Məhkəmə qərarları › İş №e-2-2(119)-1213/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1213/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1213/2024 22.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 06 may 2024-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 729 (yeddi yüz iyirmi doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin təşkilatın əməkdaşları tərəfindən mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən qeyriyaşayış sahəsində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və müəssisədəki qaz cihazlarının gücünün həmin sayğacın maksimal qaz sərfindən çox olması əsas gətirilərək 06 may 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilməklə 729 manat məbləğində cərimə yazılmışdır. Həmin aktın tərtib edilməsini əsassız hesab etdiyi üçün cərimənin silinməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmiş, buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh nümayəndələri mülkiyyətində olan müəssisədə quraşdırılan qaz cihazlarının gücünün sayğacın maksimal qaz sərfindən çox olmasını əsas gətirərək 06 may 2024-ci il tarixli ******* saylı aktla əsassız olaraq 729 manat məbləğində cərimə yazmışlar. Həmin akt tərtib olunan gün o, səhhətində yaranan problemlə əlaqədar müəssisədə olmamış, obyektdə çalışan işçilərdən biri cavabdehin nümayəndələrinin təzyiqi ilə məcbur qalıb aktı imzalamışdır. Fikrincə, müəssisədə qəfədan qaynatmaq üçün olan qızdırıcı artıq quraşdırılmış cihaz hesab edilərək akt tərtib edilmişdir, lakin bu barədə tam dəqiq məlumatı yoxdur. Müəssisədə quraşdırılan qaz cihazlarının gücünün sayğacın maksimal qaz sərfindən çox olduğunu düşünmür. Ona cavabdehin əməkdaşlarından biri şifahi qaydada qaz sərfinin sayğacın maksimal gücündən 1,8-1,9 m3 çox olmasına icazə verildiyini bildirmişdir. Xəstəliyi ilə əlaqədar bir müddət müəssisədə ola bilməmişdir, həmin vaxt müəssisədə işləyən digər işçilərin fəaliyyəti ilə bağlı məlumatı olmamışdır. Lakin o özü müəssisədə olduğu müddətdə özbaşına, qanunsuz heç bir fəaliyyət həyata keçirilməmişdir. Bundan başqa, yeni layihə hazırlanması və sayğacın dəyişdirilməsi böyük maddi xərc tələb edir və həmin prosedurları həyata keçirmək üçün maddi imkanı yoxdur. İddiaçı göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, müvafiq qaydada icazə alındıqdan sonra 06 may 2024-cü il tarixində Cavabdeh Xaçmaz regional qaz istismarı idarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus müəssisədə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın dördlük gücə malik olduğu müəyyən edilmişdir. Abonentin ünvanında restoran tipli “PQ6” cihazı, 24 litr tutuma malik su qızdırıcısı və sac aşkar olunmuşdur. Dördlük gücə malik sayğacın 1 saat ərzində maksimum keçiricilik qabiliyyəti 6 kubmetrdir və bu miqdardan artıq keçən qaz sərfini həmin dördlük gücə malik sayğac ölçə bilmir. Abonentin ünvanında aşkar olunan cihazların uzunluqları və diametrləri nəzərə alınmaqla, 1 saat ərzində müvafiq olaraq 4,8 m3, 2,4 m3 və 1,5 m3 qaz sərf etdikləri müəyyən edilmişdir. Buna görə də cəmi 8,7 m3 qaz sərfiyyatı hesablanmış və həmin rəqəmdən 6 m3 çıxılaraq dördlük gücə malik sayğacın ölçə bilmədiyi qaz sərfiyyatının 2,7 m3 olduğu müəyyən edilmişdir. Dəymiş ziyanın ödənilməsinə dair tələbnamədə göstərildiyi kimi, 2,7 m3 12 saata və 90 günə vurularaq 2916 m3 qaz sərfiyyatı hesablanmış, həmin rəqəm 0,25 manata vurularaq dəymiş ziyana görə ödənilməli məbləğin 729 manat olması müəyyən edilmişdir. İddiaçının izahatında bildirdiyi, yəni qaz sərfinin sayğacın maksimal gücündən 1,8-1,9 m3 çox olmasına icazə verilməsi barədə hər hansı normativ akt və ya sənəd mövcud deyildir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2023-cü ilin may ayında dəyişiklik edilmiş və həmin dəyişikliklə qeyri-qanuni qoşulma hallarından başqa, artıq qaz sərfiyyatının 3 aydan artıq olmayan müddət əsas götürülməklə hesablanmalı olduğu qeyd edilmişdir, məhz buna görə də sayğacın ölçə bilmədiyi qaz sərfiyyatı məhz 90 günə vurulmaqla dəymiş ziyan hesablanmışdır. Sayğacda yoxlamanın 06 may 2024-cü il tarixində aparıldığı halda, abonent saldosunda 729 manat məbləğin hımin ilin aprel ayı üçün qeyd edilməsi isə elektron sistemdə məbləği qeyd edərkən təşkilatın əməkdaşlarının texniki səhvə yol verməsi ilə əlaqədardır. Qaz sərfiyyatının sayğacın gücündən çox olmasında abonentin təqsirinin olub-olmaması barədə bildirir ki, iddiaçı və Cavabdeh arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 4.4-cü bəndinə əsasən, müəssisədə dəmir soba və “PQ6” cihazları quraşdırıla bilər. Yəni iddiaçı müəssisədə həmin müqavilədə qeyd olunan texniki vasitələrin sayına uyğun cihazlar quraşdırmalı idi. Abonent əlavə cihaz quraşdırmaq istəyərsə, podratçı şirkətə, yəni "xxxx" QSC-yə müraciət etməli, ilkin layihə dəyişdirilməli, quraşdırılacaq cihazlar lazımi qaydada qeydə alınmalıdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan 14 sentyabr 2020-ci il tarixli AMX-2373/20 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 1ci bəndinə əsasən, paylayıcı - Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını - Nümayəndə1 keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən, paylayıcının vəzifələri sırasına istehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək daxildir. Həmin müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına daxildir. Həmin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.5-ci yarımbəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək isteklakçının vəzifəsidir. Həmin müqavilənin “Qaz qurğularına aid tələblər” adlanan 4-cü hissəsinin 4-cü bəndinə əsasən, istehlakçının qaz qurğuları 1 (bir) ədəd dəmir soba və 1 (ədəd) PQ tipli qaz plitəsidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş, 06 may 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın “Baxış zamanı istifadə edilən qaz işlədiciləri” bölməsindən görünür ki, baxış zamanı aşkar edilən qaz qurğuları 1 (bir) ədəd sac, 1 (bir) ədəd axımlı su qızdırıcısı və 1 (ədəd) restoran tipli “PQ-6” qaz plitəsidir. Həmin avadanlıqların saatlıq maksimal qaz sərfiyyatları müvafiq olaraq 1,5 m3, 2,4 m3 və 4,2 m3-dir. Aktın “Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd” bölməsində göstərilmişdir ki, müəssisədə quraşdırılan qaz cihazlarının gücü sayğacın maksimal qaz sərfindən çoxdur. Həmin aktın “Tələb” bölməsində isə “dəymiş ziyan hesablanmalı və ödənilməli, habelə, qaz sərfinə uyğun sayğac quraşdırılmalıdır” qeyd edilmişdir. Aktın məzmunundan, həmçinin aydın olur ki, həmin aktın tərtibində istehlakçının nümayəndəsi iştirak etmiş, lakin imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 06 may 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.4-cü, 4.1-ci bəndlərinə, 3.4.1-ci yarımbəndinə, 4.2-ci bəndinə, həmçinin qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.2.6-cı yarımbəndinə istinad edilərək itirilmiş qazın bərpa edilməsi qərarına gəlinmişdir. Həmin aktın “Dəymiş ziyan həcminin hesablanması” bölməsindən görünür ki, “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı yarımbəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 8.7 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılır: 8.7 - 6 = 2.7 x 12 x 90 = 2916 m3. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242107159 nömrəli çıxarışa əsasən, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında iddiaçı Nümayəndə1 məxsus qeyri-yaşayış obyektində (çıxarışda “Kafe” adlandırılmışdır) yoxlama aparılması nəzərdə tutulmuşdur, yoxlamanın predmeti və hüquqi əsasları müqavilə şərtlərinə əməl olunmasının yoxlanılmasıdır. İş materiallarında olan 03 iyun 2024-cü il tarixdə çap olunmuş abonentin saldosunun (abonent kodu: **********00000) “Qalıq və aktlar” sütunu ilə müəyyən edilir ki, cavabdehin sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 2024-cü iln iyun ayının sonuna akt üzrə 729 manat məbləğində borcu mövcuddur. İş materiallarına cavabdeh tərəfindən iddiaçıya məxsus qaz sayğacının və müxtəlif qaz qurğularının (sac, su qızdırıcısı və qaz plitəsi) fotoları əlavə edilmişdir. Tətbiq edilən hüquq:

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər daxildir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

3. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: “Qaz təchizatı haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən; qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır); qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur); istehlakçı - alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. müayinə - istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin 7-ci hissəsinə əsasən, istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3.1-ci və 3.2-ci maddələrində təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

5. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə tədiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: Əsasnamənin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

6. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qaydaların 2.11-1-ci bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək istehlakçının vəzifələrinə daxildir. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü (6.5-1.1); əvvəlki dövrün orta gündəlik qaz sərfi (6.5-1.2); istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası (6.5-1.3). Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü bəndinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla məhkəmə müəyyən etdi ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli Əlavəsinə uyğun tərtib edilmiş 14 sentyabr 2020-ci il tarixli AMX-2373/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Başqa sözlə, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Bundan başqa, müəyyən edildi ki, iş üzrə cavabdeh təşkilatın nümayəndələri 06 may 2024-cü il tarixində iddiaçının mülkiyyətində olan və kafe kimi fəaliyyət göstərən qeyriyaşayış obyektində yoxlama aparmış və həmin tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmişlər. Yoxlama zamanı sözügedən qeyriyaşayış obyektində 1 (bir) ədəd sac, 1 (bir) ədəd axımlı su qızdırıcısı və 1 (ədəd) restoran tipli “PQ-6” qaz plitəsi aşkar edilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, aşkar edilən avadanlıqların saatlıq maksimal qaz sərfiyyatlarının cəmi obyektdə quraşdırılan sayğacın hesablaya biləcəyi maksimal qaz sərfiyyatındən artıqdır. İşin əsas mübahisəli halları aşağıdakılardan ibarətdir: 1) Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış obyektində yoxlama aparılmasının qanuni olub-olmaması; 2) Həmin yoxlama zamanı tərtib edilən aktın əsaslı olub-olmaması. Birinci halla bağlı müəyyən edildi ki, yoxlama keçirilməmişdən əvvəl həmin yoxlamanın aparılması Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. İş materiallarındakı KY242107159 nömrəli çıxarışa əsasən, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında iddiaçıya məxsus qeyri-yaşayış obyektində yoxlama aparılması nəzərdə tutulmuşdur və çıxarışdan görünür ki, yoxlamanın predmeti və hüquqi əsasları müqavilə şərtlərinə əməl olunmasının yoxlanılmasıdır. İşin bu halı ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, “Qazdan istifadə Qaydaları”nın 2.11-1-ci bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifələrindən biridir. Deməli, cavabdeh 06 may 2024-cü il tarixində iddiaçıya məxsus qeyri-yaşayış obyektində yoxlama aparmaqla müqavilənin 2.1.5-ci yarımbəndində nəzərdə tutulmuş vəzifəsini icra etmiş, eyni zamanda bu vəzifəsini yerinə yetirərkən həmin yoxlama tədbirini Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirməklə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə tədiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin, o cümlədən “Qazdan istifadə Qaydaları”nın tələblərini pozmamışdır. İşin mübahisəli ikinci halı ilə bağlı müəyyən edildi ki, aparılan yoxlama zamanı sözügedən qeyri-yaşayış obyektində 1 (bir) ədəd sac, 1 (bir) ədəd axımlı su qızdırıcısı və 1 (ədəd) restoran tipli “PQ-6” qaz plitəsi aşkar edilmişdir və yoxlamanın nəticələrinə dair 06 may 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, aşkar edilən avadanlıqların saatlıq maksimal qaz sərfiyyatlarının cəmi obyektdə quraşdırılan sayğacın hesablaya biləcəyi maksimal qaz sərfiyyatındən artıqdır. Başqa sözlə, quraşdırılmış sayğac həmin avadanlıqların hər üçünün sərf etdiyi təbii qazın həcminin yalnız bir hissəsini hesablamaq gücündədir. İddiaçının quraşdırdığı avadanlıqlar sözügedən akta əlavə edilmiş müvafiq fotoşəkillərlə təsdiq edilməkdədir. Tərəflər arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli AMX-2373/20 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 4.3-cü və 4.4-cü bəndlərində isə istehlakçının qaz qurğularının 1 (bir) ədəd dəmir soba və 1 (ədəd) PQ tipli qaz plitəsi olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı bağladığı müqavilənin şərtlərini pozmuş, mülkiyyətçisi olduğu qeyri-yaşayış obyektində əlavə avadanlıq istifadə etməklə quraşdırılmış sayğacın hesablaya biləcəyi maksimal qaz sərfiyyatından artıq təbii qaz sərf edilməsinə səbəb olmuşdur. Belə olan halda isə müqavilənin 2.3.1-ci (“bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsidir”) və 2.3.5-ci (“təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək isteklakçının vəzifəsidir”) yarımbəndlərinə əsasən iddiaçı cavabdehə dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərtib edilən akta münasibətdə iddiaçı məhkəmə iclasında qeyd etmişdir ki, səhhətində yaranan problemlə əlaqədar bir müddət, o cümlədən akt tərtib edilən gün sözügedən obyektdə ola bilməmiş, obyektdə çalışan işçilərdən biri cavabdehin nümayəndələrinin təzyiqi ilə məcbur qalıb aktı imzalamışdır. Lakin aktın məzmunundan aşkar formada görünür ki, həmin akt iddiaçının nümayəndəsi (aktda istehlakçının nümayəndəsi qeyd edilmişdir) tərəfindən ümumiyyətlə imzalanmamış, imzalamaqdan imtina etməsi barədə qeydiyyat aparılmışdır. Qeyd edilən akta münasibətdə iddiaçı məhkəmə iclasında, həmçinin göstərmişdir ki, “obyektdə qəfədan qaynatmaq üçün olan qızdırıcını artıq quraşdırılmış cihaz hesab edilərək akt tərtib edilmiş, lakin bu barədə tam dəqiq məlumatı yoxdur... Xəstəliyi ilə əlaqədar bir müddət müəssisədə ola bilməmişdir, həmin vaxt müəssisədə işləyən digər işçilərin fəaliyyəti ilə bağlı məlumatı olmamışdır. Lakin o özü müəssisədə olduğu müddətdə özbaşına, qanunsuz heç bir fəaliyyət həyata keçirilməmişdir”. Göründüyü kimi, iddiaçı özü də izahatında mülkiyyətində olan qeyri-yaşayış obyektində əlavə avadanlıq quraşdırılmasını təkzib etməmiş, əksinə belə bir halın mövcud olmasının mümkünlüyünü bildirmişdir. Bütün bu göstərilənlər və şərh edilənlər onu göstərir ki, müqavilə öhdəliyini pozan iddiaçı cavabdehə maddi ziyan vurulmasına səbəb olmuşdur. Belə olduğu halda isə cavabdeh tərəfindən tərtib edilmiş akt əsaslıdır və həmin akt əsasında hesablanmış cərimənin silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar