Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1213/2025 08.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləğində əsas borc, 60 (altmış) manat məbləğində dəbbə pulu və 32,61 (otuz iki manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1292,75 (min iki yüz doxsan iki manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 iyul 2023-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 1200,14 manat məbləğində borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci bəndinə əsasən borclu borc məbləğini 12 iyun 2024-ci il tarixinə qədər 1200,14 manat məbləğində pul vəsaitinin hissəhissə 12 iyul 2023-cü il tarixindən başlayaraq hər ay 100 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Həmin vaxtdan etibarən cavabdeh tərəfindən hər hansı bir ödəniş olunmamışdır. Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan 12 iyun 2024-cü ildən 23 iyun 2025-ci il tarixə kimi hər hansı bir ödəniş olunmadığı üçün 60 manat məbləğində dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2023-cü il tarixli AC-RXA/12-07-23/SN nömrəli “mövcud borcun etirafı haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləğində borcunun olduğunu etiraf edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu Cavabdeh 12 iyul 2023-cü il tarixindən başlayaraq 12 iyun 2024-cü il tarixinə qədər 1200,14 (min iki yüz manat on dörd qəpik) manat borc məbləğini hissə-hissə hər ay 100 (yüz) manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borclu Cavabdeh öhdəlik kimi öz üzərinə götürür ki, müqavilənin təsdiqləndiyi gündən başlayaraq 12 iyun 2024-cü il tarixinə 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləğində borcunu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xəzinəsinə mədaxil edəcəkdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan ərizədə qeyd olunmuşdur ki, müəyyən müddət problemlərinin olması səbəbindən Cavabdeh cəmiyyətə olan borcunu tam şəkildə ödəyə bilməmişdir. Cavabdeh cəmiyyətə hal-hazırda 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Nağd şəkildə pulu olmadığından borcu ödəyə bilmir, bu səbəbdən də borc məbləğini ödəmək üçün 12 iyul 2023-cü il tarixdən 12 iyun 2024-cü il tarixədək qədər 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləği ödəmək üçün ona vaxt verilməsini xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış 12 iyul 2023-cü il tarixli “borc məbləğinin müəyyən edilməsi haqqında” aktda göstərilir ki, 12 iyul 2023-cü il tarixinə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 23 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 iyul 2023-cü il tarixli AC-RXA/12-07-23/SN nömrəli "mövcud borcun etirafı haqqında” müqavilə üzrə 23 iyun 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1260,14 (min iki yüz altmış manat on dörd qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 882.1-ci madəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2-ci madəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 iyul 2023-cü il tarixli AC-RXA/12-07-23/SN nömrəli “mövcud borcun etirafı haqqında” müqavilə imzalanmış, iddiaçı cavabdehə 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləğində borcunun yarandığını etiraf etmiş və 1200,14 (min iki yüz manat on dörd qəpik) manat borc məbləğini 12 iyul 2023-cü il tarixindən başlayaraq 12 iyun 2024-cü il tarixinə qədər hissə-hissə hər ay 100 (yüz) manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh həmin borcunu ödəmədiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış mövcud borcun etirafı haqqında müqavilə üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən 12 iyun 2024-cü ildən 23 iyun 2025-ci il tarixə kimi hər hansı bir ödəniş olunmadığı üçün illik 5 %-lə hesablanmış 60 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göründüyü kimi, istinad edilən maddə qanuna və ya müqaviləyə əsasən borcun üzərinə pul vəsaitindən istifadəyə görə faizlər hesablanması nəzərdə tutulduğu, lakin həmin faizlərin dərəcəsi qanunda və ya müqavilədə müəyyən edilmədiyi halda tutulmalı olan qanuni faizlərin dərəcəsini müəyyən edir. Həmin maddədə nəzərdə tutulan qanuni faizlər öhdəliyin pozulmasına görə mülki məsuliyyət tədbiri hesab edilmir və həmin faizlərin tətbiqi borclunun öz öhdəliyini pozması ilə şərtləndirilmir. Sözügedən faizlər mahiyyət etibarilə pul vəsaitlərin istifadəyə görə haqq olmaqla hüquqi təbiəti kreditdən istifadəyə görə hesablanan faizlərin hüquqi təbiəti ilə eynilik təşkil edir. İş materiallarından isə görünür ki, hazırkı halda cavabdehin 12 iyul 2023-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqaviləsi üzrə borcunun üzərinə faiz hesablanmalı olması müqavilədən irəli gəlmir, eləcə də qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda işin halları Mülki Məcəllənin 439.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Buna görə məhkəmə hesab edir ki, iddianın tələbi həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin 32,61 (otuz iki manat altmış bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddia tələbənin təmin olunmuş hissəsinə uyğun olaraq 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləğində əsas bоrc və 32 (otuz iki) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1232,14 (min iki yüz doxsan iki manat on dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1200,14 (min iki yüz manat on dörd qəpik) manat məbləğində əsas borc və 32 (otuz iki) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1232,14 (min iki yüz doxsan iki manat on dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1213/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1213/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver