Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1220/2021 29.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndələri Nümayəndə, X1 iştirakı ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 şəxsində 13 mart 2019-cu il tarixli, BC-00023- 17/19A nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank cavabdehə biznes məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 5000 manat məbləğində bərpa olunan kredit xətti açmağı və kredit xətti çərivəsində tam şəkildə və hissə-hissə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 13.03.2021-ci il tarixinədək faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 13.03.2019-cu il tarixdə iddiaçıyla SMKZ-0023-17/19A nömrəli zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 MMC kredit xətti müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit xətti müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü gündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz forcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Cavabdehlərin kredit xətti müqaviləsi üzrə 26.05.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 4995,3 manat əsas borc, 1275,64 manat faiz məbləği, 1823,28 manat dəbbə pulu borcu vardır. Beləliklə, cavabdehlərin 26.05.2021-ci il tarixinə ümumi borcu 8094,22 manat təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 şəxsində bağlanmış 13.03.2019-ci il tarixli, BC-00023-17/19A saylı kredit xətti müqaviləsindən irəli gələn 26.05.2021-ci il tarixinə ödənilməmiş 4995,3 manat əsas borc, 1275,64 manat faiz məbləği, 1823,28 manat dəbbə pulu borcu olmaqla ümumilikdə, 8094,22 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Bank "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 13.03.2019-cu il tarixli, BC- 00023-17/19A saylı kredit xətti müqaviləsindən irəli gələn 18.11.2021-ci il tarixinə ödənilməmiş 4995,3 manat əsas borc, 1275,64 manat faiz borcu, 1823,28 manat dəbbə pulu olmaqla ümumilikdə, 8094,22 manat məbləğində borcun, kredit müqaviləsinin müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsinə əsasən, 18.11.2021-ci il tarixinə hesabalanmış 170,67 manat faiz borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək, iddia tələbini müdafiə etdiyini, iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış 13 mart 2019-cu il tarixli, BC-00023- 17/19A nömrəli kredit xətti müqaviləsindən görünür ki, borcverən borcalan üçün 5000 (beş min) AZN ümumi məbləğində illik 23 (iyirmi üç) faizlə 24 (iyirmi dörd) ay müddətinə 13.03.2021-ci il tarixədək bərpa olunan kredit xətti açmağı və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 13.03.2021-ci il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, borcalan tərəfindən istifadə edilmiş kredit üzrə hesablanmış faizlər hər ayın 10-u tarixindən, əsas borc məbləği isə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdən gec olmayaraq ödənilməlidir. Müqavilənin 5.4-cü bəndində borcalan kreditin və ona hesablanmış fazilərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan 13 mart 2019-cu il tarixli, SMKZ-0023-17/19A nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcverən qarşısında borcalanın 13 mart 2019-cu il tarixli, BC-00023-17/19A nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 26 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin 26 may 2021-ci il tarixə banka 4995,3 manat əsas borcu, 1275,64 manat ümumi faiz borcu, 1823,28 manat dəbbə borcu olmaqla, cəmi 8094,22 manat borcu yaranmışdır. İş materiallarında olan iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı 18 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin 18.11.2021ci il tarixə banka 4995,3 manat əsas borcu, 1275,64 manat ümumi faiz borcu, 1823,28 manat dəbbə borcu olmaqla, cəmi 8094,22 manat borcu yaranmışdır. 13.03.2021-ci il tarixə Cavabdeh2 MMC-nin banka əsas borc məbləği 4995,3 manat, ümumilikdə faiz borcu 1045,88 manat, dəbbə borcu 0 manat, cəmi borc 6041,18 manat təşkil edir. 18.11.2021-ci il tarixinə Mərkəzi Bankın uçot dərəcəsinə əsasən, kredit müddəti bitdikdən sonra hesablanmış faiz borcu isə 170,67 təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 MMC və onun direktoru Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı Bank "xxxx" ASCdən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Bank "xxxx" ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və cəriməni cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinənə müqaviq olaraq Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında göstərilmişdir kı, həmin Məcəllənin 399.3-cü maddəsinin birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, əsas borc 4995,3 manat təşkil etdiyi halda, 1823,28 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 200 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, iddiaçı cavabdehdən 4995,3 manat əsas borcun, 1275,64 manat məbləğində faiz borcunun, 1823,28 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etsə də, məhkəməyə göndərilmiş sonuncu maliyyə arayışında faiz borcunun kredit müqaviləsinin müddətinin bitdiyi 13.03.2021-ci il tarixə 1045,88 manat məbləğində hesablandığını nəzərə alaraq, 13.03.2019-cu il tarixli, BC-00023-17/19A nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 4995,3 manat əsas borc, 1045,88 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış 170,67 manat məbləğində vurulmuş zərərin əvəzi və 200 manat məbləğində cərimə tutularaq, iddiaçı Bank "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 4.995,3 manat, müqavilə müddətinin bitdiyi 13.03.2021-ci il tarixə hesablanmış faiz borcu üzrə 1.045,88 manat, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış 170,67 manat məbləğində vurulmuş zərərin əvəzi və 200 manat məbləğində cərimə tutularaq, iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 20%-i iddiaçıya, 80%-i cavabdehlərə aid edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat məbləğin 20%-i iddiaçıya, 80%-i cavabdehlərə aid edilsin. Cavabdehlərdən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 80 manat pul müştərək qaydada tutularaq, iddiaçıya ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq 24 manat, bank xidməti haqqına görə ödənilmiş 0,40 manat məbləğə 0,32 manat cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-1220/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1220/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver