Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1246/2024 01.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Səbuhi qızının iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 22 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, kredit verən "xxxx" ASC ilə kredit alan Cavabdeh3 arasında bağlanmış 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A nömrəli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Zeydull oğlundan müştərək qaydada həmin kredit müqaviləsindən irəli gələn 01 aprel 2024-cü il tarixə ödənilməmiş 8071,48 manat əsas borc, 321,39 manat faiz borcu və 96,88 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 8489,75 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun və 0,4 manat məbləğində bank xidməti haqqının əvəzinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş (e-2(060)- 3361/2024 nömrəli mülki iş) və iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən "xxxx" ASC ilə kredit alan Cavabdeh3 arasında bağlanmış 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A saylı kredit müqaviləsinə əsasən ona Bank tərəfindən 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. Həmin Kreditin təminatı qismində Bankla zamin qismində Cavabdeh1 arasında 26 avqust 2022-ci il tarixli MKZ-00048-17/22A saylı Zaminlik müqaviləsi və zamin qismində Cavabdeh2 ilə 26 avqust 2022-ci il tarixli MKZ2-00048- 17/22A saylı Zaminlik müqaviləsi bağlanmış və onlar kredit alan Cavabdeh3 həmin kredit müqaviləsi üzrə aldığı kreditinə zamin durmuşlar. Kredit alan müvafiq qaydada kredit borcunu ödəmədiyi üçün onun 01 aprel 2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 8071,48 manat, faiz borcu 321,39 manat, dəbbə pulu 96,88 manat olmaqla, cəmi borcu 8489,75 manat təşkil etmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit alan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməyərək, kreditin ödənilməsində gecikməyə səbəb olmuşlar. Ona görə də, iddiaçı cavabdehlərlə arasında olar müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4-cü bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli e-2(060)-3361/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mübahisə kommersiya mübahisəsi olduğuna görə, həmin iddia ərizəsinə dair e-2(060)- 3361/2024 nömrəli iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin iş 08 iyul 2024-cü ildə Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, kredit verən Bank "xxxx" ASC ilə kredit alan Cavabdeh3 arasında bağlanmış 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A nömrəli kredit müqaviləsi üzrə 01 oktyabr 2024-cü il tarixə ödənilməmiş 7501,75 (yeddi min beş yüz bir manat 75 qəpik) manat məbləğindfə əsas borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumunun və 0,4 (40 qəpik) manat məbləğində bank xidməti haqqının əvəzinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - məhkəmə prosesi gedişi zamanı cavabdeh tərəfindən tələb edilən borc üzrə müəyyən məbləğdə ödənişin edilməsi və bununla da, əsas borcun azalması, tələb edilən faiz və cərimə borclarının isə tamamilə silinməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsində keçirilən məhkəmə baxış iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə verilən iddia tələbinin təmin olunması və kredit verən Bank "xxxx" ASC ilə kredit alan Cavabdeh3 arasında bağlanmış 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A nömrəli kredit müqaviləsi üzrə 01 oktyabr 2024-cü il tarixə ödənilməmiş 7501,75 manat məbləğindfə əsas borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun və 0,4 manat məbləğində bank xidməti haqqının əvəzinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, hazırkı iş üzrə məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh3 tərəfindən 18 iyul 2024-cü ildə 988 manat məbləğində ödəniş edilmiş və həmin ödənişin 569,73 manat hissəsi əsas borca, 321,39 manat hissəsi faiz borcuna və 96,88 manat hissəsi cərimə borcuna silinmiş olduğundan, hal-hazırda Cavabdeh3 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A nömrəli kredit müqaviləsi üzrə cəmi 7501,75 manat məbləğində əsas borcu ödənilməmiş və ona görə də, iddiaçı tərəfindən iddia tələbi azaldılaraq cavabdehlərdən cəmi 7501,75 manat məbləğində əsas borcun tutulması tələb olunur. Eyni zamanda, məhkəmə prosesi gedişi zamanı 26 avqust 2022-ci il tarixli MK- 00048-17/22A nömrəli Kredit Müqaviləsinin müddəti 26 avqust 2024-cü ildə bitmiş olduğundan, həmin müqavilənin ləğv edilməsinə də ehtiyac qalmamışdır. Buna görə də, “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə “müqavilənin ləğvinə dair” iddia tələbindən də imtina olunmuşdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A nömrəli Kredit Müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Borc alan” olmaqla, bağlanaraq imzalanıb-təsdiqlənmiş həmin Müqaviləyə əsasən “dövriyyə vəsaitinin alınması və cari xərclər” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 (VÖEN **********) 24 ay müddətinə illik 23 % dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, kreditin və kreditdən istifadəyə görə faizlərin Borcalan tərəfindən Borcverənə qaytarılması qaydası bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı Əlavədə (ödəniş cədvəlində) müəyyən olunur. Müqavilə üzrə kredit kredit xətti kimi verilərsə Kredit məbləği kreditin istifadə müddəti ərzində istənilən vaxt qaytarıla bilər, kredit üzrə faizlər isə hər növbəti ayın kreditin götürüldüyü günündən gec olmayaraq ödənilməlidir (Məsələn, kredit 15 yanvar tarixində götürülübsə faizlər hər növbəti ayın 15-dən gec olmayaraq ödənilməlidir). Həmin Müqavilənin 3.1.1-ci bəndinə əsasən, Borcverən Borcalanın bu Müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə, krediti qaytarılan günə hesablanmış faizlə birlikdə qaytarılmasını Borcalandan tələb edə, tələb icra olunmadıqda tələbi təminata (girov, ipoteka və s.) yönəldə bilər: a) Borcalan krediti və\və ya onun filizlərinin ödənilməsi dövriliyini il ərzində ardıcıl iki dəfə yaxud il ərzində ümumilikdə üç dəfə və ya daha artıq pozduqda, b) Borcalanın maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti Borcalanın fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, e) Borclunun tərəfindən Borcverəni aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən Borcalanın özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyini vaxtında və ya lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və ya təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, d) Borcalan Borcverən tərəfindən verilmiş kreditlə və/və ya Borcalanın maliyyə vəziyyəti ilə bağlı yoxlamaların (monitorinq) aparılmasına hər hansı bir şəkildə maneçilik törətdikdə, e) Kreditdən məqsədli təyinatına uyğun istifadə edilmədikdə, f) Borcverən tərəfindən bu müqavilənin 3.1.2 bəndinə əsasən müəyyən edilən yeni faiz dərəcəsinin tətbiqi ilə Borcalan razı olmadıqda, g) İpoteka qoyan tərəfindən ipoteka predmetinin qorunması və lazımi qaydada saxlanılması üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi, girov (ipoteka) predmetinin məhv olması, qiymətinin azalması və məcburi alınması halında. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, bu Müqavilənin 3.1.1-ci bəndinin C yarımbəndində nəzərdə tutulmuş hallarda və/ və ya Borcalan tərəfindən kreditin təyinatı üzrə istifadə edilməməsi aşkar olunduqda Borcverən yaranmış borcun dərhal qaytarılmasını tələb elməklə yanaşı Borcalana qarşı istifadə edilmiş kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək əsas borc üzrə qalıq məbləğinin 0,1 %-i həcmində gündəlik cərimə hesablanır. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 26 avqust 2022-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1048 manat məbləğində olmaqla) və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. X1 əsasən kreditin tam qaytarılması üçün nəzərdə tutulan ödənişin son tarixi 26 avqust 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan, borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti və müvafiq olaraq zaminlər Cavabdeh1 və Cavabdeh2 ilə ayrı-ayrılıqda bağlanmış 26 avqust 2022-ci il tarixli MKZ-00048-17/22A nömrəli və 26 avqust 2022-ci il tarixli MKZ2-00048-17/22A nömrəli Zaminlik Müqavilələrindən görünür ki, həmin Müqavilələr üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 olaraq kredit alan Cavabdeh3 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında Borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır (həmin müqavilələrin 2.1-ci bəndi). İş materiallarında olan 01 aprel 2024-cü il tarixli RİED-2024/1199 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 26 avqust 2022-ci il tarixli MK- 00048-17/22A nömrəli Kredit Müqaviləsi üzrə 01 aprel 2024-cü il tarixə borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 8071,48 manat məbləğində əsas borcu, 321,39 manat məbləğində faiz borcu və 96,88 manat məbləğində dəbbə pulu borcu olmuşdur. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli RİED-2024/3732 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 26 avqust 2022-ci il tarixli MK- 00048-17/22A nömrəli Kredit Müqaviləsi üzrə 01 oktyabr 2024-cü il tarixə borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 7501,75 manat məbləğində əsas borcu vardır (Cavabdeh3 tərəfindən 18 iyul 2024-cü ildə 988 manat məbləğində ödəniş edilmiş və həmin ödənişin 569,73 manat hissəsi əsas borca, 321,39 manat hissəsi və 96,88 manat hissəsi isə dəbbə pulu borcuna silinmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh3 (VÖEN **********) və zaminlər (cavabdeh) Cavabdeh1 və (cavabdeh) Cavabdeh2 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A nömrəli Kredit Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən "xxxx" ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən "xxxx" ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Ona görə də, 26 avqust 2022-ci il tarixli MK-00048-17/22A nömrəli Kredit Müqaviləsi üzrə cəmi 20000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh3 01 oktyabr 2024-cü il tarixə cəmi 7501,75 manat məbləğində əsas borcun cavabdehlərdən (borcalan Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh2) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi və “iddia tələbinin həcminin azaldılması” ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən Dövlət Büdcəsinə 105 (yüz beş) manat məbləğində dövlət rüsumu və 0,4 (40 qəpik) manat məbləğində bank xidməti haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7501,75 manat məbləğində əsas borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh3 (VÖEN **********) Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) müştərək qaydada 7501,75 manat məbləğində əsas borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumunun əvəzi və 0,4 (40 qəpik) manat məbləğində ödənilmiş xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) müştərək qaydada 7501,75 (yeddi min beş yüz bir manat 75 qəpik) manat məbləğində əsas borc, 105 (yüz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 (40 qəpik) manat məbləğində ödənilmiş xidmət haqqının əvəzi olmaqla, cəmi 7607,15 (yeddi min altı yüz yeddi manat 15 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1246/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1246/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver