Məhkəmə qərarları › İş №e-2-2(119)-1207/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1207/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1207/2025 05.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 qanuni təmsilçisi, eyni zamanda Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli kredit müqaviləsi üzrə 191212,32 (yüz doxsan bir min iki yüz on iki manat, otuz iki qəpik) manat məbləğində əsas borc, 11217,06 (on bir min iki yüz on yeddi manat, altı qəpik) manat məbləğində müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 457,22 (dörd yüz əlli yeddi manat, iyirmi iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 202886,6 (iki yüz iki min səkkiz yüz səksən altı manat, altmış qəpik) manat məbləğində kredit borcunun, eyni zamanda 492,89 (dörd yüz doxsan iki manat, səksən doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,74 (yetmiş dörd qəpik) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli kredit müqaviləsinə dəyişikliklərin edilməsi haqqında 05 may 2025-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən müqavilənin 1.3-cü bəndi “Borc alanın bu müqavilə üzrə borc verən qarşısında öhdəliklərinin təminatı qismində 28 noyabr 2024-cü il tarixli 7298-DLZ/1 saylı və 05 may 2025-ci il tarixli 7298-DLZ/2 saylı Zaminlik müqavilələri çıxış edir” qeyd edilmişdir. Kredit müqaviləsinin təminatı qismində iddiaçı ilə Cavabdeh2 arasında 28 noyabr 2024-cü il tarixli 7298-DLZ/1 nömrəli, iddiaçı ilə Cavabdeh3 arasında 05 may 2025-ci il tarixli 7298-DLZ/2 nömrəli zaminlik müqavilələri imzalanmışdır. Cavabdeh1 MMC müqavilədə nəzərdə tutulmuş qaydada krediti, ona hesablanmış faiz və cərimə borclarını banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qanuni təmsilçisi, eyni zamanda Cavabdeh3 izahatında borc məbləğini qəbul etdiyini bildirdi və məhkəmədən borcun ödənilməsi üçün ona bir qədər vaxt verilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən (iddiaçı) borc alana (cavabdehə) 36 ay müddətində (xx.xx.2027-ci il tarixədək) 20000 manat məbləğində kreditdən istifadəyə görə illik 16% ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş (dövriyyə vəsaitlərinin artırılması) təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, borc alanın bu müqavilə üzrə borc verən qarşısında öhdəliklərinin təminatı qismində 28 noyabr 2024-cü il tarixli 7298-DLZ/1 nömrəli zaminlik müqaviləsi çıxış edir. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən, kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. Həmin müqavilənin 4.4.3-cü yarımbəndinə əsasən, krediti qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etmək borcalanın öhdəliyidir. Faizlərin ödənilməsi və əsas borcun qaytarılması üzrə borc alanın öhdəlikləri müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın cari hesabına daxil edilməsi üçün borc verənin kassasına mədaxil olunduğu və ya müxbir hesabına daxıl edildiyi gün icra edilmiş hesab edilir. Həmin müqavilənin 4.4.7-ci yarımbəndinə əsasən, kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini təmin etmək üçün müvafiq məbləğdə pul vəsaitlərinin özünün borc verəndəki bank hesablarından, habelə ona çatacaq bütün vəsaitlərdən akseptsiz qaydada silmək və/və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün müvafiq pul vəsaitlərini bloklaşdırmaq hüququnu borc verənə vermək borcalanın öhdəliklərindən biridir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, qanunvericilikdə və ya bu müqavilədə nəzərdə tutulmuş hallarda borc verən kreditin vaxtından əvvəl qaytarılmasını tələb etdikdə və borc alan müqavilənin 3.10-cu bəndində müəyyən olunmuş müddətdə krediti vaxtından əvvəl qaytarmadıqda, həmin müddətin bitdiyi andan kredit üzrə cari tarixə mövcud olan əsas borc məbləği gecikdirilmiş əsas borc kateqoriyasına aid edilir və həmin məbləğə bu müqavilənin 6.2-ci bəndində nəzərdə tutulmuş miqdarda penya hesablana bilər. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 05 may 2025-ci il tarixli 01 nömrəli Əlavə sazişin 2.1.1-ci yarımbəndinə əsasən, müqavilənin 1.3-cü bəndi “Borc alanın bu müqavilə üzrə borc verən qarşısında öhdəliklərinin təminatı qismində 28 noyabr 2024-cü il tarixli 7298-DLZ/1 saylı və 05 may 2025-ci il tarixli 7298-DLZ/2 saylı Zaminlik müqavilələri çıxış edir” məzmunda yeni redaksiyada verilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2024-cü il tarixli 7298-DLZ/1 nömrəli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 05 may 2025-ci il tarixli 7298-DLZ/2 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, bu müqaviləyə müvafiq olaraq zaminlər 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin zaminlik müqavilələrinin 2.3.1-ci yarımbəndlərinə əsasən, zaminlər borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 MMC-nin banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 28 noyabr 2027-ci il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 191212,32 manat məbləğində əsas borc, 11217,35 manat məbləğində faiz borcu, 457,22 manat məbləğində cərimə olmaqla, cəmi 202886,6 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh3 və Cavabdeh2 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 28 noyabr 2024-cü il tarixli 7298- ODM nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 191212,32 manat məbləğində əsas borcun, 11217,06 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli kredit müqaviləsi üzrə 457,22 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin 6.2-ci bəndi) iddiaçı cavabdehlərdən müştərək qaydada cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 492,89 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 20 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 492,89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 492,89 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “0,74 manat məbləğində xidmət haqqının əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı iddia tələbi üzrə iddiaçı tərəfindən 492,89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş 20 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, 0,74 manat məbləğində ödənişi (xidmət haqqı məbləğini) qəbul edən təşkilat elə iddiaçı "xxxx" ASC-nin özüdür. Buna görə də ərizə həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli krеdit müqaviləsi üzrə 191212,32 manat məbləğində əsas bоrc, 11217,06 manat məbləğində faiz bоrcu, 457,22 manat məbləğində cərimə, 492,89 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 203379,49 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1ndən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 28 noyabr 2024-cü il tarixli 7298-ODM nömrəli krеdit müqaviləsi üzrə 191212,32 (yüz doxsan bir min iki yüz on iki manat, otuz iki qəpik) manat məbləğində əsas bоrc, 11217,06 (on bir min iki yüz on yeddi manat, altı qəpik) manat məbləğində faiz bоrcu, 457,22 (dörd yüz əlli yeddi manat, iyirmi iki qəpik) manat məbləğində cərimə, 492,89 (dörd yüz doxsan iki manat, səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 203379,49 (iki yüz üç min üç yüz yetmiş doqquz manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar