Məhkəmə qərarları › İş №e-2-2(119)-1186/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1186/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1186/2024 25.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, borcun tutulması, icarə obyektinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsi üzrə 3806,66 (üç min səkkiz yüz altı manat, altmış altı qəpik) manat məbləğində borc, 852,39 (səkkiz yüz əlli iki manat, otuz doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4659,05 (dörd min altı yüz əlli doqquz manat, beş qəpik) manat məbləğində pul vəsaitinin və 167,39 (yüz altmış yeddi manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tərəflər arasında bağlanmış həmin icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən qismində çıxış edən iddiaçı ilə icarəçi qismində çıxış edən cavabdeh arasında qeyri-yaşayış sahəsinin sonuncunun icarəsinə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlanılmış, cavabdeh həmin müqavilə ilə razılaşdırılmış icarə haqlarını tam ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir. Bununla əlaqədar cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 07 avqust 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək verərək 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsi üzrə 3866,66 (üç min səkkiz yüz altmış altı manat, altmış altı qəpik) manat məbləğində borc, ona hesablanmış 879,47 (səkkiz yüz yetmiş doqquz manat, qırx yeddi qəpik) manat cərimə olmaqla, cəmi 4746,13 (dörd min yeddi yüz qırx altı manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin və 167,39 (yüz altmış yeddi manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tərəflər arasında bağlanmış həmin icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə cavadehlə olan münasibətlərə hazırda xitam verilmədiyi üçün və cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam icra olunmadığından məhkəməyə müraciət edildikdən sonra da müvafiq borc məbləğlərinin yaranması ilə əsaslandırılmışdır. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində tələb edilən pul məbləğinin hansı tarixlərə aid olduğu qeyd edilməmişdir. Bundan başqa, 2018-ci ildən hazırkı vaxtadək 6 il müddət keçir və iddia tələbi üzrə iddia müddəti Azərbaycan Respublikasının Mülki Məcəllənin 377.1 və 375.2-ci maddələrinə əsasən ötürülmüşdür. Bundan əlavə, 2022-ci ilə qədər “Covid 19” pandemiyası ilə bağlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikasının Baş Nazirinin fiziki və hüquqi şəxslərin əmək fəaliyyətlərinə qadağalar ilə bağlı müvafiq qərarları olmuşdur. Ona görə də həmin dövr üçün borcun hesablanması əsassız hesab edilərək pul tələbinə iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Bundan savayı, iddia tələbində icarəyəverən ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləyə xitam verilməsi tələb edilir. Mübahisələndirilən qeyri-yaşayış sahəsi Bakı Beynəlxalq Avtovağzalının ərazisində yerləşir. Həmin qeyri yaşayış sahəsi yerləşən ərazinin əvvəlki rəhbərliyi ilə heç bir narazılıq və ya mübahisə olmamışdır. Rəhbərlik dəyişdikdən sonra hazırkı qondarma iddia tələbi ortaya çıxmış, cavabdeh hər ay yer haqqı və sair xərclərə dair nə tələb edilmişdirsə, həmin məbləği ödəmişdir. Cavabdehə heç bir müqavilə təqdim edilməmişdir. Lazım olanda müdiriyyət cavabdehi baş ofisə dəvət etmiş və orada öz təkliflərini bildirmişdir. Cavadeh də onların tələblərini qeyd-şərtsiz yerinə yetirmişdir. Müqavilə isə tərəflərin sayına görə tərtib edilməlidir, ikitərəfli və ya üçtərəfli ola bilər - müqavilə üzrə tərəflər və müqaviləni təsdiq edən notariat kontoru. İddiaçının cavabdehə heç bir yazılı müqavilə təqdim etmədən orda qeyd edilən şərtlərə dair razılığını almadan belə bir tələb irəli sürməsi qanunsuz və əsassızdır. Ona görə də həmin müqaviləyə xitam verilməsi üçün hüquqi əsas yoxdur. Müqaviləyə xitam verilmədiyi təqdirdə isə həmin qeyri-yaşayış sahəsinin boşaldılması da əsassızdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyəverən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət mərkəzində yerləşən qeyriyaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyəverənə icarə haqqı və icarə münasibətlərindən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 170 manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi qeyd edilən müqaviləyə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçı təşkilat tərəfindən icarəçiyə 24 aprel 2024-cü il tarixli pretenziya məktubu ünvanlandıqdan sonra 3 ay ərzində icarəçi aylıq 150 manat məbləğində ödəniş həyata keçirmişdir, halbuki müqavilə ilə icarə haqqı 170 manat məbləğində müəyyənləşdirilmişdir. Hazırda icarə müqaviləsi qüvvədə olduğundan icarəçinin borc məbləği artmaqda davam edir. Məhkəməyə təqdim olunan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd edildiyi kimi, cavabdehin icarə haqqı borcu 3866,66 manat, ona hesablanmış cərimə 879,47 manat olmaqla, ümumilikdə borcu 4746,13 manat təşkil edir. İddiaçı təşkilat fəaliyyət göstərdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət mərkəzini icarəyə götürmüşdür. İddiaçı təşkilat tərəfindən hər ay Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinə icarə haqqı üzrə ödənişlər həyata keçirilir. Cavabdehin icarə haqqı üzrə ödənişləri natamam şəkildə həyata keçirməsi iddiaçının başqa təşkilatlar qarşısında yaranan öhdəliklərini icra etməsinə maneələr yaradır. Cavabdehlə müqaviləyə xitam verilsə, iddiaçı icarə haqqı üzrə ödənişləri vaxtlı-vaxtında həyata keçirən başqa icarəçilərlə müqavilə bağlaya bilər. Cavabdeh sonuncu dəfə icarə müqaviləsi üzrə 29 iyun 2024-cü il, 27 iyul 2024-cü il, 24 avqust 2024-cü il tarixlərində 150 manat məbləğində ödənişlər həyata keçirmişdir. Qeyd edilən tarixlərdən əvvəl isə cavabdeh aylıq təxminən 70-80 manat məbləğində ödənişlər etmişdir. İddia ərizəsi ilə tələb edilən borc məbləği 01 fevral 2018-ci il tarixindən 26 iyul 2024-cü il tarixə qədər olan dövrü əhatə edir. İddiaçı tərəfindən keçirilmiş mübahisənin məhkəməyə qədər həll olunması ilə bağlı iclasda cavabdehin çıxışlarından məlum olmuşdur ki, cavabdeh 170 manat məbləğində icarə haqqı ödəmək şərtini qəbul etmir və bu şərt daxilində həmin qeyri-yaşayış obyektindən istifadə etmək niyyətində deyildir. Müqavilə münasibətləri hazırda da davam etdiyinə görə iddiaçının 2018-ci ildən bugünə qədər yaranan borcları tələb etmək hüququ vardır. İddiaçı təşkilat müqavilə üzrə icarəyəverən olaraq icarəçi tərəfindən aylıq ödənilmiş icarə haqlarını təsdiq edən mədaxil qəbzlərini məhkəməyə təqdim etmişdir. Əgər cavabdehdə iddia ərizəsində qeyd olunmuş borc məbləğini ödədiyini təsdiq edən sənəd varsa, məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə təxminən 1 il ərzində ticarət mərkəzləri fəaliyyət göstərməmişdir və maliyyə arayışında qeyd edilmiş borc məbləğləri yalnız qeyri-yaşayış sahəsinin istifadə edildiyi dövr üçün hesablanmışdır. Maliyyə arayışından görünür ki, 2020-ci il üzrə aprel və may aylarında borc hesablanmamışdır. 01 iyun 2020-ci il tarixdə qeyri-yaşayış sahələri ayın müəyyən dövründə fəaliyyət göstərdiyi üçün 113,30 manat tələb edilmişdir. Həmin tarixdən 10 iyun 2021-ci il tarixə qədər, ümumiyyətlə fəaliyyət göstərmədiyi üçün icarə haqqı tələb edilməmişdir. İddiaçı təşkilat kiçik sahibkarlara güzəştlər etmişdir. Buna bariz nümunə kimi mübahisələrin məhkəməyə qədər həllinə nail olunması məqsədilə İddiaçı MMC-nin tərkibində komissiya yaradılmışdır. Komissiya iclas təşkil edərək müqavilə üzrə öhdəliklərini tam icra etməyən borclu şəxsləri dəvət etmiş və onlar üçün güzəşt edilməsi ilə bağlı təkliflər irəli sürmüşdür. Həmin iclasın protokolundan da görünür ki, Cavabdeh müəyyən təkliflər edilmiş, lakin o, həmin təklifləri qəbul etməmişdir, ona görə də məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin 08 avqust 2024-cü il tarixində keçirilmiş iclasında işirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbində 01 fevral 2018-ci il tarixli icarə müqaviləsində nəzərdə tutulmuş icarə haqqı məbləğindən az ödəniş edildiyi qeyd edilmişdir, lakin aylar üzrə nə qədər ödəniş edildiyi, nə qədər borcun qaldığı aydın qeyd edilməmiş, borc məbləği əsaslandırılmamışdır. Borc məsələsi ilə bağlı poblem son 1 il ərzində meydana çıxmışdır. Cavabdeh onun bacısıdır və ona demişdir ki, ona aylıq icarə haqqı kimi 150 manat və yığılan borclarının silinməsi üçün 70 manat ödəmək təklif edilmişdir. “Covid-19” pandemiyası ilə əlaqədar 3 il ərzində əksər obyektlərdə fəaliyyət dayandırılmış, həmçinin cavabdehdə həmin dövr ərzində ticarətlə məşğul ola bilməmişdir, iddia ərizəsində isə həmin dövr ərzində qeyd olunmuş borclara aydınlıq gətirilməmişdir. Həmçinin müqavilə 2018-ci ildə bağlanılmışdır, artıq həmin müqavilənin bağlanılmasının 6 il keçmişdir. Bu müddət ərzində yığılmış borcların tələb olunmamasının səbəbi aydın deyildir. Cavabdeh hər ay 220 manat ödəniş etmiş, lakin həmin ödənişi təsdiqləyən qəbz ona təqdim edilməmişdir. Bununla yanaşı, aylıq ödənişi gecikdirən zaman 2 mühafizəçi təzyiq göstərərək ödənişi tələb etmiş, ödənişi etmədikləri təqdirdə mağazanın qapısını açmağa imkan verməyəcəklərini bildirmişlər. Qeyri-yaşayış sahəsinin 1 kvadratmetrinə görə 1500 manat məbləğində pul ödənilmiş, lakin ödənişi təsdiq edən hansısa sənəd, qəbz təqdim edilməmişdir. Bu vaxta kimi cavabdehin ödənişlə bağlı heç bir problemi yaranmamışdır, lakin yeni rəhbərlik kiçik sahibkarlara təzyiq göstərərək onların fəaliyyətinə problemlər yaratmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən (İddiaçı MMC) Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən sahəsi 34 kvadrat metr olan “1407A” nömrəli qeyri-yaşayış sahəsini icarəçiyə (Cavabdeh) icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci və 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərinə əsasən, icarəçinin öz üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini ondan tələb etmək, onun bu müqavilə üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədikdə, 15 (on beş) təqvim günü gözləməklə və gözləmə müddətinə cərimə tətbiq etməklə və ya etməməklə müqaviləni birtərəfli qaydada ləğv etmək, icarəçi obyektdən təyinatına uyğun istifadə etmədikdə və ya onun fəaliyyəti ilə bağlı obyektə ziyan dəydikdə, habelə müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə müqaviləyə xitam vermək icarəyə verənin hüququdur. Həmin müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən, icarəyə verən öz üzərinə düşən öhdəlikləri müvafiq qaydada, vaxtı-vaxtında həyata keçirməzsə, icarəyə verəni 1 ay öncədən, yazılı qaydada xəbərdarlıq etməklə bu müqaviləyə təktərəfli qaydada xitam vermək icarəçinin hüququdur. Həmin müqavilənin 2.4.1-ci və 2.4.2-ci yarımbəndlərinə əsasən, bu müqavilənin maddələrinə uyğun şərtlərlə və qaydada icarəyə verənə icarə haqqını, həmçinin icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin və ticarət mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri ödənişlərin (temperaturun tənzimlənməsi isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə xərcləri və sair bu mahiyyətdən olan xərclər) ona düşən hissəsini ödəmək və müqavilə üzrə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək icarəçinin vəzifələrinə aiddir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 170 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra təqvim ayının tam icarə haqqı həmin ayın 10-dan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, tərəflərdən heç biri bu müqavilə üzrə öz öhdəliklərini tərəflərin iradəsindən aslı olmayan müharibə, mülki iğtişaşlar, epidemiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə, tərəflər bu zaman məsuliyyətdən azad edilir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, əgər fors-major halları və şəraiti 3 ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərməsi yolu ilə icarəçə və ya icarəyə verən tərəfindən xitam oluna bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən, hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İcarəçi bu müqavilə və ya qanunvericilik üzrə öz vəzifəsini və ya öhdəliyini icra etməzsə, icarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. İş materiallarında olan cavabdehə göndərilmiş 23 aprel 2024-cü il tarixli 04-01/V- 2024-M/93 nömrəli pretenziya məktubunun məzmununda iddiaçı tərəfindən icarə müqaviləsindən irəli gələn borclarını ödəməsi cavabdehdən xahiş edilmiş, əks təqdirdə həmin borcların ondan tutulması, icarə müqaviləsinə xitam verilməsi, icarə obyektinin boşaldılması və icarəçiyə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, cavabdehə həmin məktub çatdırılmışdır. İş materiallarında olan 29 iyul 2024-cü il tarixli 04-02/Q-2024-M/173 nömrəli maliyyə arayışından görünür ki, 26 iyul 2024-cü il tarixinə icarəçinin icarəyə verənə icarə haqqı borcu 3866,66 manat, ona hesablanmış cərimə 879,47 manat olmaqla, cəmi borc isə 4746,13 manat təşkil edir. İş materiallarında olan obyektin əməliyyat tarixçəsinə əsasən, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış icarə haqlarının cəmi 10766,66 manat, ödənilmiş icarə haqlarının cəmi isə 7030 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Ticarət Mərkəzində fəaliyyət göstərən icarəçilərin debitor borclarının ödənilməsinin tənzimlənməsinə dair keçirilən xx.xx.2024-cü il tarixli iclasın protokolunda qeyd edilmişdir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki ticarət mərkəzində fəaliyyət göstərən 1407 A nömrəli obyektin icarəçisi Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində komissiyanın iclasında iştirak etmişdir. Lakin o, komissiyanın qarşılıqlı razılaşma təklifi ilə razılaşmadığını bildirmiş və protokolu imzalamaqdan imtina etmişdir. Yenidən iclasa dəvət olunaraq təkrar danışıqlar aparılsa da, nəticədə komissiyaya etirazını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 685.2.1-ci və 685.2.2-ci maddələrinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı "Azerbaijan Ground Services” MMC ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsi bağlanılmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən, qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə versə də, cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar aylıq icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçı təşkilata 26 iyul 2024-cü il tarixinə 3866,66 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Bu qeyd edilənlər yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 3866,66 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etirazda, o cümlədən məhkəmə hazırlıq iclasında verdiyi izahatda iddia ərizəsində tələb edilən pul məbləğinin hansı tarixlərə aid olduğunun qeyd edilmədiyini, bundan başqa, 2018-ci ildən hazırkı vaxtadək 6 il müddət keçməsi nəzərə alınaraq iddia müddətinin tətbiq edilməli olduğunu, 2022-ci ilə qədər “Covid 19” pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikasının Baş Nazirinin müvafiq qərarları ilə qapanmalar olduğunu və və həmin dövrlər üzrə borcun hesablanmasının əsassız hesab edilməli olduğunu qeyd etmişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb edilən borc məbləğlərinin hansı dövrlərə aid olması ərizəyə əlavə edilən “Obyektin əməliyyat tarixçəsi”ndə qeyd edilmişdir. Həmin sənəddə, müqavilənin bağlanıldığı dövrdən hazırkı vaxtadək hər bir ay üzrə icarə haqqı və həmin aylar üzrə ödənilmiş icarə haqqı qeyd edilmişdir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı müraciətlə bağlı qeyd edir ki, iş materiallarında olan “Obyektin əməliyyat tarixçəsi”nə əsasən müqavilə üzrə cavabdehin sonuncu ödənişləri xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə təsadüf edir. Bundan əlavə, həmin sənədin məzmunundan aydın olur ki, cavabdeh müqavilənin bağlandığı xx.xx.2018-ci il tarixindən başlayaraq icarə haqlarını əvvəlcə müqavilədə razılaşdırılmış miqdarda, daha sonra isə müxtəlif məbləğlərdə olmaqla ödəmişdir. Mülki qanunvericiliyə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllə, 377.1-ci maddə), eyni zamanda daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir (Mülki Məcəllə, 373.2-ci maddə) və borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (Mülki Məcəllə, 380.1-ci maddə). Göründüyü kimi, cavabdeh tərəfindən sonuncusu xx.xx.2024-cü il tarixi olmaqla hazırkı vaxtadək icarə haqqının qismən də olsa ödənilməsi həyata keçirildiyindən sonuncu ödəniş tarixindən hesablanma aparıldıqda, borcun tələb edilməsi üçün iddia müddəti ötürülməmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş edərkən irəli sürdüyü digər dəlil isə “Covid 19” pandemiyası ilə əlaqədar olaraq 2022-ci ilə qədər qapanmalar tətbiq edilməsi səbəbindən həmin dövrlər üzrə borcun hesablanmasının əsassız hesab edilməli olması barədədir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən bu dəlili də əsassız hesab edir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 190 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində müştərilərə saat 08:00-dan 22:00-dək yerində xidmət 2020-ci il 31 may saat 00:00-dan bərpa olunmuşdur. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının 1.1.2-ci yarımbəndinə əsasən, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər (açıq hava sahəsində müştərilərə yerində xidmətlər istisna olmaqla) üzrə fəaliyyət 2020-ci il 21 iyun saat 00:00-dan 30 sentyabr saat 00:00-dək dayandırılmışdır. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il 151 nömrəli Qərarının 2.2.2-ci yarımbəndinə əsasən, 2021-ci il 10 iyun saat 00:00-dan etibarən iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad edilmiş qərarlarından göründüyü kimi, cavabdehin fəaliyyət sahəsi olan ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin fəaliyyətinə 31 may 2020-ci il tarixindən 21 iyun 2020-ci il tarixinədək icazə verilmiş, bununla əlaqədar tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə aylıq 170 manat olan icarə haqqı günlərin sayına uyğun olaraq 113,33 manat məbləğində hesablanmış, 21 iyun 2020-ci il tarixindən isə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sözügedən fəaliyyət dayandırılmış, 2021-ci il 10 iyun saat 00:00-dan etibarən isə həmin fəaliyyət yenidən bərpa edilmişdir. bununla əlaqədar 2021-ci ilin iyun ayı üzrə aylıq 170 manat olan icarə haqqı günlərin sayına uyğun olaraq 113,33 manat məbləğində hesablanmışdır. Obyektin əməliyyat tarixçəsi ilə, həmçinin müəyyən edilir ki, 2020-ci ilin aprel və may ayları üzrə, ümumiyyətlə icarə haqqı hesablanmamışdır. Cavabdehin nümayəndəsinin izahatında göstərdiyi digər dəlillərlə, yəni mühafizəçilər tərəfindən təzyiq göstərilərək icarə haqlarının tələb edilməsi, cavabdehin icarə haqqı olaraq 220 manat məbləğində ödəniş etməsi kimi hallarla bağlı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.2.5-ci maddəsinə əsasən, həmin fakt və halları təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, həmin Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, iddia tələbinin cavabdehdən 879,47 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (icarə müqaviləsinin 4.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 879,47 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.1.1-ci, 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərində qeyd olunur ki, icarəçi bu müqavilə üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədikdə, 15 (on beş) təqvim günü gözləməklə və gözləmə müddətinə cərimə tətbiq etməklə və ya etməməklə müqaviləni birtərəfli qaydada ləğv etmək, icarəçi obyektdən təyinatına uyğun istifadə etmədikdə və ya onun fəaliyyəti ilə bağlı obyektə ziyan dəydikdə, habelə müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə müqaviləyə xitam vermək icarəyə verənin hüququdur. Digər tərəfdən, Mülki Məcəllənin 685.2.1-ci, 685.2.2-ci və 697.1-ci maddələrinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Göründüyü kimi, cavabdeh icarə müqaviləsi üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədiyindən, həmçinin ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsini gecikdirdiyindən, istər tərəflər arasında bağlanmış müqavilənin şərtləri, istərsə də mülki qanunvericiliyin icarə münasibətlərini tənzimləyən normaları baxımından qiymətləndirmə aparıldıqda, müəyyən edilir ki, iddia tələbinin icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə hissəsi də əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 167,39 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 07 may 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən 66,59 manat və eynitarixli ********** nömrəli ödəniş qəbzinə əsasən isə 100 manat məbləğində hazırkı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənildiyi müəyyən edilir. 07 may 2024-cü il tarixli ********** nömrəli qəbzin məzmunundan aydın olur ki, həmin dövlət rüsumu qiymətləndirilməyən iddia ərizəsinin (iddia tələbinin icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi hissəsi ilə bağlı) verilməsinə görə ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbinin icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi hissəsi təmin edildiyindən və bu tələblə əlaqədar qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənildiyindən, o cümlədən iddia tələbinin icarə borcu ilə bağlı təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 60,66 manat təşkil etdiyindən, həmin məbləğlərin cəmi olan 160,66 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsi üzrə 26 iyul 2024cü il tarixə olan 3866,66 manat məbləğində borc, 200 manat məbləğində cərimə və 160,66 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4227,32 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmin müqaviləyə xitam verilməli və icarə obyekti olan qeyri-yaşayış sahəsi cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsi üzrə 26 iyul 2024-cü il tarixə olan 3866,66 (üç min səkkiz yüz altmış altı manat, altmış altı qəpik) manat məbləğində borc, 200 (iki yüz) manat məbləğində cərimə və 160,66 (yüz altmış manat, altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4227,32 (dörd min iki yüz iyirmi yeddi manat, otuz iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsinə xitam verilsin və icarə obyekti olan qeyri-yaşayış sahəsi cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar