Məhkəmə qərarları › İş №e-2-2(119)-1268/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1268/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1268/2025 11.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Şamaxı Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair e-2(074)-1079/2025 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı 20 may 2025-ci il tarixində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək 700 (yeddi yüz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı olan Şamaxı rayon sakini Cavabdeh 700 manat məbləğində borc pul vermişdir. Bu halı Cavabdeh öz xətti və imzası ilə yazdığı əlyazma (iltizam) təsdiq edir. Cavabdeh ona verilən borcu 21 mart 2024-cü il tarixinədək ödəyəcəyini vəd etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə yayınaraq borc məbləğini ödəməmişdir. Hətta iddiaçı ona dəfələrlə borc məbləğini hissə-hissə ödəməyi təklif etsə də, cavabdeh bu təkliflə də razılaşmamış, borcu ödəməkdən yayınmışdır. Bununla əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Şamaxı Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli e-2(074)-1079/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "borcun tutulması" tələbi barədə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli e-2(074)-1079/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsi üzrə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin qərardad tərəflərin hər ikisi VÖEN-ə malik olduğundan tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması ilə əsaslandırmışdır. Məhkəmə e-2(074)-1079/2025 nömrəli mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ididaçı İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsinə kommersiya məhkəməsində baxılmalı olması mübahisəli olduğundan, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin hər bir proses iştirakçısına aid “Vergi məlumatları” bölməsindən görünür ki, İddiaçı **********, Cavabdeh isə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) əldə etməklə “Fəaliyyət istiqamətləri” olaraq “Taksi fəaliyyəti” kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi qeydiyyatdan keçmişdirlər. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli iltizamın məzmununda iş üzrə Cavabdeh İddiaçı 700 manat məbləğində borc aldığını, həmin borcu 01 mart 2024-cü il tarixinə qədər qaytaracağına söz verdiyini qeyd etmişdir. Təqdim edilmiş iddia ərizəsinin məzmununda, eləcə də tərəflər arasında bağlanmış və hazırkı iddianın faktiki əsasını təşkil edən cavabdeh tərəfindən iddiaçıya verilmiş iltizamın məzmununda borcun təyinatının məhz sahibkarlıq xarakterli olması, yəni həmin borc məbləğinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilməsini təsdiq edən hər hansı hal nəzərdə tutulmamışdır. Məhz borcun təyinatı barədə konkret məlumatın olmaması və iddia ərizəsinin məzmununda iddiaaçının cavabdehi “tanışı” olaraq təqdim etməsi, hər ikisinin eyni sahə (taksi fəaliyyəti) üzrə qeydiyyatdan keçməsi borcun sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, məhz şəxsi münasibətlər zəminində verildiyi qənaətinə gəlmək üçün kifayət qədər güclü əsaslar yaradır. Nəzərə alınmalıdır ki, işə kommersiya məhkəməsində baxılması üçün tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının müəyyən edilməsi kifayət etmir, məhkəmə müstəvisinə çıxmış mübahisə tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməlidir. Başqa sözlə, mülki-prosessual qanunvericilik işə kommersiya məhkəməsində baxılması üçün, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Mülki Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndinin ikinci cümləsində qeyd edilir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Yuxarıda istinad edilənləri - işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə 18 yanvar 2024-cü il tarixli iltizama əsasən iddiaçı tərəfindən cavabdehə verilmiş borc məbləğinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar verilməsi həmin iltizamın məzmunu və digər iş materialları ilə təsdiq edilmədiyindən mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməyə imkan verən üç qiymətləndirici meyarın, yəni tərəflərin subyekt tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı yaranmır. Bu isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən qərarının 10-cu bəndində göstərildiyi kimi, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün bağlılığının tələb edilməsi barədə qaydaya ziddir. Məhkəmə, həmçinin qeyd edir ki, istinad edilən Plenum qərarının 11-ci bəndində göstərildiyi kimi, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar olduğundan hazırkı mübahisə baxımından bu meyar üzrə qiymətləndirmə aparıldıqda, mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, borc məbləğinin sahibkarlıq fəaliyyətində istifadə üçün verilməməsi səbəbindən işə kommersiya məhkəməsində baxılmamalıdır. Yuxarıda qeyd olunanlardan görünür ki, hazırkı mülki iş üzrə yaranmış mübahisənin kommersiya mübahisəsi kimi qəbul edilməsi, eyni zamanda həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir və bununla əlaqədar işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması məhkəmələr arasında fikir ayrılığı yaradır. Belə olduğu təqdirdə həmin iş kassasiya instansiyası məhkəməsinə göndərilməli və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilməlidir. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D I: Şamaxı Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair e-2(074)-1079/2025 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar