Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1173/2024 22.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 28 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş 3740 (üç min yeddi yüz qırx) mаnаt məbləğində maddi ziyanın və 57,4 (əlli yeddi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3797,4 (üç min yeddi yüz doxsan yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Arxi Fərhad 2020-ci ilin dekabrında ona adına mallar göndərməyi və Azərbaycan Respublikasında həmin malları sataraq qazanc əldə etməyi təklif etmiş və iddiaçı həmin təkliflə razılaşmışdır. Həmin şəxs bunun uçun iddiaçıya VÖEN açmalı olduğunu bildirdikdə, iddiaçı VÖEN (**********) əldə etmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində X2 Respublikasından mebellər, həmçinin həmin mebellərin gömrük rəsmiləşdirməsinin aparılması üçün iddiaçıya 10000 manat məbləğində pul göndərmişdir. Gömrükdə rüsumlar çox olduğundan Arxi Fərhada zəng edərək bu barədə bildirən zaman həmin şəxs çatmayan məbləğin üzərinin onun tərəfindən düzəldilməsini xahiş etmiş, iddiaçı isə pulunun olmaması səbəbindən bu işdən imtina etmişdir. Bundan sonra, Arxi Fərhad Cavabdeh iddiaçının yanına göndərmiş, iddiaçı malların gömrükdən çıxarılıb gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün etibarnamə, həmçinin Arxi Fərhadın göndərdiyi pulu ona vermişdir. Təxminən bir il sonra, yəni 2022-ci ilin fevral ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsindən vergi borcunun olmasına dair xx.xx.2022-ci il tarixli **********0 nömrəli bildiriş gəldikdə, dövlət büdcəsinə 3465,26 manat məbləğində vergi borcunun mövcud olduğu məlum olmuşdur. Ona məlum olmuşdur ki, VÖEN iddiaçının adına olduğundan vergi borcu da onun adına hesablanmışdır. İddiaçı dəfələrlə vergi borcunu ödəməsini cavabdehdən tələb etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməmişdir. İddiaçı məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, polis idarəsinin istintaq şöbəsinin qərarı ilə mübahisənin mülki xarakterli olmasını əsas gətirilərək cinayət işinin başlanması rədd edilmişdir. Abşeron rayon Polis İdarəsindəki araşdırma zamanı cavabdeh mebeli qəbul etmək üçün iddiaçıdan notarial etibarnamə və pulu almasını etiraf etmişdir. Hər ödənilməyən günə görə üzərinə faiz gəldiyindən vergi borcu artmışdır. İddiaçı xaric ölkəyə getməli olduğu üçün həmin vergi borcunu özü ödəmək məcburiyyətində qalmış və cavabdehin ona vurduğu maddi ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı 22 iyul 2024-cü il tarixli məktubdan görünür ki, 21 yanvar 2021-ci il tarixdə iddiaçı tərəfindən idxal olunmuş mebellərin tam qiyməti 124950 manat, idxal rüsumu 18742,50 manat, əlavə dəyər vergisi 25974,45 manat, digər rüsumlar 700 manat olmaqla, cəmi 170366,95 manat məbləğ hesablanmışdır. Həmin məbləğə görə də 2 faiz dərəcəsi ilə 3407,34 manat sadələşdirilmiş vergi hesablanmışdır. Həmçinin hesablanmış vergi məbləği vaxtında ödənilmədiyinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən 374,81 manat məbləğində faiz hesablanılmışdır. Həmin məktuba əsasən, iddiaçının 3782,15 manat məbləğində borcu olduğu müəyyən olunmuşdur. İddia ərizəsində isə cavabdehdən ödənilmiş vergi borcu, yəni 3740 manat məbləğ tələb olunmuşdur. İddiaçının cəmi 42 manat məbləğində vergi borcu qalmışdır, onu da öz hesabına ödəyəcəkdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzər alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 09 fevral 2022-ci il tarixli, **********632100 qeydiyyat nömrəli Vergi borcunun ödənilməsinə dair bildirişə əsasən İddiaçı 09 fevral 2022-ci il tarixinə dövlət büdcəsinə, ümumilikdə 3465,26 manat məbləğində vergi borcunun olması ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 3740 manat məbləğində maliyyə əməliyyatları üzrə daxilolma həyata keçirilmişdir. İş materiallarından görünür ki, “MOLTENİ&C.SPA VİA ROSSİNİ” şirkətinin adından iddiaçının adına müxtəlif adda və çeşiddə mebel və mebel məhsulları idxal edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin məzmunundan görünür ki, iddiaçı həmin etibarnamə ilə onun adından bütün gömrük idarələrində o cümlədən Dövlət Gömrük Komitəsində və onun tabeçiliyində olan bütün struktur bölmələrində, aviaşirkətlərdə, bütün karqo şirkətlərində təmsil etməyi, gömrük işləri görməyi, sənədləşmə işləri aparmağı, rəsmiləşdirməyi, sənədləri təqdim etməyi, adına gələn və mövcud olan bütün əsaslarla və malları almağı, aldığına dair imza etməyi, qanunvericiliklə nəzərdə tutulmuş rüsum və digər ödənişləri etməyi, bu işlə əlaqədar ərizə yazmağı,imzalamağı, sənədləri toplamağı təqdim etməyi almağı aldığına dair imza etməyi və bu tapşırıqla bağlı bütün hərəkətləri etməyi cavabdehə etibar etmişdir. Etibarnamə 1 ay müddətinə verilmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 mart 2022-ci il tarixli qərarla iddiaçının şikayəti ilə əlaqədar toplanmış materialda cinayət tərkibli əməl olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında həmin qərarın məzmununa əsasən, cavabdeh izahatında göstərmişdir ki, İddiaçı onu tanımamışdan öncə İran İslam Respublikasının vətəndaşı Arxi Fərhadı tanımışdır. Belə ki, Azərbaycan Respublikasına mebel gətirən X4 demişdir ki. onun göndərdiyi malı yəni, mebeli qəbul edib lazımi ünvana çatdırsın. Zakir isə həmin işə görə bilmədiyi və müddəti uzatdığı üçün Arxi Fərhad ona zəng edib xahiş etmişdir ki, Zakirdən 14000 manat məbləğində pulu götürüb malı ünvana çatdırsın. Bunun üçün Zakir ona etibarnamə vermişdir. Həmin malı ünvana çatdırmışdır. O, X1 məxsus 14000 manat məbləğində pulu götürən zaman həmin puldan 1000 manat əskik ona vermişdir. Həmin pulu Arxi Fərhadın işi ilə bağlı gömrük rüsumlarını ödəmiş, əlavə olaraq Arxi Fərhaddan 5000 manatda pul alıb onu da gömrük işinə xərcləmişdir. Bir sözlə Zakirin yalan danışdığını, o və X3 adına iş görmədiyini, nə də ki, onların işinə görə vergi borcu yaranmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 20 iyul 2022-ci il tarixli **********471500 nömrəli müraciətə baxılması haqqında məktubda iddiaçının 2021-ci il ərzində 170366,95 manat dəyərində idxalının olmasına baxmayaraq, müvafiq dövrlər üzrə iddiaçı tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə 0.0 manat dövriyyənin əks etdirilməsi, yaranmış uyğunsuzluqla əlaqədar iddiaçıya xx.xx.2022-ci il tarixli **********591600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə" məktubun göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 29 iyul 2022-ci il tarixli 3-21-2-9/2-2064/2024 nömrəli müraciətə baxılması haqqında məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən idxal edilmiş yemək və yaşayış otaqları üçün ağacdan mebel (124950 manat tam qiyməti + 18742,50 manat idxal rüsumu + 25974,45 manat əlavə dəyər vergisi + 700 manat digər rüsumlarla birlikdə cəmi 170366,95 manat) vergi orqanı tərəfindən təqdimedilmə kimi qiymətləndirilərək 2% dərəcə ilə 3407,34 manat sadələşdirilmiş vergi hesablanılmışdır. Hesablanmış vergi məbləği vaxtında ödənilmədiyi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən 374,81 manat məbləğində faiz hesablanmışdır. Həmin məktuba qoşma kimi əlavə edilmiş yük gömrük bəyannamələrinə əsasən, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olan İddiaçı adından edilmiş 21 yanvar 2021-ci il tarixli bəyamnamə məlumatları belədir: malların qiyməti: 124950 manat, idxal rüsumu: 18743 manat; ƏDV: 25974,45 manat; digər rüsum və vergilər: 700 manat. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddələrinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən məhkəmə müəyyən etdi ki, İddiaçı İran İslam Respublikasının vətəndaşı olan Arxi Fərhadla onun İtaliya Respublikasından Azərbaycan Respublikasına idxal etdiyi mebellərin gömrük rəsmiləşdirilməsinə kömək etməsi, o cümlədən həmin malların ölkə ərazisində satılaraq qazanc əldə edilməsi barədə şifahi qaydada müəyyən haqq müqabilində razılığa gəlmiş, bununla əlaqədar Arxi Fərhad gömrük rəsmiləşdirilməsi üçün iddiaçıya 10000 manat məbləğində pul vermiş, göndərilən malların gömrük rəsmiləşdirilməsi baha başa gəldiyindən iddiaçı pulunun olmaması səbəbindən işdən imtina etmiş, belə olduqda Arxi Fərhad Cavabdeh iddiaçının yanına göndərmiş, iddiaçı cavabdehə Arxi Fərhadın ona verdiyi pulu, həmçinin malların gömruk rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün öz adından xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Bundan təxminən bir il sonra, yəni 2022-ci ilin fevral ayında iddiaçıya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsindən vergi borcunun olmasına dair xx.xx.2022-ci il tarixli **********0 nömrəli bildiriş göndərildikdə, dövlət büdcəsinə 3465,26 manat məbləğində vergi borcunun mövcud olması ona məlum olmuşdur. Müəyyən edilmişdir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (**********) iddiaçının adına olduğundan və cavabdehə verdiyi etibarnaməyə əsasən malların gömrük rəsmiləşdirilməsi onun adından həyata keçirildiyindən idxal edilmiş malların tam qiyməti 124950 manat, idxal rüsumu 18742,50 manat, əlavə dəyər vergisi 25974,45 manat, digər rüsumlar 700 manat olmaqla, cəmi 170366,95 manat məbləğə vergi orqanı tərəfindən 2 % dərəcəsi ilə 3407,34 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Həmçinin bu vergi məbləği vaxtında ödənilmədiyi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən həmin məbləğin üzərinə 374,81 manat məbləğində faiz hesablanmışdır. Cavabdeh sözügedən vergi borcunu ödəmədiyindən həmin borcun 3740 manatlıq hissəsi iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir (iş materiallarında olan 15 avqust 2022-ci il tarixli mədaxil qəbzi). Bu göstərilənlər iş materiallarında olan və yuxarıda istinad edilən sübutlarla tam təsdiq edilməkdədir. Bununla əlaqədar məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının ona verdiyi etibarnamə əsasında ona məxsus vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə onun adından malların gömrük rəsmiləşdirməsini həyata keçirmiş, yəni onların arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlanmış, lakin cavabdeh icra etdiyi işlərə görə ödəməli olduğu sadələşdirilmiş vergini ödəməmiş və bununla da iddiaçıya onun dövlət büdcəsinə ödəməli olduğu vergi borcu məbləğində maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 3740 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 57,40 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 28 iyun 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 57,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 57,40 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3740 manat məbləğində borc və 57,40 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 3797,4 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3740 (üç min yeddi yüz qırx) manat manat məbləğində pul və 57,4 (əlli yeddi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3797,4 (üç min yeddi yüz doxsan yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1173/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1173/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver