Məhkəmə qərarları › İş №e-2-2(119)-1152/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1152/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1152/2023 13.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS 122/05- 22 nömrəli kredit müqaviləsi üzrə 2612,49 manat (iki min altı yüz on iki manat qırx doqquz qəpik) əsas, 147,42 manat (yüz qırx yeddi manat qırx iki qəpik) faiz borcu, 1311,23 manat (min üç yüz on bir manat iyirmi üç qəpik) cərimə borcu olmaqla, cəmi 4071,14 manat (dörd min yetmiş bir manat on dörd qəpik) borcun, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin və 0,72 (yetmiş iki qəpik) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizədə həmin tələb borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS 122/05-22 nömrəli krеdit müqaviləsinin şərtlərinin pozulması, eyni zamanda borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS 122/05- 22 nömrəli zaminlik müqaviləsi ilə əsaslandırılmışdır. 13 oktyabr 2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinə əlavə” təqdim edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS 122/05-22 saylı kredit müqaviləsi üzrə 1466,49 manat (min dörd yüz altmış altı manat qırx doqquz qəpik) əsas, 0,42 manat (qırx iki qəpik) faiz borcu, 1311,23 manat (min üç yüz on bir manat iyirmi üç qəpik) cərimə borcu olmaqla, cəmi 2778,14 manat (iki min yeddi yüz yetmiş səkkiz manat on dörd qəpik) borcun, mediasiya ilə əlaqədar ödənilmiş 60 manat (altmış) məbləğində mediasiya xərcinin və 0,72 (yetmiş iki qəpik) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 (VÖEN **********) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, MKOS 122/05-22 nömrəli kredit müqaviləsinin 1-ci bəndinə görə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verir. Borc alan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. Borcalan bu kreditdən istifadəyə görə illik 20 % olmaqla faiz ödəyir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əlavə əsas borc qalığına illik 20 % olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 3.1.3-cü bəndinə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. İş materiallarında olan borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borc alan Cavabdeh2 və zamin Cavabdeh1 olmaqla bağlanılmış xx.xx.2022-ci il tarixli, MKOS 122/05-22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alanın xx.xx.2022-ci il tarixli, MKOS 122/05-22 saylı kredit müqaviləsinə əsasən bankdan 12 ay müddətinə illik 20 % olmaqla aldığı 10000 manat məbləğində kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin zaminlik müqavilənin 2.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş 13 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 xx.xx.2022ci il tarixli, MKOS 122/05-22 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1466,49 (min dörd yüz altmış altı manat qırx doqquz qəpik) manat məbləğində əsas, 0,42 (qırx iki qəpik) manat məbləğində faiz borcu və 1311,23 (min üç yüz on bir manat iyirmi üç qəpik) manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) xx.xx.2022-ci il tarixli, MKOS 122/05-22 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zamin Cavabdeh1 da borcverən bank qarşısında öhdəlikləri yaranmışdır. İş materiallarından görünür ki, cavabdehlərə banka olan borcun ödənməsi ilə bağlı müvafiq qaydada xəbərdarlıq olunmuş, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci və iddia ərizəsi verilərkən 0,72 (yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1466,49 (min dörd yüz altmış altı manat qırx doqquz qəpik) manat məbləğində əsas və 0,42 (qırx iki qəpik) manat məbləğində faiz borcu tutulması” hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın “cavabdehlərdən 1311,23 manat məbləğində cərimənin tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlərdən 20 (iyirmi) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1466,49 (min dörd yüz altmış altı manat qırx doqquz qəpik) manat məbləğində əsas, 0,42 (qırx iki qəpik) manat məbləğində faiz borcu və 20 (iyirmi) manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 (altmış) manat məbləğində ödənilmiş mediasiya xərci və iddia ərizəsi verilərkən ödənilmiş 0,72 (yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 34,87 manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 34,15 manat məbləğində (34,87 manat – 0,72 manat = 34,15 manat) pul vəsaiti dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1466,49 (min dörd yüz altmış altı manat qırx doqquz qəpik) manat məbləğində əsas, 0,42 (qırx iki qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və 0,72 (yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1547,63 (min beş yüz qırx yeddi manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 34,15 (otuz dörd manat on beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar