Məhkəmə qərarları › İş №e-2-2(119)-12/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-12/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-12/2025 12.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı verilmiş “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 14702,48 (on dörd min yeddi yüz iki manat, qırx səkkiz qəpik) manat məbləğində əsas borc, 2233,25 (iki min iki yüz otuz üç manat, iyirmi beş qəpik) manat məbləğində faiz bоrcu, 2341,47 (iki min üç yüz qırx bir manat, qırx yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 19277,2 (on doqquz min iki yüz yetmiş yeddi manat, iyirmi qəpik) manat məbləğində borcun, 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının əvəzinin iddiaçının хеyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən 0.23 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və 19277,2 (on doqquz min iki yüz yetmiş yeddi manat, iyirmi qəpik) manat məbləğində borcun, 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının əvəzinin ipoteka predmeti olan torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində xüsusi mülkiyyətdə olan 0.23 ha torpaq sahəsinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 011L**********62 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 21 oktyabr 2021-ci il tarixli 011R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 18 may 2022-ci il tarixdən banka qaytarmamışdır. Krеdit razılaşmasının 4.2.2-ci yarımbəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödənilməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüş, həmçinin Cavabdeh1la bank arasında bağlanılmış 01 sentyabr 2021-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, Xaçmaz rayonunun Mürşüdoba kəndində xüsusi mülkiyyətdə olan 0.23 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları ilə bağlı rəylərə etirazı yoxdur. Cavabdeh2 cavabdeh qismində qeyd olunmasının səbəbi ipoteka predmeti olan torpaq sahəsinə istifadə hüququnun itirilib həmin torpaq sahəsindən çıxardılaraq əmlakın boşaldılması tələbi ilə bağlı olmuşdur. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 011L**********62 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 50000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 20000 manat olan krediti fərdi mikro kredit məqsədilə aylıq 1,9 dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 04 sentyabr 2019-cu il tarixli 011L**********62 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.2.2-ci yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 16 fevral 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 21 oktyabr 2021-ci il tarixli 011R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən, bank ilə kredit alan arasında 04 sentyabr 2019-cu il tarixli 011L**********62 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə 16 fevral 2021-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 21 oktyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Həmin saziş üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 20 fevral 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 011S**********03 nömrəli, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 21 fevral 2020-ci il tarixli 011S**********01 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 3.1-ci bəndlərinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zaminlər kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xəbərdarlıq məktubları göndərilərək 14702,48 manat məbləğində əsas borc, 2030,64 manat məbləğində faiz borcu, 2238,55 manat məbləğində cərimə olmaqla, ümumilikdə 18971,67 manat məbləğində borclarının olduğu bildirilmiş, həmin borcun ödənilməsi tələb edilmişdir. Həmçinin məktublarda 11 noyabr 2022-ci il tarixinə qədər borcun ödənilmədiyi halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi həmin cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə ipoteka qoyan (Cavabdeh1) arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan bu müqavilənin 2.1-ci bəndində qeyd edilən əmlakı (Xaçmaz rayonu, Mürşüdoba kəndində xüsusi mülkiyyətdə olan 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini) 04 sentyabr 2019-cu il tarixdə Xaçmaz şəhərində bağlanmış 011L**********62 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 7000 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 14 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən 0,23 ha torpaq sahəsi 01 sentyabr 2020-ci il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 11 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 19 dekabr 2022-ci il tarixinə iddiaçıya 14702,48 manat məbləğində əsas bоrc, 2233,25 manat məbləğində faiz borcu və 2341,47 manat məbləğində cərimə оlmaqla, cəmi 19277,2 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş 01 noyabr 2023-cü il tarixli 9/6596 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşmasının və 21 oktyabr 2021ci il tarixli əlavə sazişin şərtləri üzrə 19 dekabr 2022-ci il tarixə 14702,22 manat məbləğində əsas, 2784,89 manat məbləğində faiz borcu, 01 avqust 2023-cü il tarixə 14702,22 manat məbləğində əsas, 4870,19 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş 02 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/4250-9/4485 nömrəli ekspert rəyindən görünür ki, Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0.23 ha torpaq sahəsinin likvid dəyəri təqribən 11385 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi, 16 fevral 2021-ci il tarixli kredit razılaşması və 21 oktyabr 2021-ci il tarixli saziş üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin və zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə həmçinin zaminlər Cavabdeh4 və Cavabdeh3 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış kredit razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən 01 noyabr 2023cü il tarixli 9/6596 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit razılaşması üzrə 14702,22 manat məbləğində əsas borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit razılaşması üzrə 14702,48 manat məbləğində əsas borcun tutulması xahiş edilsə də, 01 noyabr 2023-cü il tarixli 9/6596 nömrəli ekspert rəyində əsas borcun məbləği 14702,22 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış kredit razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 01 noyabr 2023-cü il tarixli 9/6596 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 01 noyabr 2023-cü il tarixli 9/6596 nömrəli ekspert rəyində Cavabdeh1 ilə bağlanmış kredit razılaşması üzrə 01 avqust 2023-cü il tarixinə faiz borcunun 4870,19 manat məbləğində olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 2233,25 manat məbləğində faiz borcunun tutulması tələb olunur. Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 2233,25 manat məbləğində faiz borcu tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış faiz borcunun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də həmin kredit razılaşması üzrə faiz borcunun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, cavbadehlərdən iddia tələbi üzrə 2233,25 manat məbləğində faiz borcu tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 16 fevral 2021-ci il tarixli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 14702,22 manat məbləğində əsas bоrc, 2233,25 manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16 fevral 2021-ci il tarixli kredit razılaşması üzrə 2341,47 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (16 fevral 2021-ci il tarixli kredit razılaşmasının 4.2.2-ci yarımbəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq adları qeyd edilən cavabdehlərdən müştərək qaydada 16 fevral 2021-ci il tarixli kredit razılaşması üzrə 740 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçı və Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Xaçmaz rayonunun Mürşüdoba kəndində xüsusi mülkiyyətdə olan 0.23 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş 02 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/4250-9/4485 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 11385 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmənin 12 fevral 2025-ci il tarixli e-2-2(119)-12/2025 nömrəli qərardadı ilə həmin hissədə icraata xitam verilmişdir. Məhkəmə iddia tələbinin iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli krеdit razılaşmasının ləğv edilməsi”nə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 421.2-ci və 421.3-cü bəndlərinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, kreditorun borclulara (cavabdehlərə) xəbərdarlıq məktubları göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir (razılaşmaya vaxtından əvvəl xitam verilərək məhkəməyə müraciət ediləcəyi cavabdehlərə göndərilən pretenziya məktublarının məzmunlarında da ifadə edilmişdir). İddiaçının həmin xəbərdarlıq məktublarını cavabdehlərə göndərməklə tərəflər arasında bağlanmış razılaşma artıq ləğv edilmiş hesab edildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulmasına dair hissəsi ilə bağlı yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 200 manat məbləğində mediasiya xərcinin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 07 aprel 2023-cü il tarixli MŞQ-MT-027-2023-00194 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən cavabdehlər mediasiya sessiyasında iştirak etməmişlər. Eyni zamanda, 30 mart 2023-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 200 manat məbləğində mediasiya xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulması hissəsi təmin edilməli, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya haqqı da həmin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 24 noyabr 2022-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan xidmət haqqının ödənilməsi barədə ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməli, adıçəkilən cavabdehlərdən müştərək qaydada 30 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 143,02 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət mədaxilinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli 9/6596 nömrəli və 02 dekabr 2024-cü il tarixli 3-16- 16/2-10/4250-9/4485 nömrəli ekspert rəylərinə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılan ekspertiza tədqiqatlarının dəyəri, ümumilikdə 150 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 14702,22 manat məbləğində əsas bоrc, 2233,25 manat məbləğində faiz bоrcu, 740 manat məbləğində cərimə, 200 manat məbləğində mediasiya xərcinin, 15 manat məbləğində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun, 30 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 17920,47 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, həmin cavabdehlərdən tutulmalı olan 17920,47 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən 0.23 ha torpaq sahəsinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan 17920,47 manat məbləğində borc ödənilməli, ipoteka predmeti həmin torpaq sahəsinin ilkin satış qiyməti 11385 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, cavabdehlərdən müştərək qaydada dövlət nəfinə 143,02 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16 fevral 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 14702,22 (on dörd min yeddi yüz iki manat, iyirmi iki qəpik) manat məbləğində əsas bоrc, 2233,25 (iki min iki yüz otuz üç manat, iyirmi beş qəpik) manat məbləğində faiz bоrcu, 740 (yeddi yüz qırx) manat məbləğində cərimə, 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 30 (otuz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 17920,47 (on yeddi min doqquz yüz iyirmi manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 17920,47 (on yeddi min doqquz yüz iyirmi manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0.23 ha torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 17920,47 (on yeddi min doqquz yüz iyirmi manat, qırx yeddi qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Xaçmaz rayonu, Mürşüdoba kəndində xüsusi mülkiyyətdə olan 0.23 ha torpaq sahəsinin ilkin satış qiyməti 11385 (on bir min üç yüz səksən beş) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 143,02 (yüz qırx üç manat, iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar