Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1184/2024 09.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4la aralarında bağlanmış 31 mart 2022-ci il tarixli kredit borcunun restrukturizasiyası müqaviləsi üzrə 2610,67 (iki min altı yüz on manat, altmış yeddi qəpik) manat məbləğində borc, 806,51 (səkkiz yüz altı manat, əlli bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3417,18 (üç min dörd yüz on yeddi manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 31 mart 2022ci tarixli kredit borcunun restrukturizasiyası müqaviləsi üzrə Cavabdeh4 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh4la və bağlanmış zaminlik müqavilələrinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həllinə cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 31 mart 2022-ci il tarixli kredit borcunun restrukturizasiyası müqaviləsinin 1.1-ci bəndinə əsasən, İddiaçı Səhmdar Kredit Təşkilatının Xaçmaz filialı ilə Xaçmaz rayonu Sayad kəndində yaşayan Cavabdeh4 arasında bağlanmış “02” mart 2020-ci il tarixli, 2268 saylı kredit müqaviləsi əsasında ona 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərtilə iribuynuzlu heyvanların alınması məqsədi iİə 5000 manat kredit verilmişdir. Həmin müqavilənin tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə əsasən borcalan, cəmi 2858,35 manat məbləğində əsas borcu ödəməlidir. Tərəflərin qarşılıqlı razılığı əsasında kredit borcunun reslrukturizasiya edilməsi bu müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borcalan hazırkı müqavilənin imzalandığı tarixə 2858,35 manat ssuda borcunun olmasını etiraf edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan borcverənə olan restrukturizasiya olunmuş 2858,35 manat kredit borcunu bu müqavilənin imzalandığı gündən faizləri hər ay ödəmək şərti ilə tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun olaraq (9 ay müddətinə xx.xx.2022-ci il tarixədək) borcverənin hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəməyi öz öhdəsinə götürür (ödəniş qrafiki müqaviləyə əlavə edilir). Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, borcverənlə borcalan arasında bağlanmış hazırki restrukturizasiya müqaviləsi ilə əlaqədar borcun təminatına xitam verilmir və Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının ünvan 1 ünvanda yaşayan Cavabdeh1 arasında bağlanmış 02 mart 2020-ci il tarixli, 1527 nömrəli, Xaçmaz rayonu Sayad kəndində yaşayan Kəİbəliyeva Lətifə Həsənbala qızı arasında bağlanmış 02 mart 2020-ci il tarixli, 1528 nömrəli və Xaçmaz rayonu Sayad kəndində yaşayan Cavabdeh2 arasında bağlanmış 02 mart 2020-ci il tarixli, 1529 nömrəli zaminlik müqavilələri üzrə zaminlik münasibətləri davam etdirilir. İş materiallarında olan 02 mart 2020-ci il tarixli 2268 nömrəli kredit müqaviləsinin 2.1ci bəndinə əsasən, borcverən (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) borcalana (Cavabdeh4) 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərtilə iribuynuzlu heyvanların alınması məqsədi iİə 5000 manat kredit vermişdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2020-ci il tarixli 1527 nömrəli, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 02 mart 2020-ci il tarixli 1528 nömrəli, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2020-ci il tarixli 1529 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, kredit təşkilatı ilə Cavabdeh4 arasında 02 mart 2020-ci il tarixdə bağlanmış 2268 nömrəli kredit müqaviləsi əsasında borcalana veriləcək 5000 manat kreditlə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin kredit təşkilatı qarşısında müqavilənin 3-cü bəndində göstərilən məbləği kredit təşkilatının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və kredit təşkilatının filiallarında və digər banklarda, hesablarda olan vəsaitin kredit təşkilatı tərəfindən tutulmasına icazə verir. İş materiallarında olan 02 mart 2020-ci il tarixli 2268 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh4 müqavilə üzrə iddiaçıya son ödəniş tarixi 2022-ci ilin dekabr ayıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh4 iddiaçıya 06 aprel 2024-cü il tarixinə 3417,18 manat məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 02 mart 2020-ci il tarixli 2268 nömrəli kredit müqaviləsi və 31 mart 2022-ci il tarixli kredit borcunun restrukturizasiyası müqaviləsi üzrə Cavabdeh4 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən onunla birlikdə, həmçinin zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 2610,67 manat borc və 806,51 manat faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 05 may 2023-cü il tarixli MŞQ/MT-027/2023-00537 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa əsasən, müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddia tələbinin 60 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsi qismən təmin edilməli, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülərək cavabdehdən həmin xərcin yarısı, yəni 30 manatlıq hissəsinin əvəzi tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, yuxarıda qeyd edilən 02 mart 2020-ci il tarixli 2268 nömrəli kredit müqaviləsi və 31 mart 2022-ci il tarixli kredit borcunun restrukturizasiyası müqaviləsi üzrə 2610,67 manat məbləğində borc, 806,51 manat məbləğində faiz borcu, həmçinin 30 manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 3447,18 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bunlardan başqa, hazırkı iddia tələbi qismən təmin edildiyindən aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 54,17 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1-284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 02 mart 2020-ci il tarixli, 2268 nömrəli kredit müqaviləsi və 31 mart 2022-ci il tarixli kredit borcunun restrukturizasiyası müqaviləsi üzrə 2610,67 (iki min altı yüz on manat, altmış yeddi qəpik) manat məbləğində əsas borc, 806,51 (səkkiz yüz altı manat, əlli bir qəpik) manat məbləğində faiz borcu, həmçinin 30 (otuz) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 3447,18 (üç min dörd yüz qırx yeddi manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 54,17 (əlli dörd manat, on yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1184/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1184/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver