Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-113/2025 08.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 19 mart 2021-ci il tarixli, 011R********** nömrəli kredit razılaşması üzrə 4270,06 (dörd min iki yüz yetmiş manat altı qəpik) manat məbləğində əsas borc, 450,76 (dörd yüz əlli manat yetmiş altı qəpik) manat məbləğində faiz borcu, 838,19 (səkkiz yüz otuz səkkiz manat on doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5559,01 (beş min beş yüz əlli doqquz manat bir qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75,60 (yetmiş beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Babakişiyev Sədrəddin İsa oğlu arasında 19 mart 2021-ci il tarixli 011L**********02 saylı uzunmüddətli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən bank tərəfindən Babakişiyev Sədrəddin İsa oğluna 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Babakişiyev Sədrəddin İsa oğluna veriləcək kreditin məbləği və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Babakişiyev Sədrəddin İsa oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 19 mart 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 08 iyun 2021-ci il tarixli 011R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Babakişiyev Sədrəddin İsa oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19 yanvar 2023-cü il tarixdən banka qaytarmamışdır. Babakişiyev Sədrəddin İsa oğlu götürdüyü kredit borcundan 4729,94 (dörd min yeddi yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat məbləğində hissəsini ödəmiş, onun banka 4270,06 (dörd min iki yüz yetmiş manat altı qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Babakişiyev Sədrəddin İsa oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmadığı üçün 02 aprel 2024-cü il tarixə 379 gün üçün hesablanmış faiz borcu 450,76 (dörd yüz əlli manat yetmiş altı qəpik) manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. 02 fevral 2024-cü il tarixinə 379 gün üçün hesablanmış cərimə 838,19 (səkkiz yüz otuz səkkiz manat on doqquz qəpik) manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Babakişiyev Sədrəddin İsa oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən qeyd edilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Babakişiyev Sədrəddin İsa oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Babakişiyev Sədrəddin İsa oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq mərhum Babakişiyev Sədrəddin İsa oğlunun mülkiyyətində daşınar və daşınmaz əmlak müəyyən edilməmiş, həmçinin vərəsəlik işi açılmamışdır. 07 yanvar 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddianı əsas borcla bağlı hissədə qəbul etdiyini bildirmişdir. O, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı 14 avqust 2023-cü il tarixli xəbərdarlıq göndərildiyini və həmin məktubda 338,94 manat məbləğində faiz borcunun olduğunun qeyd edildiyini demiş, buna görə də məhkəmədən 338,94 (üç yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində faiz borcunun tutulmasını, cərimə məbləğinin isə azaldılmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Babakişiyev Sədrəddin İsa oğlu arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 011L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən Babakişiyev Sədrəddin İsa oğluna 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 19 mart 2021-ci il tarixli, 011L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Babakişiyev Sədrəddin İsa oğlu arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 011R********** nömrəli kredit razılaşmasının 1-ci bəndinə görə bank məbləği 9000 (doqquz min) manat olan krediti aylıq faiz dərəcəsi 2,0833 % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 19 mart 2021-ci il tarixli ödəniş planında X1 İsa oğlunun banka olan borcunun son ödəniş tarixi 19 mart 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı X1 İsa oğlunun imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 011S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 011S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Babakişiyev Sədrəddin İsa oğlunun qanuni nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmış “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 08 iyun 2021-ci il tarixli, 011R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında 19 mart 2021-ci il tarixli, 011L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 19 mart 2021-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 08 iyun 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli ödəniş planında X1 İsa oğlunun banka olan borcunun son ödəniş tarixi 19 mart 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı Cavabdeh2 və Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 19 mart 2021-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə Babakişiyev Sədrəddin İsa oğlunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 4270,06 (dörd min iki yüz yetmiş manat altı qəpik) manat məbləğində əsas borcu, 450,76 (dörd yüz əlli manat yetmiş altı qəpik) manat məbləğində faiz borcu, 838,19 (səkkiz yüz otuz səkkiz manat on doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5559,01 (beş min beş yüz əlli doqquz manat bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 13 aprel 2021-ci il tarixli, AZ-İİ seriyalı, 177440 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X1 İsa oğlu 04 aprel 2021-ci ildə “Ürək çatmamazlığı” səbəbindən ölmüş və bu barədə “Ölüm haqqında akt qeydləri kitabında” 13 aprel 2021-ci il tarixdə “290” nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş 02 fevral 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 02 fevral 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 4270,06 (dörd min iki yüz yetmiş manat altı qəpik) manat məbləğində əsas borc, 450,76 (dörd yüz əlli manat yetmiş altı qəpik) manat məbləğində faiz borcu, 838,19 (səkkiz yüz otuz səkkiz manat on doqquz qəpik) manat məbləğində cərimə borcu olduğu bildirilmiş, borcun 11 fevral 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi Nümayəndə2 tərəfindən təqdim olunmuş 14 avqust 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 02 fevral 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 4270,06 (dörd min iki yüz yetmiş manat altı qəpik) manat məbləğində əsas borc, 338,94 (üç yüz otuz səkkiz manat, doxsan dörd qəpik) manat məbləğində faiz borcu, 689,60 (altı yüz otuz səksən doqquz manat altmış qəpik) manat məbləğində cərimə borcu olduğu bildirilmiş, borcun 23 avqust 2023-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, kredit verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 19 mart 2021-ci il tarixli, 011R********** nömrəli kredit razılaşması üzrə öhdəliklərin icrası mərhum X1 İsa oğlunun şəxsi iştirakı olmadan mümkün olduğuna görə, həmin kredit müqaviləsi üzrə onun borcu həmin kredit müqaviləsi üzrə zaminlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tələb edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, mərhum X1 İsa oğlu ilə bağlanmış 19 mart 2021-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə verilmiş kredit ödəniş cədvəlinə uyğun olaraq qaytarılmamışdır. X1 İsa oğlu 04 aprel 2021-ci il tarixdə öldükdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin kredit razılaşması üzrə zamin olaraq müqavilə üzərinə düşən öhdəliyi yerinə yetirərək vəfat etmiş borcalanın əvəzindən ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödənişlər etmədiyindən borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 4270,06 (dörd min iki yüz yetmiş manat altı qəpik) manat məbləğində əsas borc, 450,76 (dörd yüz əlli manat yetmiş altı qəpik) manat məbləğində faiz borcu, 838,19 (səkkiz yüz otuz səkkiz manat on doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5559,01 (beş min beş yüz əlli doqquz manat bir qəpik) manat məbləğində borcu tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd etmək lazımdır ki, məlum kredit müqaviləsi üzrə zaminlər olduğu üçün cavabdehlər X2 və Cavabdeh2 borcalan - Babakişiyev Sədrəddin İsa oğlu öldükdən sonra həmin kredit müqaviləsi üzrə zamin olaraq öhdəlik daşımasından məlumatlı olmuşdur və zamin olaraq həmin öhdəlikləri borcalanın əvəzindən icra edə bilərdi. Yəni, 19 mart 2021ci il tarixli, 011R********** nömrəli kredit razılaşması üzrə zaminlər (cavabdehlər) X2 və Cavabdeh2 müvafiq olaraq 19 mart 2021-ci il tarixli 011S**********02 nömrəli və 19 mart 2021-ci il tarixli 011S**********02 nömrəli zaminlik müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək X1 İsa oğlu 04 aprel 2021-ci il tarixdə öldükdən sonra borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş, bununla da borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Çünki qanunvericiliyin tələblərinə görə borclunun (borc alanın) ölümü – zaminliyə xitam verilməsinə səbəb olmur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 19 mart 2021-ci il tarixli, 011R********** nömrəli kredit razılaşması üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsi təmin olunmadığından, həmin kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlər-zaminlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Buna görə məhkəmə hesab edir ki, 19 mart 2021-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə 4270,06 (dörd min iki yüz yetmiş manat altı qəpik) manat məbləğində əsas borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi borc haqqında arayışda 02 fevral 2024-cü il tarixinə 450,76 (dörd yüz əlli manat yetmiş altı qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun cavabdehlərə 14 avqust 2023-cü il tarixdə xəbərdarlıq göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 14 avqust 2023-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və həmin məktubda göstərilmiş 338,94 (üç yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın "838,19 (səkkiz yüz otuz səkkiz manat, on doqquz qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 215 (iki yüz on beş) manat məbləğində cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “75,60 (yetmiş beş manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qayadada iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 68,24 (altmış səkkiz manat iyirmi dörd qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 68,24 (altmış səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4270,06 (dörd min iki yüz yetmiş manat altı qəpik) manat məbləğində əsas borc, 338,94 (üç yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu, 215 (iki yüz on beş) manat məbləğində cərimə və 68,24 (altmış səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4892,24 (dörd min səkkiz yüz doxsan iki manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4270,06 (dörd min iki yüz yetmiş manat altı qəpik) manat məbləğində əsas borc, 338,94 (üç yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu, 215 (iki yüz on beş) manat məbləğində cərimə və 68,24 (altmış səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4892,24 (dörd min səkkiz yüz doxsan iki manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-113/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-113/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver