Məhkəmə qərarları › İş №e-2-2(119)-116/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-116/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-116/2025 11.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 fevral 2023-cü il tarixli, sm6269 saylı kredit müqaviləsi üzrə 20284,96 (iyirmi min iki yüz səksən dörd manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 1873,88 (min səkkiz yüz yetmiş üç manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 476,66 (dörd yüz yetmiş altı manat altmış altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 22635,5 (iyirmi iki min altı yüz otuz beş manat əlli qəpik) manat məbləğində borcun və 158 (yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus “Ford Fusion minik” markalı, buraxılış ili 2013-cü il, ban nömrəsi 3FA6P0HD3ER108641 olan, gümüşü metallik rəngli, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13 fevral 2023-cü il tarixli sm6269 saylı kredit müqaviləsi üzrə cəmi 22635,5 (iyirmi iki min altı yüz otuz beş manat əlli qəpik) manat məbləğində borcun və 158 (yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 13 fevral 2023-cü il tarixli sm6269 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, sm6269 saylı kredit müqaviləsinə əsasən illik 18,9 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 30000 manat məbləğində sonuncuya kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, sm6269 saylı baş kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli sm6269 saylı zaminlik müqavilələri bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, sm6269 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2024-cü il tarixinə Cavabdeh3 xx.xx.2023-cü il tarixli, sm6269 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 20284,96 manat, faiz borcuna görə 1873,88 manat, cərimə borcuna görə 476,66 manat olmaqla, cəmi 22635,5 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, sm6269 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus 2013-cü il buraxılışlı, gümüşü metallik rəngli, ban 3FA6P0HD3ER108641 olan, **-LY-*** qeydiyyat nişanlı, “Ford Fusion minik” markalı nəqliyyat vasitəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı qarşısında xx.xx.2023-cü il tarixli, sm6269 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, sm6269 saylı kredit müqaviləsinin 7.1ci bəndinə əsasən müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən bank borc alan bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsini və borc alanın müqavilə üzrə banka olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyi üçün Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, sm6269 saylı kredit müqaviləsi üzrə əsas borca görə 20284,96 manat, faiz borcuna görə 1873,88 manat, cərimə borcuna görə 476,66 manat olmaqla, cəmi 22635,5 manat məbləğində pul vəsaiti tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ borclulardan tutulmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 11 iyun 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinin alınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xidmət haqqı olaraq 500 manat məbləğində pulun Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənildiyini bildirmiş və iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən həmin məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 11 iyun 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsinə xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 arasında bağlanılmış 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 30000 (otuz min manat) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit 36 (otuz altı) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 30000 (otuz min manat) manatdan çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 18,9% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19% təşkil edir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli kredit müqaviləsi üzrə tərtib olunmuş ödəniş qrafikində borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 13 fevral 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş qrafiki borcalan Cavabdeh3 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Əliyev X2 Zivər Əziz qızı ilə kreditor (bank) arasında bağlanmış sm6269 saylı, xx.xx.2023 tarixli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor (bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 Cavabdeh3 ilə kreditor (bank) arasında bağlanmış sm6269 saylı, xx.xx.2023 tarixli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor (bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borcalan Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 15 fevral 2023-cü il tarixli sm6269 nömrəli ipoteka müqaviləsinə əsasən 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh2 məxsus “Ford Fusion minik” markalı, buraxılış ili 2013-cü il, ban nömrəsi 3FA6P0HD3ER108641 olan, gümüşü metallik rəngli, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, “Ford Fusion minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 fevral 2023-cü il tarixli sm6269 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən 15 fevral 2023-cü ildən 15 fevral 2026-cı ilədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 14 fevral 2013-cü il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Fusion minik” markalı, buraxılış ili 2013-cü il, ban nömrəsi 3FA6P0HD3ER108641 olan, gümüşü metallik rəngli, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 27 avqust 2024-cü il tarixdə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, cavabdehlərə 13 fevral 2023-cü il tarixli sm6269 saylı krеdit müqaviləsi üzrə borcun 20284,96 manat əsas borc, 1415,93 manat faiz borcu və 258,56 manat cərimə olmaqla, cəmi 21959,45 manat təşkil etdiyi, öhdəliklərin vaxtında icra edilməməsinin bankla kredit müqaviləsi üzrə yaranmış borcu tam şəkildə geri tələb etməyə əsas verdiyi bildirilmiş və məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönəldilməsi üçün notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanması təklif edilmişdir. Həmin cavabdehlər bildirişi 31 avqust 2024-cü il tarixdə rəsmi qaydada almışdır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli kredit müqaviləsi üzrə 10 oktyabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 20284,96 manat məbləğində əsas borcu, 1873,88 manat məbləğində faiz borcu və 476,66 manat məbləğində cərimə borcu olmaqla, cəmi 22635,5 manat məbləğində borcu vardır. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli 9/10693 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 31 avqust 2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 20295,77 manat, faiz borcu üzrə 1474,21 manat, 10 oktyabr 2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 20295,77 manat, faiz borcu üzrə 1900,42 manat, 04 dekabr 2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 20295,77 manat, faiz borcu üzrə 1900,42 manat müəyyən olunmuşdur. İş materiallarında olan 17 mart 2025-ci il tarixli 9/10726 nömrəli ekspert rəyində göstərilir ki, ekspert baxışına təqdim edilmiş təyinatı üzrə istifadəyə yararlı 2013-cü il buraxılışlı, “Ford Fusion” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti təxminən 15000 manat, 10% azalma əmsalı tətbiq etməklə likvid qiyməti təxminən 13500 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 iyun 2025-ci il tarixli PR/331/2025 nömrəli mütəxəssis rəyində göstərilir ki, **-LY-*** dövlət qeydiyyat nişanlı, Ford Fusion marka-modelli minik avtomobilin 27 may 2025-ci il tarixinə olan real bazar dəyəri 12000 (on iki min) manat, likvid qiyməti 11000 (on bir min) manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borc alan Cavabdeh3 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borc məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 05 fevral 2025-ci il tarixli 9/10693 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 05 fevral 2025-ci il tarixli 9/10693 nömrəli ekspert rəyində Cavabdeh3 ilə bağlanmış 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 20295,77 (iyirmi min iki yüz doxsan beş manat yetmiş yeddi qəpik) manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada 20284,96 (iyirmi min iki yüz səksən dörd manat doxsan altı qəpik) manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərdən iddia tələbində göstərilən məbləğdə, yəni 20284,96 (iyirmi min iki yüz səksən dörd manat doxsan altı qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış əsas borc məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, cavabdehlərdən müştərək qaydada iddia tələbi üzrə 20284,96 (iyirmi min iki yüz səksən dörd manat doxsan altı qəpik) manat məbləğində əsas borc tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 10 oktyabr 2024-cü il tarixinə 1873,88 (min səkkiz yüz yetmiş üç manat səksən səkkiz qəpik) manat məbləğində məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 27 avqust 2024-cü il tarixdə cavabdehlərə tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş göndərərək kredit müqaviləsi üzrə yaranmış borcu tam şəkildə geri tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və buna görə həmin bildirişin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən rəsmi qaydada qəbul edildiyi 31 avqust 2024-cü il tarixdən müqavilə birtərəfli qaydada ləğv olunmuş hesab edilməlidir. Belə olan halda 31 avqust 2024-cü il tarixdən sonra faiz borcunun müqavilədəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən 31 avqust 2024-cü il tarixdə alındığı nəzərə alınmalı və 05 fevral 2025-ci il tarixli 9/10693 nömrəli ekspert rəyində həmin tarixə hesablanmış 1474,21 (min dörd yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbi “476,66 (dörd yüz yetmiş altı manat altmış altı qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 13 fevral 2023-cü il tarixli sm6269 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh1 kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh3 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh3 arasında bağlanmış 15 fevral 2023-cü il tarixli sm6269 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan “Ford Fusion minik” markalı, buraxılış ili 2013-cü il, ban nömrəsi 3FA6P0HD3ER108641 olan, gümüşü metallik rəngli, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan “Ford Fusion minik” markalı, buraxılış ili 2013-cü il, ban nömrəsi 3FA6P0HD3ER108641 olan, gümüşü metallik rəngli, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid qiyməti müəyyən edilərkən “17 mart 2025-ci il tarixli 9/10726 nömrəli ekspert rəyi nəzərə alınaraq ipoteka predmetinin likvid qiyməti 13500 manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “158 (yüz əlli səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 156,71 (yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “mütəxəssis rəyinin alınması üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan 10 iyun 2025-ci il tarixli MD100625-50A nömrəli ödəniş tapşırığına əsasən mütəxəssis rəyinin verilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 500 (beş yüz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20284,96 (iyirmi min iki yüz səksən dörd manat doxsan altı qəpik) manat məbləğində əsas bоrc, 1474,21 (min dörd yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 476,66 (dörd yüz yetmiş altı manat altmış altı qəpik) manat məbləğində cərimə və 156,71 (yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 22392,54 (iyirmi iki min üç yüz doxsan iki manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 22392,54 (iyirmi iki min üç yüz doxsan iki manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan “Ford Fusion minik” markalı, buraxılış ili 2013-cü il, ban nömrəsi 3FA6P0HD3ER108641 olan, gümüşü metallik rəngli, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 22392,54 (iyirmi iki min üç yüz doxsan iki manat əlli dörd qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan “Ford Fusion minik” markalı, buraxılış ili 2013-cü il, ban nömrəsi 3FA6P0HD3ER108641 olan, gümüşü metallik rəngli, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 13500 (on üç min beş yüz) manat müəyyən edilməlidir. Həmçinin iş üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 ( iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20284,96 (iyirmi min iki yüz səksən dörd manat doxsan altı qəpik) manat məbləğində əsas bоrc, 1474,21 (min dörd yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 476,66 (dörd yüz yetmiş altı manat altmış altı qəpik) manat məbləğində cərimə və 156,71 (yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 22392,54 (iyirmi iki min üç yüz doxsan iki manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 22392,54 (iyirmi iki min üç yüz doxsan iki manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan “Ford Fusion minik” markalı, buraxılış ili 2013-cü il, ban nömrəsi 3FA6P0HD3ER108641 olan, gümüşü metallik rəngli, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 22392,54 (iyirmi iki min üç yüz doxsan iki manat əlli dörd qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan “Ford Fusion minik” markalı, buraxılış ili 2013-cü il, ban nömrəsi 3FA6P0HD3ER108641 olan, gümüşü metallik rəngli, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 13500 (on üç min beş yüz) manat müəyyən edilsin. İş üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar