Məhkəmə qərarları › İş №e-2-2(119)-1222/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1222/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1222/2023 30.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 730,59 manat məbləğində əsas borc, 66,62 manat məbləğində faiz borcu, 28,49 manat məbləğində cərimə olmaqla, cəmi 825,70 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında 17 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin şərtlərinin pozulması, eyni zamanda borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülkiprossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsinin 1-ci bəndinə görə bank məbləği 2000 manat olan krediti aylıq faiz dərəcəsi 2,25 % olmaqla 18 ay müddətidə Cavabdeh2 verir. Kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin müqavilənin 4.2.3-cü bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunu son ödəniş tarixi 19 iyun 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli 011G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 17 dekabr 2021-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 21 avqust 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 730,59 manat məbləğində əsas bоrc, 66,62 manat məbləğində faiz borcu və 28,49 manat məbləğində cərimə оlmaqla, cəmi 825,7 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN: **********) 17 dekabr 2021-ci il tarixli 011A********** nömrəli krеdit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Borcalan Cavabdeh2 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən zamin Cavabdeh1 da borcverən bank qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 730,59 (yeddi yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrcun, 66,62 (altmış altı manat altmış iki qəpik) manat məbləğində faiz borcunun və 28,49 (iyirmi səkkiz manat qırx doqquz qəpik) manat məbləğində cərimənin tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 730,59 (yeddi yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc, 66,62 (altmış altı manat altmış iki qəpik) manat məbləğində faiz borcu və 28,49 (iyirmi səkkiz manat qırx doqquz qəpik) manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 730,59 (yeddi yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc, 66,62 (altmış altı manat altmış iki qəpik) manat məbləğində faiz borcu, 28,49 (iyirmi səkkiz manat qırx doqquz qəpik) manat məbləğində cərimə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 855,70 (səkkiz yüz əlli beş manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar