Məhkəmə qərarları › İş №e-2-2(119)-1224/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1224/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1224/2025 13.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1285 (min iki yüz səksən beş) manat məbləğində əsas borc, 0,65 (altmış beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1285,65 (iki yüz səksən beş manat altmış beş qəpik) manat məbləğində borcun və 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun tutularaq iddaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh arasında 30 aprel 2022-ci il tarixli 00211M nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə illik 1% olmaqla 36 ay müddətinə 1285 (min iki yüz səksən beş) manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən cavabdeh qalıq 1285 (min iki yüz səksən beş) manat məbləğində əsas borcun və ona hesablanmış faizləri qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş və nəticədə onun banka 1285 (min iki yüz səksən beş) manat məbləğində əsas borc, 0,65 (altmış beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1285,65 (min iki yüz səksən beş manat altmış beş qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlər göndərilərək xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş, onların tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə birgə borclular Cavabdeh, X3 və X4 arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli 074 nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən kredit verən tərəfindən heyvandarlıq məqsədi ilə 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə Cavabdeh 1000 (min) manat, X1 1000 (min) manat və X2 500 (beş yüz) manat olmaqla, cəmi 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçir. İş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2022-ci il tarixli 00211M nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsinin predmet hissəsində bu müqavilənin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-ci ilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə yaranmış və ödənilməmiş vaxtı keçmiş kredit borcların restrukturizasiya edilməsi barədə" "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 09 iyul 2021-ci il tarixli 04 saylı Protokol 96 saylı Qərarının icrası ilə əlaqədar olaraq borclunun kreditora olan vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə bu müqavilədə göstərilən şərtlər əsasında ödənilməsinə şərait yaradılması məqsədi ilə bağlanıldığı qeyd edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər borclunun "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 30 aprel 2022-ci il tarixli 00211M nömrəli kredit müqaviləsinə əsasən aldığı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında "Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kreditora ötürülmüş kredit borcu üzrə ödənilməmiş qalan vaxtı keçmiş 1285 (min iki yüz səksən beş) manat məbləğində əsas borc, 1649,44 (min altı yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2934,44 (iki min doqquz yüz otuz dörd manat qırx dörd qəpik) manat məbləğində borcun olmasını təsdiq edirlər. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kreditor borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1285 (min iki yüz səksən beş) manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 3 (üç) il müddətinədək uzadılmasını, bununla əlaqdar olaraq sözügedən kredit üzrə bundan əvvəl borcluya hesablanmış və ödənilməmiş 1649,44 (min altı yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində faiz borcunun onun şəxsi hesabındakı uçotdan çıxarılmasını təmin edir, borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 1285 (min iki yüz səksən beş) manat məbləğində əsas borcunu və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan borcunun son ödəniş tarixi 2025-ci ilin may ayı olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli borcalan Cavabdeh imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan maliyyə arayışında göstərilir ki, Cavabdeh 10 fevral 2025-ci il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 1285 (min iki yüz səksən beş) manat məbləğində əsas borcu və 0,65 (altmış beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1285,65 (iki yüz səksən beş manat altmış beş qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh 30 aprel 2022-ci il tarixli 00211M nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borclar iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1285 (min iki yüz səksən beş) manat məbləğində əsas borcun və 0,65 (altmış beş qəpik) manat məbləğində faiz borcunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun cababdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 13 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia həmin hissədə də təmin edilməli, 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1285 (min iki yüz səksən beş) manat məbləğində əsas borc, 0,65 (altmış beş qəpik) manat məbləğində faiz borcu və 33 (otuz üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1318,65 (min üç yüz on səkkiz manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1285 (min iki yüz səksən beş) manat məbləğində əsas borc, 0,65 (altmış beş qəpik) manat məbləğində faiz borcu və 33 (otuz üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1318,65 (min üç yüz on səkkiz manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar