Məhkəmə qərarları › İş №e-2-2(119)-1176/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1176/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1176/2024 29.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 003A********** saylı kredit müqaviləsi üzrə 9202,04 manat məbləğində kredit bоrcu, 855,72 manat məbləğində faiz bоrcu və 235,17 manat məbləğində cərimə, Cavabdeh2 iddiaçının xeyrinə 003A********** saylı kredit müqaviləsi üzrə 1358,81 manat məbləğində kredit bоrcu, 113,01 manat məbləğində faiz bоrcu və 25,54 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1497,36 manat bоrcun və ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 30 iyun 2022ci il tarixli 003A********** nömrəli və 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqavilələri üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2lə və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh1lə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı tərəfindən 25 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 003A********** saylı kredit müqaviləsi üzrə 8750,81 manat məbləğində kredit bоrcu, 1380,12 manat məbləğində faiz bоrcu və 536,3 manat məbləğində cərimə, Cavabdeh2 iddiaçının xeyrinə 003A********** saylı kredit müqaviləsi üzrə 658,81 manat məbləğində kredit bоrcu, 208,73 manat məbləğində faiz bоrcu və 59,17 manat məbləğində cərimə olmaqla, ümumilikdə 11593,94 manat bоrcun və iddiaçı tərəfindən ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən 29 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə yenidən “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 003A********** saylı kredit müqaviləsi üzrə 8750,81 manat məbləğində kredit bоrcu, 1252,75 manat məbləğində faiz bоrcu və 495,12 manat məbləğində cərimə, Cavabdeh2 iddiaçının xeyrinə 003A********** saylı kredit müqaviləsi üzrə 658,81 manat məbləğində kredit bоrcu, 208,73 manat məbləğində faiz bоrcu və 59,17 manat məbləğində cərimə olmaqla, ümumilikdə 11425,39 manat bоrcun və iddiaçı tərəfindən ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin və “iddia tələbinin həcminin azaldılması” barədə 29 noyabr 2024-cü il tarixli ərizənin məzmununa uyğun izahat verib, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 003A********** saylı kredit müqaviləsi üzrə 8750,81 manat məbləğində kredit bоrcu, 1252,75 manat məbləğində faiz bоrcu və 495,12 manat məbləğində cərimə, Cavabdeh2 iddiaçının xeyrinə 003A********** saylı kredit müqaviləsi üzrə 658,81 manat məbləğində kredit bоrcu, 208,73 manat məbləğində faiz bоrcu və 59,17 manat məbləğində cərimə olmaqla, ümumilikdə 11425,39 manat bоrcun və iddiaçı tərəfindən ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsinin 1ci bəndinə əsasən, bank məbləği 15000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin müqavilənin 4.1.5-ci yarımbəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 01 iyul 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli 003G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 10 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə iddiaçıya 9202,04 manat məbləğində bоrc, 855,72 manat məbləğində faiz borcu və 235,17 manat məbləğində cərimə оlmaqla, cəmi 10292,93 manat məbləğində borcu vardır. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə iddiaçıya 8950,81 manat məbləğində bоrc, 1310,27 manat məbləğində faiz borcu və 488,92 manat məbləğində cərimə оlmaqla, cəmi 10750 manat məbləğində borcu vardır. İş materiallarında olan 23 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə iddiaçıya 8750,81 manat məbləğində bоrc, 1380,12 manat məbləğində faiz borcu və 536,3 manat məbləğində cərimə оlmaqla, cəmi 10667,23 manat məbləğində borcu vardır. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə iddiaçıya 8750,81 manat məbləğində bоrc, 1252,75 manat məbləğində faiz borcu və 495,12 manat məbləğində cərimə оlmaqla, cəmi 10498,68 manat məbləğində borcu vardır. İş materiallarında iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, bank məbləği 2100 (iki min yüz) manat olan krediti aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin müqavilənin 4.1.5-ci yarımbəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə hesablamaq hüququna malikdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 03 mart 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 10 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə iddiaçıya 1358,81 manat məbləğində bоrc, 113,01 manat məbləğində faiz borcu və 25,54 manat məbləğində cərimə оlmaqla, cəmi 1497,36 manat məbləğində borcu vardır. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə iddiaçıya 658,81 manat məbləğində bоrc, 208,73 manat məbləğində faiz borcu və 59,17 manat məbləğində cərimə оlmaqla, cəmi 926,71 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 10 may 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 9202,04 manat məbləğində əsas borc, 855,72 manat məbləğində faiz borcu, 235,17 manat məbləğində cərimə borclarının olduğu bildirilmiş, borcun 19 may 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 10 may 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 1358,81 manat məbləğində əsas borc, 113,01 manat məbləğində faiz borcu, 25,54 manat məbləğində cərimə borcunun olduğu bildirilmiş, borcun 19 may 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli və 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqavilələri üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, 30 iyun 2022-ci il tarixli 003G**********01 nömrəli zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 8750,81 manat borcun və 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 658,81 manat borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışlarında 10 may 2024-cü il tarixinə 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 855,72 manat məbləğində, 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 113,01 manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli və 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqavilələri üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borclarının məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 10 may 2024-cü il tarixdə xəbərdarlıq məktublarının göndərilməsi və 10 may 2024-cü il tarixli maliyyə arayışları nəzərə alınmalı və 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə hesablanmış 855,72 manat məbləğində, 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə isə 113,01 manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 495,12 manat məbləğində cərimənin və 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 208,73 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimə borcunun əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, iddia tələbinin 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 495,12 manat məbləğində cərimənin və 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 208,73 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 30 iyun 2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 440 manat məbləğində və 28 fevral 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 35 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Bundan əlavə, iddia tələbinin 125,37 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq esablanmış 122,56 manat məbləğdə pul vəsaitinin 120,14 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 2,42 manat hissəsi isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 8750,81 manat məbləğində bоrc, 855,72 manat məbləğində faiz bоrcu, 440 manat məbləğində cərimə və 120,14 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10166,67 manat məbləğində pul vəsaiti, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 658,81 manat məbləğində borc, 113,01 manat məbləğində faiz borcu, 35 manat məbləğində cərimə və 2,42 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 809,24 manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 8750,81 (səkkiz min yeddi yüz əlli manat, səksən bir qəpik) manat məbləğində bоrc, 855,72 (səkkiz yüz əlli beş manat, yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu, 440 (dörd yüz qırx) manat məbləğində cərimə və 120,14 (yüz iyirmi manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10166,67 (on min yüz altmış altı manat, altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh2 xx.xx.2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 658,81 (altı yüz əlli səkkiz manat, səksən bir qəpik) manat məbləğində borc, 113,01 (yüz on üç manat, bir qəpik) manat məbləğində faiz borcu, 35 (otuz beş) manat məbləğində cərimə və 2,42 (iki manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 809,24 (səkkiz yüz doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar