Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1234/2024 24.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı verilmiş “müqavilə üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında qaydasında Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 225,13 (iki yüz iyirmi beş ABŞ dolları on üç sent) ABŞ dolları əsas borc, 61,95 (altmış bir ABŞ dolları doxsan beş sent) ABŞ dolları faiz borcu, 851,82 (səkkiz yüz əlli bir ABŞ dolları səksən iki sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30,66 (otuz ABŞ dolları altmış altı sent) ABŞ dolları faiz borcunun və 39,89 (otuz doqquz manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cəmi 1169,56 (min yüz altmış doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 13 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər üzrə cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli e-2-2(119)-1234/2024 nömrəli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 18 ay müddətinə illik 31,5 faiz dərəcəsi ilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 10 aprel 2015-ci il tarixli 01 nömrəli Əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1471,89 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 13 iyul 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişə əsasən, kreditin müddəti isə 13 iyul 2021-ci il tarixədək müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli İddiaçı ASC-nin müflis elan ediməsi və iflas proseduruna başlanılması ilə bağlı qərarı kütləvi informasiya vasitələrində dərc edilmiş və ictimaiyyət bu barədə məlumatlandırılmışdır, yəni İddiaçı ASC-nin bağlanması cavabdehi öhdəliyindən azad etmir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, İddiaçı ASC-nin Xırdalan filialında bağladığı kredit müqaviləsi üzrə hər ay İddiaçı ASC-nin müvafiq filialına gedərək ödənişləri həyata keçirmiş, sonradan bank bağlanmış və ödəniş edəcəyi ünvanla bağlı heç bir məlumat verilmədiyinə görə ödənişləri həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, borc məbləğinin faiz hissəsi silinməli olmasına baxmayaraq, iddiaçı təşkilat bunu da nəzərə almamışdır. Məhkəmə proses iştirakçlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh Səbirə Ağasıyeva arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor (İddiaçı ASC) borcalana (Sabirə Ağasıyevaya) 1900 (bir min doqquz yüz) ABŞ dolları məbləğində kredit verir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kreditin istifadəsinə görə borcalan kreditora illik 31,5 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 32,962 (otuz iki tam mində doquz yüz altmış iki) faiz təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 63 (altmış üç) faiz dərəcəsilə, aylıq isə 5,25 (bes tam yüzdə iyirmi bes) faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecirildikdiyi halda), gecikdirilən məbləğə (kreditin və faizinin ödənilməmiş hissəsinə) görə kreditora cərimə ödəyir. Cərimə gecikdirilən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. Cərimənin və zərərin əvəzinin ödənilməsi borcalanı bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. Həmin müqavilənin 3.9-cu bəndinə əsasən, xarici valyuta ilə verilmiş kredit manatla ödənilərkən həmin məbləğ kredit ödənilən günə İddiaçı ASC-nin nağd valyutanın alğısatqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə konvertasiya edilərək borcun ödənilməsinə yönəldilir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən, cavabdeh Səbirə Ağasıyevanın banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 13 aprel 2016-cı il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 13 oktyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə 10 aprel 2015-ci il tarixli 01 nömrəli Əlavə sazişin 2.1-ci bəndinə əsasən, kreditorun borcalana 1900 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 1471,89 ABŞ dolları təşkil edir. Bu əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan 480002004-ci kredit hesabı üzrə qrafikə əsasən, cavabdehin son ödəmə tarixi 21 fevral 2017-ci il olmaqla tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 13 oktyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə 13 iyul 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişin 2.1-ci bəndinə əsasən, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci ilədək təşkil edir. Əlavə edilmiş aylıq qrafikə əsasən cavabdehin son ödəmə tarixi 13 iyul 2021-ci il olmaqla tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 07 may 2024-cü il tarixli **********19 nömrəli maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya 30 aprel 2024-cü il tarixinə 225,13 ABŞ dolları əsas borc, 61,95 ABŞ dolları faiz borcu, 851,82 ABŞ dolları cərimə borcu, 30,66 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC-dən təqdim edilmiş Azərbaycan Kredit Bürosundan çıxarışın 3.11-ci bəndində cavabdehin iddiaçıya icra edilməmiş öhdəliyinin olduğu görünür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh Sabirə Ağasıyeva 13 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona Əlavə sazişlər üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək banka olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən 225,13 ABŞ dolları məbləğində borc, 61,95 ABŞ dolları məbləğində faiz borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən hesablanmış 30,66 ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 851,82 ABŞ dolları cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 851,82 ABŞ dolları məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 12 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin 39,89 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 04 iyul 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 39,89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 225,13 ABŞ dolları məbləğində əsas borc, 61,95 ABŞ dolları məbləğində faiz borcu, 12 ABŞ dolları məbləğində cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30,66 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 329,74 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 225,13 (iki yüz iyirmi beş ABŞ dolları, on üç sent) ABŞ dolları məbləğində əsas borc, 61,95 (altmış bir ABŞ dolları, doxsan beş sent) ABŞ dolları məbləğində faiz borcu, 12 (on iki) ABŞ dolları məbləğində cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30,66 (otuz ABŞ dolları, altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 329,74 (üç yüz iyirmi doqquz ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1234/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1234/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver