Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1169/2025 23.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “qazın layihə əsasında qanuni çəkildiyinin tanınması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “qazın layihə əsasında qanuni çəkildiyinin tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ‟Zelyonıy bugor” adlı kafeyə qazın layihə əsasında qanuni çəkildiyinin X1 İstismarı İdarəsi tərəfindən tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsində X2 İdarəsi tərəfindən ona məxsus qeyri-yaşayış obyektinə qazın layihə əsasında qanuni çəkildiyinin cavabdeh tərəfindən tanınması xahiş edilmişdir. Göründüyü kimi, iddia ərizəsində nəzərdə tutulan tələb Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi barədədir, yəni öhdəliyin icrası haqqında iddiadır. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddia tələbindən yaranan hüquqi mübahisənin tərəfləri, yəni iddiaçı və cavabdeh - təbii inhisar subyekti olan Cavabdeh İB arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir. Ümumi (publik) hüquq hakimiyyət daşıyıcıları ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir və bu münasibətlərdə inzibati orqan digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddiaçının xahişi, yəni qazın layihə əsasında qanuni çəkildiyinin tanınması da məhz Cavabdeh İB-nin təbii inhisar subyekti olaraq ona həvalə edilmiş hakimiyyət səlahiyyətlərinin realizəsi ilə birbaşa bağlıdır. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icraedilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarda, həmçinin göstərmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci Qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinin 1-ci abzasına əsasən, təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Həmin Qərarın 14-cü bəndinin 4-cü abzasına əsasən, təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, hazırkı mübahisə üzrə təbii inhisar subyekti olan cavabdehə qarşı yönələn tələb - “qazın layihə əsasında qanuni çəkildiyinin tanınması” tələbi onun ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyindən irəli gəldiyindən, tərəflər bərabər mövqedə olmadığından hazırkı işə mülki mühakimə icraatı qaydasında baxılmalı deyil və bununla əlaqədar, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 153.2, 263-264 və maddələrini rəhbər tutub, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “qazın layihə əsasında qanuni çəkildiyinin tanınması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1169/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1169/2025
23.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver