış 09 fevral 2021-ci il tarixli 017/2021 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 7996,39 (yeddi min doqquz yüz doxsan altı manat 39 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “9694,88 manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilənin tələblərinə görə satılmış malların dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, müqavilə şərtlərinə riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış dəbbə pulu məbləğinin də yüksək həddə artması və bu dəbbə pulu məbləğinin artmasına müqavilə tərəfi qismində iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 7996,39 manat məbləğində əsas borc və 500 manat məbləğində dəbbə pulu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq Cavabdehndən dövlət nəfinə 104,96 (yüz dörd manat 96 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7996,39 (yeddi min doqquz yüz doxsan altı manat 39 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 8696,39 (səkkiz min altı yüz doxsan altı manat 39 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 104,96 (yüz dörd manat 96 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar